"Vaşinqton Tayms" Mehriban Əliyevanın fəaliyyətindən yazdı

GÜNDƏM 27 avq 2019, 22:05

ABŞ-da çıxan "Vaşinqton Tayms” qəzetində "Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin "Mehriban Əliyeva: ağacəkmə layihəsi ilə tanınan Azərbaycanın birinci xanımı” sərlövhəli məqaləsi dərc olunub.

 

Demokrat.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın meşəsalma yolu ilə ölkənin ekologiyasının yaxşılaşdırılması və vətəndaşlarının rifahının artırılması səylərindən danışılır.

 

Müəllif yazır ki, Amerika cəmiyyətinin iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizə tədbirlərinin müzakirəsini davam etdirdiyi bir vaxtda, Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr parnik qazları tullantıları problemini siyasiləşdirmədən onun həllində bütün dünya üçün model ola bilər. Bu strategiya meşəsalmanın miqyasının genişləndirilməsindən ibarətdir.

 

R.Sobhani qeyd edir ki, Azərbaycana ilk dəfə 1990-cı ildə gedib və müstəqilliyini 1991-ci ildə bərpa etmiş bu ölkənin ekoloji sisteminin Sovet İttifaqının mövcud olduğu illərdə dağılmasının şahidi olub. Atmosferdə çirkləndirici maddələrin yüksək səviyyəsi müşahidə olunur, aeroportdan paytaxt Bakının mərkəzinə gedən yolun kənarlarında ağaclar gözə dəymir, əvəzində xam neft "gölməçələri” görünürdü. Müəllifin yazdığına görə, təəssüf ki, Moskvanın mərkəzi hakimiyyət orqanları əsasən müsəlmanlardan ibarət 9 milyon əhalisi olan bu sovet respublikasının gözəl landşaftını da onun əlindən almışdı.

 

Mehriban xanım Əliyevanın sayəsində bu gün Azərbaycan hər bir açıq məkanda ağacəkmə yolu ilə ekoloji sağlamlaşdırma dövrünü yaşayır. İndi aeroportdan Bakının mərkəzinə gedən yol boyu gözəl ağaclar əkilib. Ətraf mühitin vəziyyətinin bu şəkildə dəyişməsi ilə yanaşı, Azərbaycan bu uzaqgörən layihə ilə dünyaya həm də sensasiya yaratmadan iqlim dəyişikliklərinə qarşı mübarizəni aparmaq yollarını nümayiş etdirir. Ağaclar atmosferi oksigenlə zənginləşdirməklə iqlim dəyişmələrinin nəticələrini dayandırmağa kömək edir.

 

Azərbaycanda ağacəkmə təkcə ətraf mühitin sovet dövründən qalma tənəzzülünə qarşı mübarizə vasitəsi deyil, o, həm də ictimai səhiyyə ilə birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin gigiyenası üzrə eksperti Linda Tomassonun sözlərinə görə, ağacəkmənin sağlamlıq üçün çox böyük faydası var və havanın çirklənməsi ilə ağciyər xəstəlikləri arasında əlaqəni azalda bilər. Təəccüblü deyil ki, Azərbaycanda havanı zərərli hissəciklərdən təmizləmək üçün daha çox enliyarpaqlı ağaclar əkilir.

 

R.Sobhani qeyd edir ki, Azərbaycanın birinci xanımını ağacəkmə layihələrini həyata keçirməyə sövq edən daha bir amil iqtisadi amildir. Ağacların əkilməsi, onlara qulluq və nəzarət edilməsi üçün yerli sakinlərin işə götürülməsi layiqli gəlir təmin edə bilər. IDEA İctimai Birliyi ağacəkməni gənclərin hüquq və imkanlarının genişləndirilməsi üçün gözəl şans sayır. Təəccüblü deyil ki, "Coca-Cola” 2020-ci ilə qədər 100 000 ağac əkmək üçün ADA Universiteti ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu yaxınlarda Mozambikdə 2,2 milyon ağacın əkilməsini bayram edən ABŞ-ın "Eden Projects” xeyriyyə təşkilatının layihələri Mehriban Əliyevanın ağacəkmə təşəbbüslərinin səmərəliliyinin və bu təşəbbüslərin iş yerlərinin yaradılmasına qlobal təsirinin təsdiqidir. Təşkilatın baş direktoru Stiv Fitçin sözlərinə görə, ağacəkmə yerli kəndlərdə məşğulluğu artırıb.

 

Mehriban Əliyevanın ağacəkmə kampaniyasının qlobal nəticələri dərhal görünməsə də, potensialı çox böyükdür. Məsələn, Asiya və Afrikanın az inkişaf etmiş dövlətlərində çox vaxt elə şərait yaranır ki, işsiz cavanlar arasında radikalizm meyilləri güclənir. Ağacəkmə nəticəsində əldə edilən fundamental fayda iş yerlərinin davamlı artmasının əsasını qoya bilər. Meşəsizləşmə, ərzaq təhlükəsizliyinin təmin edilməməsi və gənclər üçün təhdidlərin yaranması ilə üzləşən müsəlman ölkələrinə gəldikdə isə ağacəkmə İŞİD və "Əl-Qaidə” kimi cinayətkar qruplaşmalara və terror təşkilatlarına qoşulmağa mümkün alternativ ola bilər.

 

Mehriban Əliyevanın ağacəkmə kampaniyasının qlobal miqyasda dini dözümlülüyün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşəkkülünə kömək etməsi bu kampaniyanın daha bir nəticəsidir. Dünyanın bütün əsas dinləri ağacların əkilməsini və onlara qulluq edilməsini savab iş sayır. Məsələn, yəhudilikdə Tu bi-Şvat deyilən ağacəkmə bayramı var. Quran və hədislərdə Allahın adı ilə ağac əkilməsi tez-tez xatırlanır. Bibliyada ağaclar "yaxşı qida”ya kömək edən vasitə kimi (Yaradılış 2:9) xatırlanır. Qlobal ağacəkmə kampaniyası müxtəlif etiqad və inancları olan xalqları birləşdirə bilər. Vos Fondunun məlumatına görə, bir ağacın əkilməsinin qiyməti 10 sentdən baha deyil və deməli, 1 trilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək ki, bu da hazırda dünyanın 10 aparıcı suveren xeyriyyə fondunun sərəncamında olan 6 trilyon dollardan çox məbləğin müəyyən qismini təşkil edir.

 

Rob Sobhani sonda yazır ki, dünya liderlərinin bütün dünyada və öz ölkələrində ağaclar əkməklə, iqlim dəyilşmələri probleminin bu sağlam həllini tətbiq etmələrinin vaxtı çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top