Varlığı ilə yoxluğu bilinməyən bələdiyyələr — FƏALİYYƏTİNİZİ TƏBLİĞ EDİN!

SOSİAL 10 avq 2019, 19:50

Bu yazıda bələdiyyə sədrinin bugünkü durumu, yenidən bu vəzifəyə maraq göstərməsi, ümumiyyətlə real vəziyyət və qarşılaşdığı bəzi məqamlara toxuncağıq.


Sözsüz ki, 1607 bələdiyyə sədrinin hər biri haqqında məlumatım olmasada bir xeylisi haqqında bilgim var. Hətta aralarında özümə ən yaxın hesab etdiyim sədrlər də var. Onlar artıq mənim üçün bələdiyyə sədri deyil, yaxın dost, sirdaşdırlar. Ancaq onların sayı barmaqla sayıla biləcək qədərdir.


***


Beləliklə, mətləbə keçim. İlkin olaraq deyim ki, ölkəmizdə 1607 bələdiyyənin və 15035 bələdiyyə üzvünün olması həddindən artıq böyük rəqəm hesab edilməlidir. Dəfələrlə bu mövzuya istər ekspertlər, istər siyasilərdə toxunsalarda hər halda bu dəfəki seçkiyə birləşdirmə ilə gedəsi olmayacağıq.


Bundan başqa hazırda bələdiyyə sədrlərinin, xüsusəndə rayonlarda formalaşan bələdiyyələrin maliyyə durumu ağır vəziyyətdə olduğunu nəzərə alsaq, hazırda sədrlik edənlərin yəqinki xeyli bir hissəsi yenidən seçilmək niyyətində olmayacağı göz önündədir. Ancaq...


***


Bu arada bir məqama toxunum ki, sədr ilk olaraq bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılması istiqamətində addım atmaqla inzibati bina məsələsini həll etməyə maraqlı olmayıbsa, sakinlərin qaldırdığı problemin həllinə səy göstərməyibsə, müvafiq orqanlar qarşısında öz şəxsi problemini deyil, məhz bələdiyyənin problemini qaldırmayıbsa və sakit-dinməz daim yuxarıdan tapşırıq gözləyibsə, habelə bələdiyyəni borclu qoyubsa onun yenidən seçilməsinə mənəvi hüququ olmamalıdır. Yeni seçilənlər isə fikrimcə, ilk növbədə ona heç olmasa məqsədli yaradılan borcları ödətdirməlidirlər. Birmənalı olaraq. Yəni ondan bu borcun yaranması ilə bağlı izahat alınmalıdır. Bu bizim subyektiv fikrimizdir.


Qaldı ki, inzibati bina məsələsinə. Ona da ciddi məsələ kimi baxılmalı və ilk gündən möhürü ələ alan sədr oz kabinetini deyil qulluqçuların əmək şəraitinin yaxşılaşdırılmasına nail olmalıdır. Səy göstərməlidir, ruhdan düşməməlidir. Və sonrakı fəaliyyətində isə icra etdiyi layihələr barəsində habelə hər bir addım barəsində ictimaiyyəti, üzvləri, seçiciləri məlumatlandırmalıdır. Bu birmənalı olaraq belə olmalıdır. Bu həm də qanunun tələbidir.


Bəzi məqamlara faktlarla toxunaq. Maraqlıdır, nədən Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsi çalışır, sakinlərlə işləyir və ən yüksək əmlak vergisinin yığımına nail olur, amma qonşu Zığ və Hövsan bələdiyyəsi bu addımı atmağa maraqlı görünmür. Nədən Hövsan bələdiyyəsi altı ay ərzində cəmi 25 min manat vergi toplamalı idi. Nəzərə alaq ki, dövlətin ayırdığı dotasiya da bura daxildir. Məgər Hövsan qəsəbəsində hətta ay ərzində 25 min manat vergi toplamaq mümkün deyilmi. Bəs sual olunur bələdiyyə öz inzibati binasını hansı vəsaitlə inşa etdirib. Bu axı elə həmin bələdiyyədir və elə həmin üzvlərdir. Və yaxud Mehdiabad bələdiyyəsi fəaliyyətinin təbliğinə maraqlı olduğu halda nədən Məhəmmədi bələdiyyəsi, Ceyranbatan bələdiyyəsi, Xıradalan bələdiyyəsi, ümumilikdə Abşeron raynunun digər bələdiyyələri fəaliyyətlərinin təbliğinə maraqlı deyillər. Məgər Abşeron RİH bu məqama veto qoyubmu? Şəxsən mən buna inanmıram. İcra hakmiyyətləri özləri bu təbliğata maraqlı olmalıdır. Necə ola bilər ki, Sumqayıt ŞİH, Gəncə ŞİH, Binəqədi RİH bu təbliğata maraqlıdır, amma digərləri yox.


