Bayram günü avtovağzalda bilet tapılmır - Taksilər isə qiymətləri ikiqat qaldırıb (FOTOLAR)

Hər il Qurban bayramı ərəfəsində rayonlara gedənlərin sayının çox olması səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanır. Bilet tapa bilməyən insanlar məcbur qalıb, bayram günü qiymətləri iki qat qaldıran taksilərdən istifadə edirlər. Bu il isə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb ki, bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb edib.

 

Bəs, avtovağzalda vəziyyət necədir? Görülən tədbirlər illərdir ki, dəyişməz olan mənzərəyə necə təsir edib? 

 

Musavat.com-un əməkdaşı olaraq avtovağzala yollanıb, oradakı vəziyyətlə tanış olub. Müşahidə olunub ki, bəzi bölgələrə avtobus qıtlığı yaşansa da tələbat əsasən ödənilib. 

 

Avtovağzalda ən çox sərnişini Gəncə, Qazax, Bərdə avtobuslarının qarşısında görmək mümkündür. Elə bilet kassalarının önündə də daha çox bu bölgələrə üz tutanlara rast gəlinir. 

 

Bu bölgələrə iritutumlu avtobuslar işləyir. Bayramla əlaqədar sərnişin çox olduğu üçün öncədən bilet alanlar gələn avtobuslara əyləşir, bu gün bilet alanlar isə əlavə xəttə buraxılacaq avtobusu gözləyirdilər. 

 

Onu da qeyd edək ki, artıq bir müddətdir, bilet kassaları gözləmə yerinin yanına köçürülüb. Ona görə  də insanlar bilet almaq üçün əvvəlki kimi avtovağzalın ucqar nöqtəsinə getməli olmurlar. 

 

Avtovağzalda xeyli sayda mühafizəçiyə də rast gəlmək olur. Xüsusilə də sərnişinlərin çox olduğu yerlərdə bir neçə nəfər mühafizəçi xidmət aparır. 

 

Bilet kassalarından bildiriblər ki, sərnişinlər zamanında bilet alarsa, heç bir problem olmaz: "Sərnişinlərə öncədən mətbuat vasitəsilə xəbərdarlıq edilib ki, biletləri bir neçə gün əvvəldən alsınlar. Ancaq buna baxmayaraq, bu gün də xeyli sayda vətəndaş bilet üçün müraciət edib. Onlara boş yerlərdən bilet satırıq. Yaxşı olar ki, vətəndaşlar bayram günlərində daha öncədən bilet alsınlar". 

 

Bu dəfə sürücülərlə yer davası edən sərnişinin, qiymət çək-çeviri edən sürücü müşahidə olunmayıb.

 

Ancaq yuxarıda da qeyd edildiyi kimi, bəzi bölgələrə sərnişindaşımada problem yaşanır. Xüsusilə də Sabirabad, Saatlı, İmişli mikroavtobuslarını gözləyən xeyli sərnişin avtovağzalın divarlarının kölgəsində oturub, taleləri ilə barışmış kimi görünürlər.

 

Onlar bildiriblər ki, hər il bayram günlərində eyni zülmü çəkirlər: "Bu bölgələrə bilet məsələsi formaldır. Yəni bileti alırıq, ancaq bizdən cəld tərpənənlər mikroavtobusa oturub, gedir. Biz də növbətini gözləyirik. Bu bölgələrə sərnişin daşımada qayda-qanun yoxdur. Rayonlardan daşımaçı şirkətlər avtobus göndərməsə, qalırıq yollarda, taksi ilə gedirik. Taksilər də biləndə ki, avtobus yoxdur, qiyməti iki qat dəyərinə qaldırırlar. Hazırda taksilər 8 manatlıq yolu 12 manata aparırlar". 

 

Eyni halı Beyləqan, Füzuli mikroavtobuslarının qarşısında da müşahidə olunur. Qeyd edək ki, bu bölgələrə iritutumlu avtobuslar deyil, "Qazel"lər yola düşür. Adətən də hər bayram günlərində qeyd etdiyimiz istiqamətlər üzrə problemlər yaşanır.

 

Onu da qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb ki, Qurban bayramı ilə əlaqədar ölkədəki 56 avtovağzal və avtostansiya kompleksi avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq. 

 

O da bildirilib ki, sərnişinlər hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə, (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat verə bilərlər. 

 

Avtovağzal rəsmiləri məlumat yayıb ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. "Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

 

 

11 Avqust 2019, 20:54   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß