Azərbaycan fəlakət astanasında — Alimlərdən XƏBƏRDARLIQ

Müxtəlif dövrlərdə təbii faktorlardan doğan istiləşmə və soyuma iqlim təsirlərinə məruz qalan Yer kürəsi 20-ci əsrdən başlayaraq, qlobal istiləşməni yaxından hiss etməkdədir. Təbii proseslər üzündən baş verən iqlimin tərəddüdləri həmişə müşahidə olunub.


Demokrat.az xəbər verir ki, son illər isə iqlimdə baş verən dəyişikliklər artıq prosesin təbii vəziyyətindən çıxdığının göstəricisi kimi qiymətləndirilir. 


Məsələ burasındadır ki, qlobal iqlim dəyişikliklərinin atmosfer proseslərinə təsir imkanları artdıqca təbii fəlakətlərin artma tendensiyası da planetimizi daha çox təhdid edir.


Bu gün qlobal istiləşməni əsrin ən böyük təhlükəsizlik problemi kimi qiymətləndirmək mümkündür. Terrordan belə daha təhlükəli olduğu qaçılmaz olan qlobal istiləşmənin nəticəsi olaraq, iqlim dəyişikliklərinin qarşıdakı illərdə də artacağı gözlənilir. Dünya alimləri iqlim dəyişikliyinin doğurduğu fəsadların qarşısını almaq üçün yollar axtarırlar. Burada əsas məqsəd iqlim dəyişikliyinin ətraf mühitə vurduğu zərəri və antropogen təsiri minimuma endirməkdir. 


Qlobal istiləşmənin meydana gətirdiyi təbii fəlakətlər yalnız can itkisi ilə məhdudlaşmır, həm də dünya iqtisadiyyatına mənfi təsirlərini göstərir. Dünyanın müxtəlif bölgələrində zəlzələlər, qasırğalar, sellər və bu kimi digər fəlakət xəbərlərini bəlkə də hər gün eşitmək, duymaq olur. Təbii fəlakətlərin təxminən 80 faizi hidrometeoroloji, yalnız 15 - 20 faizi yerin daxilində gedən tektonik proseslər nəticəsində baş verir. 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanlı insanların iqlim dəyişikliyi qarşısında aciz olduğunu deyir: 


"Dünyada olan qlobal problemlərdən biri də istiləşmədir. Dünya ölkələri, beynəlxalq təşkilatlar bu problemi aradan qaldırmaq üçün daim mübarizə aparır. Lakin dünyada elə proseslər mövcuddur ki, insan amili onun öhdəsindən gələ bilmir. 


Qlobal istiləşmənin yaranmasının əsas səbəblərindən biri antropogen amillərin təsiridir. Belə ki, Avropa, Amerika- inkişaf etmiş kapitalist ölkələr, Çin atmosferə karbon qazı buraxır. Bu da "parnik effekti" adlanır. Yəni ki, günəş şüaları yerə dəyib geri qayıdanda həmin karbon qazı nəticəsində atmosferdə yaranan təbəqə onu atmosferə buraxmır və yerdə qalır. Bu proses yer ətrafında temperaturun artmasına səbəb olur".


İstiləşməyə qarşı mübarizə aparmaq üçün inkişaf etmiş kapitalist ölkələr müasir texnologiyalardan istifadə etməli, təbiətə dəyən zərəri aşağı salmalıdır. Yəni, atmosferə qarışan karbon, oksigen miqdarı azalmalıdır. Dünyada oksigenin əmələ gəlməsini təmin edən bitki örtüyü hər il azalır deyə, Rauf Sultanlı qeyd edir.

 

Image result for Global Warming


Rauf Sultanlı bildirir ki, kəskin istiləşmə şirin su ehtiyyatının tükənməsinə gətirib çıxaracaq:


"Rusiyada 5 milyon hektara yaxın bitki örtüyü yandı. Bu da atmosferə külli miqdarda karbon qazının buraxılmasına səbəb oldu. Aparılmış hesablamalar onu göstərir ki, atmosferə buraxılan karbon qazının 60 faizi yanğınlar nəticəsində əmələ gələn karbon oksididir. Ona görə də insanlar ilk növbədə, bu yanğınlarla mübarizə aparmalıdırlar. Müasir dövrdə insanların üzərinə düşən əsas iş bitki örtüyünü mühafizə etməkdir. 


Azərbaycanda bitki örtüyü 12 faiz, Rusiyada 55-60 faiz, dünyada isə 30 faizdir. Azərbaycanın payına düşən bitki örtüyü dünyaya nisbətən çox azdır. Ona görə də, Azərbaycanda bitki örtüyünü artırmaq üçün çalışmaq lazımdır. Qlobal istiləşmə nəticəsində buzlaqlar da sürətlə əriyir və şirin su ehtiyyatı azalır. 


Bu çox böyük prosesdir. İnsanlar bunun qarşısını almağa çalışsa da, bu kifayət etmir. Alimlərin apardığı tədqiqatlara görə, hazırda dinamik inkişaf prosesi gedir. Hər 12, 50, 100 ildən bir atmosferdə periodik şəkildə iqlim dəyişiklikləri baş verir. Aparılmış hesablamalar göstərir ki, hazırda Yer kürəsində istiləşmə prosesi yox, soyuqlaşma prosesi getməlidir. 


Yaxın 30-50 il ərzində, alimlər soyuqlaşma prosesinin başlayacağını deyir. İstiləşməyə qarşı mübarizə aparmaq ona görə vacibdir ki, Yer kürəsində buxarlanan suyun miqdarı yerə qayıdan yağış şəklində suyun miqdarından çox olmalı deyil. Bu çox olduğu zaman, Yer kürəsində su çatışmazlığı, meşələrin quruması, torpaqların deqradasiyası və səhralaşma prosesi başlayır ki, insanın yaşaması üçün təbii ərzailərin sıradan çıxmasına səbəb olur deyə, Rauf Sultanlı qeyd edir. 


Qeyd edək ki, qlobal iqlimin qorunması istiqamətində dünya miqyasında bir sıra məsələlər həyata keçirilib. Məsələn, 1992 - ci ildə BMT- nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qəbul olunub ki, burada da məqsəd iqlim dəyişmələrinin müəyyən çərçivəyə salınmasını nəzərdə tutur. 


Yaddan çıxarmaq olmaz ki, uyğun olmayan şərtlər daxilində ərazi istifadəsindəki dəyişikliklər, meşələrin qırılaraq azaldılması, müxtəlif insan fəaliyyətləri nəticəsində atmosferdəki təcrübələr, sənaye inqilabından sonra əhəmiyyətli səviyyədə artan istixana qazları və başqa bu kimi hadisələr iqlim dəyişikliklərinə səbəb olmaqdadır. Bu vəziyyət isə qlobal istiləşməni meydana gətirir. Bu fəlakətin qarşısına mütləq praktik cəhətdən sədd çəkilməlidir.(BAKU.WS)

23 Avqust 2019, 16:28   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß