Bakıda yol polislərindən qaçan avtoxuliqan belə saxlanıldı — VİDEO

HADİSƏ 29 avq 2019, 09:50

Yasamal rayonu ərazisində yol polisinin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücü saxlanılıb.


Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, Salamzadə küçəsində hərəkətdə olan sürücü yüksək sürətlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yol polisi sürücünü süni tixac yaratmaqla saxlaya bilib.


Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmməd Əliyev bildirib: 


“Salamzadə küçəsində hərəkətdə olan 90-DZ-983 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomaşının sürücüsü Bəşirov Əliş Vasim oğlu yol patrul xidməti inspektorlarının qanunu tələbinə tabe olmayaraq yüksək sürətlə hərəkətinə davam edib, yol-hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərinə yol verib.


Cəmiyyətin nəzər diqqətini özünə cəlb eləyib, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər törədib. Tərəfimizdən süni tıxac yaradılaraq avtomaşın saxlanılıb, sürücü Yasamal Dövlət Yol Polis Şöbəsinə gətirilərək törətdiyi əməli səmimi etiraf edib. Materiallar hazırda toplanılaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndəriləcək”.


Saxlanılan sürücü Əliş Bəşirov isə deyib: “Səhər evdən çıxıb işə gedərkən Yol Patrul Xidməti əməkdaşları “saxla” əmrini verdi. Mən də əmrə tabe olmayıb yoluma davam etdim. Qarşıda yol polisi əməkdaşları süni tıxac yaradaraq məni saxladılar. Etdiyim əməlimə görə peşmanam. Gənclərə tövsiyə edirəm ki, yolda diqqətli, ehtiyatlı olsunlar. Polisin əmrlərinə tabe olsunlar”.


Qeyd edək ki, sürücü barəsində protokol tərtib olunub. O, bir il sürücülük hüququndan məhrum edilməklə 500 manatdan 750 manata qədər cərimə edilə bilər. Eyni zamanda, məhkəmənin qərarından asılı olaraq 15 gündən 1 ayadək inzibati həbs də tətbiq oluna bilər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top