Paşinyan əsgərlərinə alt paltarı tapmır — Polkovnik Ramaldanov

GÜNDƏM 12 avq 2019, 21:44

Ermənistanda oğullarını Qarabağda itirmiş əsgər anaları yenidən müdafiə nazirliyi qarşısında etiraza başlayıblar. Onlar sosial durumlarının yaxşı olmamasını, oğullarına görə açılmış cinayət işlərinin ört-basdır edilməsindən şikayətləniblər. Hətta erməni qadınlardan biri belə bir ifadə işlədib: 


“Mən bu dövlət üçün oğlumu verdim. Bu dövlətdə işləyən mərmurlardan biri də mənə oğlunun barmağını versə, onda bu dövlətdən heç nə istəmərəm”.  Görünür Paşinyan hakimiyyəti də bu cür etirazların qarşısını ala bilmədi. 


Moderator.az-a açıqlamasında keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, erməni əsgərlərinin anaları oğullarının bizim torpaqlarda ölməsini istəmir:


“Bu kimi halların baş verməsi heç də təəccüblü deyil. Düzdü, xalq da, cəmiyyət də quldur Sarkisyanın caynaqlarında qurtularaq elə bildilər ki, Paşinyan gəlsə, bu problemlər həllini tapacaq. Gözləyirdilər ki, Paşinyan Qarabağla bağlı müəyyən bir konstruktiv addım atacaq və Ermənistanı indiki vəziyyətdən xilas edəcək. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, anaları oğullarını itirib və onlar Sarkisyanın dövründə də tez-tez müdafiə nazirliyinin qarşısına üz tuturdular. Ancaq Paşinyanın gəlməsindən sonra da heç bir yenilik olmadı. 


Paşinyanın vəzifəyə gəlməsindən sonra əvvəlki illərə nisbətən, indi erməni ordusunda itkilərin sayı daha çox olub və bu da qeyri döyüş şəraitində baş verib. Erməni ordusunda nizam-intizam daha da pozulub. Ermənistanda Paşinyan gələndən sonra cəbhə bölgəsində əsgərlərin sosial durumu daha da pisləşib. Bilirsiniz ki, son zamanlar Paşinyan əsgərlərinə alt paltarı tapmaq üçün xalqa müraciət edir. Erməni əsgərləri hətta alt paltarları ilə təmin oluna bilmirlər. Paşinyan  öz oğlunu Qarabağa göndərməklə istədi ki, vəziyyəti bir az nəzarət altına alsın. Amma insanları aldatmaq olmaz, əsgər anası bilir ki, sadə əsgərlə məmur oğlunun xidməti şəraiti eyni səviyyədə olmayacaq. Paşinyan bu cür ucuz papulist xəstəliyə tutulub. Cəmiyyət vəziyyətin yaxşılaşmasını gözləyir. Paşinyan gələndən Qarabağla bağlı sərt çıxışlar edib elə bildi ki, cəmiyyətin ruh yüksəkliyinə nail olacaq, amma bu baş tutmadı”.


Ş.Ramaldanov bildirib ki, erməni gənclərindən fərqli olaraq bu gün bizim gənclərimiz özləri orduda xidmət etməyə daha çox can atırlar:


“Ermənistan cəmiyyəti artıq Qarabağ məsələsindən yorulub. Ölkə başçımızın paratda çıxışı zamanı düşmənin bütün strateji obyektlərinin hədəfimiz olmasını deməsi Ermənistan cəmiyyətini ciddi narahat etdi. Erməni əsgər anaları artıq istəmir ki, oğlanları Qarabağda ölsün. Onlar deyir ki, elə oğlum öz vətənində ölsün və mən bilim ki, oğlum öz vətəni uğurunda həlak olub. İyirmi beş ildə erməni ordusunda kifayət qədər itkilər olub. Bəzən mətbuatımızda məmur övladlarının əsgəri getmək məsələsi haqda mənfi fikirlər səslənir. Mən özüm bunun şahidi olmuşam ki, tanıdığım məmurların övladları əsgər getmək üçün özləri müraciət edirlər. Əgər bir insan vətənpərvərdisə, onun qarşısını heç kim ala bilməyəcək. Torpaqlarımızın işğal edilməsi gənclərimizin içinə o qədər hopub ki, onlar bu qisas hissi ilə yaşayırlar. Ona görə də Ermənistan cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında gedən proseslər bir-birinə əks istiqamətdə gedən proseslərdir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top