"Rədd olub getmisən, imkan ver adamlar öz ölkələrinə sahib çıxsınlar" — İlqar Məmmədov

ReAl Partiyasının sədri İlqar Məmmədov feysbuk hesabında seçki aksiyaları keçirən Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı ittihamlara münasibət bildirib. 


O, qrossmeyster Qarri Kasparovun Navalnıya ittihamlarına belə şərh edib: 


"Çox fikirləşirdim ki, görəsən, Moskvanın seçki dönəmindən istifadə edərək şəhəri bir-birinə qatan Aleksey Navalnını hakimiyyətlə mandat alverinə girməkdə birinci kim ittiham edəcək. Paho! Bizim boykotçu "həmyerlimiz” Qarri Kasparov! Dünən yazısı çıxdı. Navalnını əxlaqsızlıqda və satqınlıqda ittiham etdi. Oturub özü üçün Amerikada, amma azad seçki uğrunda vuruşan dürüst rus balalarını Putinə satılmış adlandırır. Həyasızlığın dərəcəsinə bax. Özün boykot edib rədd olmusan ölkədən, imkan ver adamlar öz ölkələrinə sahib çıxsınlar. Yox e, nə danışırsan, "satılmışlar” möhürünü əlinə alıb elə döşəyir", - Məmmədov yazıb.


Qeyd edək ki, İlqar Məmmədov bundan öncəki statusunda da Azərbaycanda da seçkiyə qatılmayanları - "boykotçu"ları "çarəsiz" adlandırıb. 

 
Həmin statusu olduğu kimi təqdim edirik: 


"Psixologiyada "öyrənilmiş çarəsizlik” adlandırılan bir hal var. Onu 1967-ci ildə indi adlı-sanlı Amerikalı psixoloq Martin Seligman təsvir və izah etmişdi, sonralar başqa təcrübələr bu anlayışı bir az irəli apardı.


İnsanlar üzərində qurulan müxtəlif psixoloji təcrübələri onu göstərdi ki, öz vəziyyətinə nəzarət aləti olmadığını düşünən insanlar, eləcə də, belə nəzarət alətinə inanmayan insanlar "öyrənilmiş çarəsizlik” halına girirlər.


Məsələn, iki qrup insana zehni çalışma tapşırılır. Çalışmanı edəcəyi vaxt ərzində, onları bundan yayındıra biləcək səs də işə qoşulur. Birinci qrupa aid insanlara həmin o səsi söndürmək üçün alət verilir. İkinci qrupdakılara isə səsi söndürmək üçün heç nə verilmir. Nəticədə, birinci qrupun əksəriyyəti yayındırıcı səsi heç söndürmür də, amma çalışmanı ikinci qrupdan daha yaxşı edir.


Yəni, "şəraitimə nəzarət edə bilərəm” hissinin özü insanı daha məhsuldar edir, çarəsizliyə öyrəşdirmir.


Başqa təcrübə. İki qrup insana tapmaca verilir. Həll zamanı onlara zəhlətökən bir səs eşitdirilir. Tapmacanı həll etsən, səs kəsilir. Birinci qrupa həll oluna biləcək tapmaca verilir. İkinci qrupa isə, həlli olmayan tapmaca. Əlbəttə, ikinci qrupa aid insanlar çox əziyyət çəkir və səsi söndürə bilmir, birinci qrupun adamları isə müxtəlif sürətlə bu tapmacanı həll edir. Daha sonra, hər iki qrupa eyni tapmaca verilir. Tam eyni. İkinci qrupdakılar, ilk mərhələdə çarəsizliyə öyrəşdilər deyə, eyni tapmacanı həll etməkdə ikinci qrupdan xeyli geri qaldılar.


Yəni burda da, "şəraitimə nəzarət edə bilərəm” hissi insanları problemin çözülməsində daha uğurlu edir. Uğursuzluq gözləyənlər isə özlərindən nagüman olurlar.


Azərbaycan hakimiyyəti, bəlkə də xarici peşəkar məsləhətçilərinin tövsiyəsi ilə, öz seçki strategiyasında 26 ildir bu kimi bilgilərdən məharətlə istifadə edir.


Bir tərəfdən, seçkini saxtalaşdırır, yəni insanlara şok yaşadır, obiri tərəfdən isə insan kütləsini öz mövzuları ilə seçkidən küsdürəcək bir müxalifət bəsləyib-yaşadır ("ah, Məzahir, ah, Əfruz xala bizə imkan verməz”). Həmin müxalifət, fəlakətli iqtisadi böhranın yoxluğunda qeyri-real və daha ağrılı görünən həll yollarından başqa heç nə təklif etməyəcək ("seçkini boykot edək, yüzminlərlə insan meydanlara çıxaq”). Ara-sıra seçkyə qatılırlar da, amma qələbədən ötrü yox, öz dediklərini təsdiq etməkdən ötrü. 26 ilin nəticəsi bəllidir – xalqa aşılanan hiss: öyrənilmiş çarəsizlik.


Odur ki, təklifim. Seçkyə necə olursa gedirik. Daha yüzminlərlə yox, milyonlarla. Saxtakarlıq cəhdi olsa, dinc, qanuni, demokratik qaydada haqqımızı qorumaq üçün yüzminlərlə meydanlara çıxırıq.


Yoxsa "Saxtakarlar və Boykotçular İttifaqı” millətimizə öyrənilmiş çarəsizlik halından çıxmağa imkan verməyəcək".

24 Avqust 2019, 18:40   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß