Bakıda evlər bahalaşıb

SOSİAL 08 avq 2019, 18:30

Bazar münasibətlərinin tərkib hissəsi olaraq hər ay baş verən müxtəlif iqtisadi və sosial tendensiyalardan təsirlənən sektorlardan biri də daşınmaz əmlak bazarıdır.

 

“Report” iyul ayında daşınmaz əmlak bazarında gedən proseslərin mənzillərin, fərdi yaşayış və bağ evlərinin qiymətinə necə təsir etdiyini, bazarda alıcılıq qabiliyyətinin hansı səviyyədə olduğunu araşdırıb.


İlkin və təkrar mənzil bazarında vəziyyət


Mövzu ilə bağlı “MBA” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov “Report”a bildirib ki, ötən ay ilkin və təkrar mənzil bazarında qiymətlər azalıb: 


“Daşınmaz əmlak bazarında satış qiymətlərində iyul ayı ərzində 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,7% artım müşahidə edilib. O cümlədən təkrar və ilkin mənzil bazarında qiymətlərdə ay ərzində azalma nəzərə çarpıb. Təkrar mənzil bazarında əvvəlki aydan fərqli olaraq 1,85%, ilkin mənzil bazarında isə 1,67% azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin mənzil bazarında 7,91% artım olub, təkrar mənzil bazarında isə qiymətlər dəyişməyib. Seqmentlər üzrə isə dəyişiklik var. Belə ki, təkrar mənzil bazarında, ucuz, yəni 1 kvadrat metrinin qiyməti 1200 manatdan aşağı olan evlərdə iyul ayının nəticəsinə görə 1,04%, il ərzində isə 2,38% artım müşahidə edilib. 


Orta qiymətli, yəni 1 kvadrat metrinin qiyməti 2 min manata qədər olan evlərdə isə ay ərzində 0,78% artım olub, il ərzində isə qiymətlər stabil qalıb. Bahalı, yəni 1 kvadrat metrinin qiyməti 2 min manatdan artıq olan evlərdə isə ay ərzində 1,18%, il ərzində isə 2,45% azalma olub. İlkin mənzil bazarında da müvafiq olaraq ucuz evlərin qiymətində ay ərzində 1,44%, il ərzində 8,65% artım, orta evlərin qiymətində ay ərzində 3,47%, il ərzində 2,6% azalma, bahalı evlərdə isə ay ərzində 2,04%, il ərzində isə 5,43% artım nəzərə çarpıb.


Təkrar mənzil bazarında təklifin modası 33%, medianası isə 0,23% artıb. İlkin mənzil bazarında isə moda sabit qalıb, medianada isə 9,18% artım qeydə alınıb.


Mənzil alqı-satqısı


İl ərzində mənzil bazarında qiymət artımının ilkin səbəbi tələb-təklif balansının pozulmasıdır. Belə ki, potensial alıcıların gəlirlərində və bank kreditlərinin həcmində artımlar, insanların kredit əlçatanlığının yaxşılaşdırılması, neft qiymətlərinin son bir ildə stabil qalmasının insanları bazara ruhlandırması nəticəsində bazarda tələbin artımı yüksələn xətlə davam edir. 

Təklif portfelində isə son 1 il yarım müddətdə azalmalar var. Təklifdə azalmanın səbəbi əsasən son 1 il yarımda tikinti sektorunda azalmaların qeydə alınması və uçuntu obyektlərinin çoxalmasıdır. Belə ki, köhnə evlər sökülür, amma onun əvəzində bazara yeni təklif daxil olmur. Bunun nəticəsində də tələbə nisbətən təklifin azalması qiymətlərin artmasına təkan verir. Mənzil bazarında alıcılıq qabiliyyətində isə il üzrə 2015-2016-cı il ilə müqayisədə 2017-ci ilin 4-cü rübündən etibarən artım müşahidə olunur”.