Demək, ilk olaraq sədrlərdə də maraq yoxdur, həmdə “çox gəlir əldə etməyi təbliğ etməklə kiminsə diqqətini cəlb edərəm” prinsipi əsas götürlür məncə. Bəlkədə bundada bir həqiqət var. Amma gəlir yoxdursa demək sakinin problemidə həll olunmamış qalır. Demək seçiciyə verdiyimiz öhdəliklərdə kağız üzərində qalır. Hər halda düşünməyə dəyər.


Və yaxud Bibiheybət bələdiyyəsi, Pirallahı rayonunda formalaşan bələdiyyələr, Qaradağ rayonundakı Qobustan, Qızıldaş, Səngəçal bələdiyyələrini misal çəkmək olar.


Varlığı ilə yoxluğu bilinməyən bələdiyyələr saysız hesabsızdır. Sözsüz ki,etiraf edilməlidir ki, bu işdə əsas problem bələdiyyə sədriylə yanaşı, bələdiyyəyə mənəvi dəstək göstərməli olan orqanlarında günahı vardır.


Bu arada bir məqamı da qeyd edim. Bu gün bizi seçki gözləyir. Yaxınlaşdıqca müəyyən narahatlıq hissləri də baş qaldıracağı istisna deyil. Buda təbiidir. Lakin sədrlər, üzvlərdə bilsinlər ki, istənilən halda görülən işlər seçki öncəsi daha çox təbliğ olunmalıdır. Seçici bələdiyyəsinin fəaliyyətinin yaxından izləməlidir, görməlidir. Və sözsüz ki, hər bir bələdiyyə sədrinin də bir narahat doğuran problem yarada biləcək seçicisi ola bilər, əslində elə vardır. Təbii ki, bzidə həmişə olduğu kimi bələdiyyələr haqqında sayta daxil olan məlumatları yalnız təhlil və dəqiqləşdirdikdən sonra yerləşdirməyə borcluyuq. Tövsiyəm odur ki, çalışın seçki öncəsi nə media ilə, nədəki mürəkkəb xarakterli seçicilərlə problem yaşanmasın. Hər halda bu sizin xeyrinizə olmaya bilər.


***


Belediyye.info olaraq   bu günədək 300 yaxın bələdiyyə ilə informasiya mübadiləsi aparılır. Sosial şəbəkədə isə dostluğumuzda olan 5 min nəfərə yaxın şəxsin xeyli hissəsi bələdiyyə sədri, üzvü və qulluqçularıdır. Mərkəzi şəhər və rayon bələdiyyə sədrlərinin xeyli hissəsi məhz sosial mediadan lazımı səviyyədə istifadə edir. Bu tamamailə diqqətiçəkən məqamdır.


Biz sosial medianın verdiyi imkandan yetərincə istifadə edərək bələdiyyələrin fəaliyyətini təbliğ edir, bələdiyyələri narahat edən məqamlar ictimailəşdirir, müəyyən faktları, uğurları qeyd edirik, bununlada əsas məqsədimiz bələdiyyələrin cəmyyətdəki hörmət və nüfuzunu artırmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaqdır.


Son olaraq özümüzdə belə bir suala cavab vermək istərdik -“ bəs biz seçici olaraq bələdiyyə sədrini necə görürük?”.


Beləliklə, mən bələdiyyə sədrini necə görmək istərdim?


Bələdiyyə sədri intellektul, hərtərəfli biliyə və təcrübəyə sahib olmalıdır. İstədiyi və istəmədiyi adamı belə qarşılayıb dinləməyi bacarmalı, qaldırılan problemin həllinə çalışmalı, hər bir seçiciyə əməli işiylə, fəaliyyətilə özünü sevdirməlidir. Bələdiyyə sədri həmdə üzvləri sevməli, bələdiyyə qulluqçularına diqqət yetirməli, şəffaflığın təmin edilməsində əsas funksiyanı oynamağı bacarmalıdır. Həmdə daim axtarışda olmaqla, təşəbbüskar olmağı da və ən əsası fəaliyyətinin təbliğinə maraqlı olmağı unutmamalıdır.Yalnız bu halda həmin bələdiyyə sədri ictimaiyyət arasında hörmət və nüfuz sahibi olacaq, müvafiq orqan rəhbərləri də onunla bir bələdiyyə sədri olaraq hesablaşacaqlar.


Mən bələdiyyə sədrini belə görmək arzusundayam.

 

Vüqar Tofiqli 
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top