KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!

MARAQLI 28 avq 2019, 09:52

Azərbaycanda ciddi islahatlara ehtiyacı olan qurumlardan biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF). Bu haqda uzun illərdir yazılır. Yəni, yarandığı gündən indiyə qədər bu qurum mətbuatın inkişafı naminə heç bir uğurlu addım atmayıb, əksinə, mənasız, tərəfli müsabiqələr, tədbirlər keçirməklə fəaliyyətini “yola verməyə” çalışıb. Hətta, bu “yola vermə” o həddə çatıb ki, özünün heç bir proqressiv addımı olmayan bu qurum zaman-zaman ölkə başçısının, mediaya birbaşa aidiyyəti olan şəxs və qurumların gördüyü işləri də öz uğurları kimi təqdim etməyə çalışır.


Ölkə başçısının mediaya diqqəti, imkansız jurnalistlərin mənzil probleminin həlli ilə bağlı son illərdə gördüyü işləri də KİVDF adlı bu qurum özünün “qəhrəmanlığı” və fəaliyyəti kimi qabardır. Nəticə isə göz qabağındadır: hətta Prezidentin apardığı bu uğurlu islahatları, gördüyü işləri öz maraqlarına uyğun icra etməklə narazılıq müstəvisi yaradıblar. Soruşan da yoxdur ki, axı bu vəsaitlər sizin şəxsi malınız-mülkünüz deyil, ölkə başçısının qayğısıdır... 


Əcəba, düşünmürlərmi niyə son bir neçə ildə ölkənin bir çox tanınmış media nümayəndələri, ictimai xadimləri, deputatlar artıq dilə gəliblər, mediada islahatların vacibliyini vurğulayırlar? Düşünürlər, amma bu onların merkantil maraqlarına ziddir.

 

Related image


Hər kəs anlayır ki, bütün dünyada olduğu kimi hər bir dövlətin media siyasəti var. Amma kimlərsə dövlətin media siyasətinə öz bacarıqsızlığı, şəxsi ambisiyaları və maddi maraqları ilə kölgə salmağa çalışır. Ömründə əli qələm tutmayanların mediaya hakimi-mütləq kəsilməsi durumu bu qədər acınacaqlı vəziyyət yaradıb. Nədir bunların iş fəaliyyəti ? Özlərinə yaxın şəxsləri, heç bir sosial bazası, oxucu kütləsi olmayan media quruluşlarını, jurnalistləri önə çəkmək. Onların fəaliyyətinə irad bildirənlər isə məqsədli və düşünülmüş şəkildə “asi” elan edilərək, tədbirlərdən, dövlət əhəmiyyətli toplantılardan təcrid olunurlar. 


Təsadüfi deyil ki, bir müddət öncə millət vəkilləri - Vahid Əhmədov və Fəzail İbrahimli mediada monopoliyanın olduğunu deyirdilər. Şübhəsiz ki, millət vəkillərinin bu narahatlığı əsassız deyildi. Çünki mətbuata banan, kişmiş, kartof biznesi kimi baxanlar bu monopoliyanı gerçəkləşdirməklə yüzlərlə jurnalistin iztirabları üzərində özlərinə “mətbuat malikanəsi” yaradıblar.


Deputat Vahid Əhmədovun çıxışından bir epizoda diqqət edək: "KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi konteksdə həll etmək lazımdır. Yəni, Azərbaycanda aparılan dərin islahatlar konteksində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır. Bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır”.

 

Image result for Vahid Əhmədov


Belə pozitiv islahatların keçirilməsində maraqlı olan şəxsləri “Səs-səsə” verib neqativ "Mövqe" ilə yükləyənlərin məqsədi aydındır. Məşhur atalar misalında olduğunu kimi, bunu el də bilir, oba da...


Mətbuatı dövlətdən küsdürməyə yönəlik bu addımları atanların, jurnalistləri “asi” elan etməyə məqam gözləyənlərin məqsədi təbii ki, dövləti deyil, özünü qorumağa hesablanıb. Onlar sanki mətbuata “Troya atı” içərisində sızdırılıblar. Ona görə sızdırılıblar ki, daxildə narazılıq yaratsınlar, mətbuatın parlaq, işıqlı, dövlətinə və dövlətçiliyə bağlı insanlarını küsdürsünlər. 
Fəaliyyətləri o qədər şəffaf deyil ki, istənilən “islahat” sözü də canlarına birə kimi düşür, qan çıxana qədər qaşındırır...


Onların bu yarıtmaz fəaliyyətlərindən sonra indi vəziyyət o həddə çatıb ki, artıq bir çox media nümayəndələri, ölkənin işıqlı gələcəyi üçün çalışanlar dövlətin media siyasətini məhz Azərbaycanı humanitar sahədə böyük uğurlara çatdırmış Birinci Vitse-prezidentin səlahiyyətləri çərçivəsində görmək istəyirlər. Yanlış anlamayın, burada mediaya nəzarətdən qətiyyən söhbət getmir. Media ictimai nəzarət mexanizmidir, müstəqildir. Burada söhbət dövlətin media siyasətindən gedir. Necə ki, dünyanın hər yerində hər bir dövlətin özünün media siyasəti var: Avropada da, lap elə uzaq Amerikada da... 

 

Image result for Vüqar Səfərli binanın açarlarını


Bəli, islahatdan qorxurlar, o üzdən də əllərində saxladıqları media və “muzdlu mirzə”lər vasitəsilə ictimai rəyə kin saçırlar. Amma bir şeyi unudurlar: hesab varsa, kitab da var. Ədalət gec də olsa, yerini tapır. Bir gün ölkə başçısının mediaya ayırdığı milyonların “hesab-kitab günü” gələcək. O zaman çox “media xanədanlığı” çökəcək və elə altında da özləri qalacaq. Gözlərini “sahil”ə diksələr də, “xilas gəmisi” gəlməyəcək... 


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının Baş redaktoru

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top