"Elmar Məmmədyarov Mnatsakanyanla görüşməməlidir" — Tofiq Zülfüqarov SƏBƏBLƏRİ AÇIQLADI

GÜNDƏM 27 avq 2019, 18:36

“İndiki şəraitdə görüşləri davam etdirməyin Azərbaycan üçün heç bir faydası yoxdur”.


Demokrat.az xəbər verir ki, Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycanla bağlı son açıqlamalarına münasibət bildirib.


T. Zülfüqarov hesab edir ki, artıq Paşinyanın Xankəndidəki mitinqdə səsləndirdiyi bəyanatlarından sonra danışıqlar üçün heç bir əsas qalmayıb:


“İmitasiya xarakterli danışıqlar aparmağın Azərbaycana heç bir faydası yoxdur. Amma eyni zamanda hiss olunur ki, bu bəyanatlardan kənarda hansısa maraqlar mövcuddur. Bu maraqları Mnatsakanyan ifadə edir. O da  öz çıxışında bəzi tezisləri səsləndirir. Bununla o, danışıqlara hazır olduğunu bu və ya digər şəkildə göstərmək istəyir. İstisna olunmur ki, Mnatsakanyan özünü Paşinyandan qabaq mövcud olan prinsiplər əsasında görüşlər keçirmək niyyətində olduğunu göstərməyə çalışır”.


T. Zülfüqarov ermənilərin danışıqların davam etdirilməsində niyə bu qədər maraqlı olmasının səbəblərinə də aydınlıq gətirib:


“Oktyabr ayında Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri gözlənilir. İrəvanda Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putinin Ermənistana səfəri Paşinyan üçün çox vacibdir. İkitərəfli olmasa da, çoxtərəfli formatda keçirilən görüşlərdə bir çox məsələlərin müzakirəsi həyata keçiriləcək. Bu gün Rusiya-Ermənistan və Putin-Paşinyan əlaqələri heç də yüksək səviyyədə deyil. Bunu yaxşı anlayırıq. Putin öz hərəkətləri ilə dəfələrlə Paşinyanı qəbul etmədiyini göstərib. Eyni zamanda da Paşinyan demokratiya görüntüsü yaratmaq üçün Köçəryanı həbsdə saxlayır, Sərkisyanı təqib etdirir. Bu onu göstərir ki, o, Putinə əyilmək istəmir. Bu səfər Paşinyan üçün ikitərəfli məsələlərin müzakirəsi və həlli üçün olduqca vacibdir. Paşinyanın verdiyi bəyanatlara baxmayaraq, səfər çərçivəsində Qarabağ mövzusunu müzakirələrə qatmamaq üçün elə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycanla danışıqlar davam etdirilir. Buna görə də Mnatsakanyan kiminsə təşəbbüsü ilə Elmar Məmmədyarovla növbəti görüşün keçirilməsində maraqlıdır. Bu görüş BMT-nin Baş Assambleyanın illik toplantısında baş tuta bilər. Bu proseslərin hamısı danışıqların öz axarı ilə davam etdirilməsini göstərmək məqsədi ilə ediləcək. Onlar üçün Putinin səfəri ərəfəsində bu görüşü təşkil etmək çox vacibdir”.

 

Related image


Sabiq XİN rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi bu görüşə qatılmalı deyil:


“Əlbəttə, Azərbaycanın imitasiya xarakterli görüşlərə qatılması Paşinyanın mövcud bəyanatlarının üstündən keçmək, qəbul etmək və görüşləri davam etmək kimi anlaşılacaq. Azərbaycan bu addımı atsa, uduzacaq. İstənilən halda Paşinyanın birləşmə çağırışından sonra bu görüşə qatılmaq olmaz. Çünki Paşinyan səsləndirdiyi bəyanatları təkzib etməyib, onlardan imtina etməyib. İkincisi, Nikolun bəyanatlarından sonra Azərbaycan bu görüşlərə qatılmazsa, Putin-Paşinyan görüşündə Qarabağ mövzusunun müzakirəsinin aparılması labüd olacaq. Düzgün məntiq budur. İndiki mərhələdə Azərbaycan tərəfi olaylara ciddi siyasi qiymət verərkən, Paşinyanın növcud bəyanatlarının danışıqları davam etdirməyi mümkünsüz etdiyini vurğulamalıdır. Bu bəyanatdan Paşinyan rəsmi olaraq imtina etməsə, Azərbaycan növbəti görüşlərə qatılmamalıdır. Bir sözlə, Azərbaycan ciddi şəkildə öz mövqeyini ortaya qoymalıdır. Bunun üçün əlimizdə hər bir siyasi əsas var. Təbliğati baxımdan da biz bu faktdan düzgün istifadə etməliyik. Bir daha deyirəm, bu görüş Azərbaycanın xeyrinə olmaz. Bunu birmənalı başa düşməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top