Azərbaycanda ATAK helikopteri sınaqdan keçiriləcək

HADİSƏ 28 avq 2019, 16:59

Türkiyə istehsalı olan T-129 ATAK kəşfiyyat-zərbə helikopterləri ilk dəfə Azərbaycan səmasında uçacaq.


“AzeriDefence”nin məlumatına görə, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, “TurAz Qartalı – 2019” təlimlərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif döyüş təyyarələri və helikopterlər Azərbaycana gələcək. 


“AzeriDefence”nin araşdırmasına görə, ATAK helikopterləri Azərbaycandakı təlimlərə ilk dəfədir cəlb olunub və bu təlim həm də ATAK helikopterinin Azərbaycanda sınaqları deməkdir.


Azərbaycan ATAK helikopterlərinin satın alınması ilə maraqlanır və bir neçə il əvvəl həmin helikopterlərin Azərbaycana sınaqlara gətiriləcəyinə dair informasiyalar mövcud idi.


Qeyd edək ki, hazırda ATAK helikopterinin Pakistana və Filippinə ixracına dair Türkiyənin müqaviləsi mövcuddur. Helikopter TUSAŞ şirkəti tərəfindən istehsal edilir. Lakin, ekspertlərin fikirincə helikopterin təchiz edildiyi mühərrik ABŞ istehsalı olduğundan bəzi embarqolu ölkələrə ixracına müəyyən problemlər yaradır.


T-129 ATAK helikopteri ən son model avyonika və silah sistemləri ilə təchiz edilib. Heyəti 2 pilot olan ATAK helikopterinin uzunluğu 13,64 m, hündürlüyü 3,96 m, boş ağırlığı 2900 kq, rotorun diametri 11,90 metrdir. Maksimum sürət 278 km/saat, maksimum qalxma ağırlığı 5000 kq-dır. Maksimum silah yükü 1200 kq olan helikoperin qanadlarında 4 ədəd (hər biri 300 kq) silah bölməsi yer alır.


Yanacaq çəninin tutumu 750 kq olan helikopterin maksimum qalxma yüksəkliyi 6,096 m, əməliyyat yükü ilə qalxma səviyyəsi 3,048 m, yüksəkliyə qalxma sürəti 14 m/s, güc/ağırlıq nisbəti 550 AG/ton təşkil edir.


3 saat hava əməliyyatlarını icra etmək qabiliyyətində olan ATAK-ın maksimum uçuş məsafəsi 561 km, əlavə yanacaq çəni ilə təchiz olunduqda isə maksimum məsafəsi 1000 km-dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top