"Paşinyan “qırmızı xətti” keçir" — Deputat

GÜNDƏM 16 avq 2019, 19:20

"Son il yarımda erməni iş adamları Ermənistandan iki milyard dollardan artıq sərmayələrini çıxarıblar"

 

“Azərbaycanın dünya birliyində mövqeyi möhkəmlənib, ədalətli mövqeyi dəstəkləndikcə, işğal altında olan torpaqların danışıqlar yolu ilə azad olunması inamı gündən-günə artır. Artıq bölgədə marağı olan və münaqişənin həllində vasitəçi ölkələrin də bu məsələdəki sərgilədiyi mövqelərdə dəyişikliklərin yaranması Ermənistanı ciddi narahat etməyə başlayıb. Ermənistan rəhbərliyi bunu anlayır və ciddi narahatlıq, təlaş içərisindədirlər. Ona görə də erməni hiyləgərliyini işə salıb, hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışırlar”.


Demokrat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov Paşinyan və onun komandasının Azərbaycan torpaqlarına iddiasını və işğalçılıq siyasətini açıq formada bəyan etməsinə mövqeyini açıqlayarkən deyib. 


Onun sözlərinə görə, Paşinyan  qəsdən belə fikirlər səsləndirməklə Azərbaycanı qıcıqlandırıb, emosiyaları ilə oynayıb, təxribata sövq etmək istəyir. 


“Onun Qarabağın Ermənistan ərazisi deməsi danışıqlar prosesini pozmaq üçün bir bəhanə və erməni hiyləgərliyinin təzahürüdür. Azərbaycan tərəfi də bunu yaxşı anlayır və özünü təmkinli aparır. Baxmayaraq ki, Paşinyanın səsləndirdiyi fikirlər “qırmızı xətti” keçir. Ancaq yenə də Azərbaycan tərəfi  Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist müəyyən məqsədlərə xidmət edən bəyanatlarına soyuqqanlı və təmkinlə yanaşaraq, öz siyasətini yürütməkdə davam edir. Belə təmkinli davranış, əslində, Azərbaycanın dünyadakı nüfuzunu bir daha artırır. Azərbaycanın sülhə sədaqətinin nümayişi kimi dəyərləndirilir”- deputat  bildirib.


İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan işğal altında olan torpaqları işğaldan azad etməyə hazırdır və buna qadir ordusu vardır. 


“Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir ki, qısa zamanda torpaqları işğaldan azad etsin. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşaraq, münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına çalışır və siyasətini bu istiqamətdə davam etdirməkdə israrlıdır. Təbii ki, danışıqlar nəticə verməzsə, o zaman digər alternativlərdən istifadə etməklə münaqişə həll olunacaq”- deputat  qeyd edib.


Deputat onu da əlavə edib ki, Paşinyan hakimiyyətə gəldiyi gündən verdiyi vədlərin heç birinə əməl etmədiyindən reytinqi ciddi çəkildə azalıb. 


“Ona görə də belə dövlət başçısına yaraşmayan məsuliyyətsiz, populist bəyanatlar verməklə vaxt qazanmağa, eyni zamanda bu fikirlərdən daxili siyasətdə öz maraqları üçün istifadə edir.


Burada digər bir məqama da diqqəti cəlb etmək istərdim. Bu gün Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, işğalçılıq siyasəti bu ölkəni dünyadan təcrid vəziyyətinə salıb. Paşinyan hakimiyyəti bunun bariz nümunəsidir. İşğalçılıq siyasəti nəticəsində Ermənistan  bölgədə reallaşdırılan bütün irimiqyaslı iqtisadi, enerji, kommunikasiya, tranzit, yükdaşıma layihələrindən kənarda qalıb.  Ermənistanın üzləşdiyi bu ağır durum isə ölkənin həm sabiq prezidentləri, həm də indiki hakimiyyət tərəfindən etiraf olunmaqdadır. 


Ermənisandan fərqli olaraq Azərbaycan bölgədə reallaşan irimiqyaslı, transmilli layihələrin ya təşəbbüskarı , ya da aktiv iştrikaçısı olub.  Prezidentin uzaqgörən və düşünülümüş siyasəti nəticəsində Azərbaycan enerji və logistik bir qovşağa çevrilib. Bunu dünyanın aparıcı ölkələri də Azərbaycanın  belə mühüm layihələrin reallaşdırılmasındakı müstəsna rolunu hər zaman müsbət dəyələndiriblər və bunu çıxışlarında qeyd ediblər. 


Bir məqamı da  qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinə alternativ olaraq yürütdüyü uğurlu  enerji və iqtisadi diplomatiyası nəticəsində Ermənistan iqtisadi cəhətdən investorlar üçün əhəmiyyətsiz, maraqsız bir ölkəyə çevrilib. Hətta ermənilər özləri belə bu ölkənin perspektivini görmədiklərindən sərmayə qoymaqda ehtiyat edir və yaxud da heç qoymurlar. Vəziyyət o həddə çatıb ki, Ermənistana investisiya  qoyan  erməni iş adamları öz sərmayələrini bu ölkədən çıxarırlar. Bunu Ermənistanın rəsmi statistikası da etiraf etməkdədir. Ermənistanın rəsmi statistikasına əsasən, son il yarımda bu ölkədən erməni iş adamları iki milyard dollardan artıq sərmayələrini çıxarıblar. Əhali gələcəyinə ümidsiz olduğundan ölkəni tərk edir. Bütün bunlar ölkəyə rəhbərlik edənləri ciddi narahat edir və ona görə də belə məsuliyyətsiz, populist bəyanatlarla  erməni cəmiyyətini aldatmağa çalışırlar”-deputat bildirib.


Deputat bildirib ki,  Paşinyan və onun komandasının  yaxın hədəflərə xidmət edən bu bəyanatları ilk növbədə  Ermənistanın maraqlarına ziddir və onun ziyanına işləyir: 


“Bu cür bəyanatlarla Paşinyan hakimiyyəti  təkcə Ermənistanı deyil, bütövlükdə bölgəni təhlükəyə sürükləyir. Onun bu məsuliyyətsiz bəyanatları bölgədəki mövcud kövrək sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. Ona görə də beynəlxalq aləm, ələlxüsus da Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədr ölkələri ciddi reaksiya verib,  Ermənistanı konstruktiv mövqe sərgiləməyə vadar etməlidirlər. Onlar Ermənistanın bu açıq işğalçılıq siyasətinə siyasi və hüquqi qiymət verib, onunla işğalçı dövlət kimi davranmalıdır. Əks təqdirdə gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisələrə biganə mövqe sərgilədiklərinə görə MQ həmsədr ölkələri məsuliyyət daşımalı olacaqlar.
 

 Dövlət başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri sonsuz deyil. Artıq Ermənistanın “qırmızı xətti” keçməsi Azərbaycanın səbr kasasını doldurmaqdadır. O baxımdan nə qədər gec deyil, Ermənistan özü konstruktiv mövqe sərgiləyərək, işğaçılıq siyasətindən əl çəkməlidir. Münaqişənin həllindəki vasitəçi ölkələr Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün konkret addımlar atmalıdır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top