Kirayə mənzil bazarında vəziyyət


N.İbrahimovun sözlərinə görə , kirayə mənzil bazarında iyul ayı ərzində 0,11% azalma, il ərzində isə 2%-dən çox qiymət artımı nəzərə çarpıb: “Bahalı evlərin qiyməti ay ərzində 0,48%, il ərzində 5,3%, ucuz evlərin qiyməti isə ay ərzində 6,35%, il ərzində 7,13% artıb. Təklifin modası sabit qalıb, mediana isə 2,38% artıb.


Kirayə mənzil bazarında təklfiin azalması müşahidə edilib. Xüsusən tələbələrə təklif edilən mənzillərin sayı azalıb. Belə ki, tələbələrin daha çox üstünlük verdikləri “Sovetski”, “Kubinka” kimi tanına yerlərdə, “Yasamal” rayonu ərazisində uçuntu həcminin artması ucuz kirayə evlərin bazardan çıxması ilə nəticələnib. Əvəzində isə bahalı evlər təklif portfelində çoxluq təşkil etməyə başlayıb ki, bu da orta satış qiymətlərini artırıb. 


Kirayə evlərin qiymət artımı əsasən təhsil ocaqlarına və metro stansiyalarına yaxın olan ərazilər üçün xarakterikdir. Məsələn, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığından təhsil ocaqları çox olduğundan burada bəzən mövsüm ərzində, yəni avqustun sonu, sentyabrın əvvəllərində 8-12% qiymət artımı müşahidə edilir. Aktiv ərazilərdə 2 otaqlı kirayə mənzillərin qiyməti 400-450 manat, 3 otaqlıların isə 550-700 manat civarında dəyişir”.


Fərdi yaşayış və bağ evləri bazarında vəziyyət


Ekspert qeyd edib ki, iyul ayının nəticələrinə görə, fərdi yaşayış və bağ evlərinin satış qiymətində aylıq 2,07% artım var: 


“Belə ki, iyun-iyul ayları fərdi yaşayış və bağ evləri bazarı üçün intensiv aylar hesab olunur. İl ərzində isə fərdi yaşayış və bağ evlərinin satış qiymətində 8,09% azalma olub ki, bunun da səbəbi əvvəlki illərlə müqayisədə insanların bağ evlərinə marağının azalmasıdır. Bu evlərin istismar və saxlanılma xərcləri insanlar tərəfindən artıq yük kimi qiymətləndirildiyinə görə onlara olan tələbat azalıb. Sadəcə, mövsümi aylarda ehtiyacı olanlar bağ evlərini kirayələməyə üstünlük verirlər. Fərdi yaşayış və bağ evləri, əsasən, Bakı şəhərindən kənarda yerləşir. Ona görə də bağ evlərinin ucuzlaşması adətən bahalı bağ evlərində müşahidə edilib. Məsələn, Bilgəh, Mərdəkan, Şağan, Buzovna, Novxanı ərazilərində yerləşən bağ evlərinin qiymətlərində əhəmiyyətli azalmalar var. Ucuz bağ evləri isə, əsasən, Hövsan, Kürdəxanı ərazilərində yerləşir”.


Torpaq bazarında vəziyyət


N.İbrahimov iyul ayında torpaq bazarında baş verən dəyişikliklərə də aydınlıq gətirib: 


“Torpaq bazarında əvvəlki aylarla müqayisədə iyul ayında qiymətlərin artım tempi aşağı düşüb. Belə ki, əgər əvvəlki aylar ərzində 1,5-2,5% qiymət artımı olurdusa, iyul ayının nəticəsinə görə bu artım 0,2%-dir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3%-ə yaxın artım var. Bu göstəricilər şəhər üzrə orta qiymət artımı göstəriciləridir. Şəhər kənarında isə qiymət artımı il ərzində ərazidən asılı olaraq 4-6% civarındadır”.


Eskpertin sözlərinə görə, ümumilikdə, ilin sonuna qədər daşınmaz əmlak bazarında qiymətlərin artımı proqnozlaşdırılır: 


“Qarşıdan payız ayları gəlir. Bu aylarda aktiv insanların bazara daxil olmaları çoxalır ki, bu da qiymət artımı yaradır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top