“Media öz missiyasını layiqincə yerinə yetirir” — Mətbuat Şurasının sədri

Əflatun Amaşov: “Ölkə başçısı tənqidi medianın fəaliyyətini yüksək qiymətləndirir”


“Kimin pis, kimin yaxşı iş tutduğunu insanlara məhz media çatdırır”


“Siyavuş Novruzovun qaldırdığı məsələ mediamızda öz əksini tapıb”
 

Xəbər verdiyimiz kimi, millət vəkili Siyavuş Novruzov dövlətə, dövlətçiliyə, eləcə də ölkə başçısına yönəlik hücumlarla bağlı hər kəsin aktivlik sərgiləməsi, mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.


Maraqlıdır, Azərbaycan mediası bu məsələdə yetərincə aktivlik sərgiləyirmi? Milli mediamızın bu hücumların dəf edilməsi, onların adekvat şəkildə cavablandırılması baxımından ortaya qoyduğu fəaliyyət nə dərəcədə qənaətbəxşdir? Ümumiyyətlə, mediamız cəmiyəti informasiya ilə təmin etmək, onu məlumatlandırmaq missiyasının öhdəsindən lazımınca gələ bilirmi?


Moderator.az olaraq millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.
 

- Əflatun bəy, Azərbaycan mediasının peşəkarlıq səviyyəsi Sizi qane edirmi? Media baş verən olayları cəmiyyətə lazımi çeviklik və dəqiqliklə çatdıra bilirmi?
 

- Azərbaycan mətbuatı kifayət qədər peşəkar mətbuatdır. KİV-lərimizdə kifayət qədər peşəkar jurnalist çalışır. Azərbaycan mətbuatı milli mətbuatdır. Ölkədə baş verən problemləri kifayət qədər obyektiv işıqlandırır və ölkə ictimaiyyətinə çatdırır. Ölkədə baş verən hər bir taleyüklü olay mediamızın diqqət mərkəzində olur. Mediamız beynəlxalq aləmdə Azərbaycanla bağlı məsələlərdə ümumi maraqlar baxımından çıxış edir. Dünyanın əksər ölkələrində media orqanları məhz bu sayaq fəaliyyət göstərirlər. Bu baxımdan Azərbaycan mediasının faəliyyətini qənaətbəxş hesab edirəm.
 

- Bəs mediamız obyektivlik məsələsinə nə dərəcədə həssas yanaşır? Milli mediamız hadisə və olayların mahiyyətini təhrif etmədən ictimaiyyətə çatdıra bilirmi?
 

- Media cəmiyyətdə baş verən olayları öz süzgəcindən keçirir və bundan sonra ictimaiyyətə çatdırır. Yəni hər bir olaya obyektiv yanaşır. Bununla da media öz missiyasını kifayət qədər yerinə yetirmiş olur. Medianın vəzifəsi bunlardan ibarətdir. Həyatda, cəmiyyətdə nə baş verirsə onları işıqlandırmaq, onları ictimaiyyətə çatdırmaq... Bu məsələdə obyektivliyin qorunması mühüm şərtdir və mediamız bu şərtə əməl edir.
 

- Bütün sivil ölkələrdə tənqidi medianın fəaliyyətinə xüsusi diqqət yetirilir, hətta bəzi neqativ olaylar, cinayətlər medianın ortaya çıxardığı ipucları əsasında aşkarlanır. Sizcə, ölkəmizdə tənqidi media ilə bağlı vəziyyət nə yerdədir?
 

- Təkcə bir fakta diqqət çəkim ki, cənab prezident jurnalistlərlə görüşlərinin birində mediamızın fəaliyyətini qiymətləndirərkən vurğulamışdı ki, bəzi məsələlərlə bağlı məhz media vasitəsi ilə məlumat alır, bəzi olayları mediadan öyrənir. Ölkə başçısı medianın, xüsusilə də tənqidi medianın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı. Hesab edirəm ki, ölkə başçısının bu fikri mediamıza, onun fəaliyyətinə verilən ən yüksək qiymətdir.
 

- Bu günlərdə millət vəkili Siyavuş Novruzov dövlətə, dövlətçiliyə və ölkə başçısına yönəlik hücumlar fonunda hər kəsin, xüsusilə də dövlətdə vaxtiylə yüksək vəzifələr tutan şəxslərin səssiz qalamaması gərəkdiyini vurğuladı. Sizcə mediamız bu qəbildən olan hücumların dəf edilməsi, bu hücumların arxasında duran qüvvələrin ifşa edilməsində lazımi aktivlik sərgiləyirmi?
 

- Hesab edirəm ki, Siyavuş müəllimin qeyd etdiyi məsələ Azərbaycan mediasında öz əksini tapır. Media baş verən olayları obyektiv şəkildə işıqlandırmaqla öz missiyasını yeinə yetirmiş olur. Əgər media doğrudan da baş verən olayları düzgün göstərirsə, ictimiayyəti bu olaylar haqqında məlumatlandırısa, ictimaiyyət bu məlumatlar əsasında kimin pis, kiminsə yaxşı iş tutduğunu bilirsə, hadisələrə tənqidi baxımdan yanaşırsa, deməli, bu fəaliyyət nəticəsində cəmiyyətdə, eləcə də  ayrı-ayrı dövlət qurumlarında bu hadisələrlə bağlı aydın təsəvvür yaradır. Medianın qaldırdığı, toxunduğu neqativ olaylar isə əlaqədar qurumlar, eləcə də hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilər. Onlar bununla həmin olaylara hüquqi qiymət verə bilərlər.


Mediamız ölkədə keçirilən mühüm islahatlar, habelə ölkə başçısının fəaliyyəti haqında cəmiyyətə dolğun informasiya verir. Habelə, ictimai-siyasi, iqtisadi-mədəni və s. sahələrdə baş verən olaylar haqqında da cəmiyyətə ətraflı məlumat verir. Yəni media öz missiyasını lazımınca yerinə yetirir. Hər kəs, eləcə də dövlət və qeyri-dövlət qurumları, təşkilat və partiyalar məhz medianın yaydığı məlumatlar əsasında informasiya əldə edir, məhz bu məlumatlar əsasında bilgilənirlər. Medianın vəzifəsi baş verən olaylarla bağlı cəmiyyətdə təsəvvür yaratmaqdadır. Məncə media öz işinin öhdəsindən lazımınca gəlir.
 

- Medianı həm də “dördüncü hakimiyyət” adlandırırlar. Sizcə milli media “dördüncü hakimiyyət” rolunu oynaya bilirmi?
 

- Təbii ki, medianın vəzifəsi həm də “dördüncü hakimiyyət” rolunu oynamaqdır. O da bundan ibarətdir ki, əsasən seçkili orqanlarda təmsil olunanların, cəmiyyət tərəfindən seçilənlərin, dövlət orqanlarında təmsil olunan məmurlar fəliyyəti ilə bağlı cəmiyyəti məlumatlandırır. Media həmin insanların fəaliyyətinə qiymət verilməsində, onlar haqqında ictimai rəyin formalaşmasında mühüm rol oynayır, onlar haqqında təsəvvür yaradır. Bu baxımdan hesab edirəm ki, mediamız bu məsələdə də öz misisyasını layiqincə yerinə yetirir.

9 Sentyabr 2019, 15:01   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß