Bu gün Füzuli və Cəbrayılın işğalından 26 il ötür

SİYASƏT 23 avq 2019, 08:54

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

 

23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (51 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.

 

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb.

 

Nazirliyin məlumatına əsasən, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb. Həmçinin rayonun Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.

 

2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb. 

 

23 avqust həm də sahəsi 104980 hektar olan Cəbrayıl rayonunun erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür.

 

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

 

Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

 

Rayonda yaşları 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

 

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top