"Bu mənzillər üzündən eşitmədiyim söz, təhqir qalmadı" — Ev alan jurnalistdən Prezidentə MÜRACİƏT

GÜNDƏM 04 sen 2019, 16:01

Jurnalistlərin mənzil alması üçün sənəd hazırlığı mərhələsində musavat.com-da “Ay evlilər, yol verin” başlıqlı yazım çap edilmişdi. Sənədləri almaq üçün keçdiyim prosesdə gördüklərimdən həm utanmış, həm də təəssüflənmişdim. Yazmışdım ki, imkan verin bu mənzilləri ilk öncə gerçək ehtiyacı olanlar alsın. Sonrasında layiq olanlara da mükafatlar verilməsi tam təbii prosesdir. Düzü onda heç məni dövlətə, onun başçısına təqdim edəcək bir media quruluşu da tapılmırdı. İşsiz idim, indi olduğu kimi. O üzdən fərdi etdim müraciətimi, nəticəsinin nə olacağı bəlli olmasa belə. Kimsədən xahiş eləmədim ki, noolar məni siyahına sal. 


Düzü mənim kimi adamlar həm lazımdır, həm lazım deyil. Bu məsələdə dəqiq bilirdim ki, kimsəyə lazım deyiləm. O üzdən ağız açıb alçalmağın da adı yox idi. Və bu mənzilləri müstəqil media adamı kimi alan az sayda jurnalistlərdənəm. 


Düzü “sən mükafatı aldın” xəbəri mənə veriləndə, sadəcə matım-qutum qurudu. İyirmi yeddi ildir media fəaliyyətindəyəm. Amma bu dövlətin heç bir tədbirində yada düşməmişəm, anılmayıb adım, pərt olmadığımı dansam, riakar olaram. Çünki işləyən hər kəs, bunu rəsmi görüldüyünün təsdiqini arzulayır ki, bu da adama dövlət mükafatıarı formasında təqdim olunmalıdır. 


Mən o an həmin xoşbəxtliyi yaşadım. Dövlətinin varlığı üçün qələmiylə mübarizə aparmağa cəhd edən imzalar kimi dövlətim məni gördü, dedim... Özü də bu heç yerdə işə alınmadığım anda baş vermişdi... 


Təsəvvür edin çətin mənzil və sosial problemlərlə uğraşa-uğraşa birdən belə bir diqqət görürsən. O qədər qürur duymuşdum ki, düzü heç mənzilimin neçə otaq olması, mərtəbəsi, “kvadraturası” mənə vacib deyildi. Məni DÖVLƏTim yadına salmışdı. Bundan o yanası yox idi...

 

Related image


İndi bilirəm, çox sevdiyim, sayğı duyduğum bir neçə nəfər bunu və bundan sonrasını nahaq yazdığımı deyəcək. Hətta və bəlkə təklif edəcək ki, yazılanları silim. Lütfən, bunu məndən istəməyin. Bu sadəcə düşündüklərim və son dərəcə səmimiyyətlə yazdıqlarımdır.


Öncə özümüzdən başlayıram, jurnalistlərdən. Bu mənzili alanda bir də ona görə qürur duymuşdum ki, cəmiyyətin formalaşmasında xidməti olan, ziyalı, savadlı, səviyyəli böyük bir ordunun ən nümunəvi simaları ilə qonşu olacağam. Övladlarımız məhlə uşağı, ailələrimiz dost, hətta bəlkə nə zamansa qohum da olacaqlar)... 


Bu sarıdan böyük bir təəssüfüm var, bir xeyli məhşur və ailəsi ilə bağlı. Buna yenə də peşə etikası deyib də üzərindən adladım. İndi gəlirəm o məsələyə ki, ölkə başçısı İlham Əliyev bu mənzilləri bizə dövlət adından mükafat olaraq təqdim edəndə, ən azı bizim qədər sevincli idi. Niyəsə hamıdan kənarda, lap arxada durub, hay-küyə qarışmadan prosesi müşahidə edirdim. Gördüklərimdən bu qənaətə gəldim ki, Prezident orda, həmin təqdimat mərasimində elə bizlərdən biridir. Sadə və səmimi. Çünki son dərəcə səmimi çıxış etdi, səmimi ünsiyyət qurdu və vacib bir tapşırıq da verdi ki, yazın, qorxmayın, çəkinməyin, yazın ki, mən də görüm nə var, nə yox...
İndi elə bu verilən fürsətdən istifədə edib yazıram və dəqiq bilirəm ki, görünəcək. 


Çox hörmətli cənab Prezident, bizə xidməti mənzil yox, hədiyyə, mükafat mənzil vermişdiniz, bu dəqiq yadımdadır. İndi buna xidməti mənzil adı qoyub rəsmi dövlət qurumları. Və düşünürəm xidməti mənzil o deməkdir ki, hansısa peşə fəaliyyətində olduğun müddətdə orda yaşayırsan, işdən azad olunduğun təqdirdə isə mənzilini geri təhvil verməyə borclusan. İndi bizi cəmiyyət ələ salır, aşağılayır, xaricdəki söyüş mediasının və müxalifətinin hədəfi olmuşuq dövlətli, jurnalistli, Prezidentili. 

 

Image result for Vüqar Səfərli mənzillərin açarlarını

 

Deyirlər, “xidmətçisiniz, nökərsiniz”, “nə xidmətiniz olub, kimi satmısınız?”, “ Kimə yaltaqlanmısınız?” və sair. Düzü ağır gəlir. Dövlətə xitmətdən qürur duyuram, o ayrı, amma bir də o var ki, səni kim söyür. Mayası bir qəpiyə olmayanlar. Özü də məmur özbaşınalığı üzündən. Kimsəni satmadım, kimsəyə quyu qazmadım. Həyatım boyu işimi aşırmaq üçün bir adamayaltaqlıq etmədim. Evimə özümün və ailəmin halal qazancından savayı kimsənin haramı girməyib. Sizin mənə bağışladığınız, mükafat olaraq verdiyiniz mənzili özüm üçün deyil, övladlarım üçün il yarım, min-bir əzabla, çox az qazancla təmir etdirib bir-neçə aydır, ev olmağa başlamışıq. İndi nə payı, nə hədiyyəsi, nə “kupçası”, deyib mənim kimi gerçək dövlət və media adamlarını ordan bura, burdan ora qovurlar dövlət qurumları. 


Bu təkcə mənə olan münasibət deyil, həm də dövlətə, dövlətçiliyə, onun ali liderinə olan münasibətdir. İnsanın şəxsiyyətini aşağılamaqdır. Bu mənzillər üzündən həm məmurlardan, həm xaricdəki söyüş ordusundan, həm özünə müxalifət deyən mənfurlardan eşitmədiyim, söz, təhqir qalmadı. İndi də məsxərəyə qoyuluram, bu ağırıma gəlir. Mən qadınam, üç övlad anasıyam sizdən ricam ya bizi geriyə, kirayə mənzilimizə daşısınlar, ya da verdiyiniz dövlət mükafatı olan mənzillərin çıxarışlarını təqdim etsinlər. 


P.S. Və ən vacib məqam. Düzü bilmirəm bu yazı mənə nəyə başa gələ bilər? Lap istəyirlər verdikləri, üstünə “xidməti”, az qala “kirayə” yarlığı vurduqları evin açarlarını da çağırıb geri təhvil alsınlar. Öləsi ha deyilik. Amma siz də anlayın ki, adamı bu qədər aşağılayıb, itdən də aşağı eləməzlər hörmətli aidiyyatı qurumlar. Öz adıma, buna evimin içində də, çölündə də yol verə bilmərəm. 


Ömrümün ən gözəl illərini kirayələrdə ləyaqətlə, əxlaqla yaşadım. Uşaqlığımı, yeniyetməliyimi bir çox yaşıdlarım kimi Azərbaycanın ən ağır dönəmləri aldı. Yəni əzab, əziyyət və çətinlik bir çoxunuzdan fərqli olaraq alın yazım oldu cənab məmurlar. Onda ölmədimsə, indi də ölmərəm. Zatən vətən həmişə onu abırla, əxlaqla, təmənnasız və gerçək sevən mənim kimi kasıbların olub. Mənim yaşamadığım həyat üzərindən qurulan Azərbaycanın faydalarını həmişə sizlər görmüsünüz, mən yox...


Jurnalist Jalə Mütəllimova

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top