Fazil Mustafa Xətai ilə bağlı müzakirələrə son qoydu

GÜNDƏM 07 avq 2019, 12:53

Deputat Fazil Mustafa sosial şəbəkələrdə müzakirəyə çevrilən Şah İsmayıl Xətai ilə bağlı mövzunu bağladığını elan edib.

 

Demokrat.az xəbər verir ki, deputat Fazil Mustafa bu barədə “Facebook” sosial şəbəkəsində yazıb. 

 

“Sənin xahişini çevirə bilməm ki. Allah xatirinə bu mövzuda müzakirələri qapadırıq. Bir az da gələcəyə baxaq”,-deyə deputat vurğulayıb.


Buna qədər isə tanınmış jurnalist İlham Tumas Fazil Mustafaya müraciət edərək ondan Şah İsmayılla bağlı mövzusunun davam etməsinin səbəbini soruşmuşdu: “Fazil Mustafa, qadan alım, Sizdən xahiş edirəm, Siz bu mövzuda haqqsız, nahaqqsız, onu heç kim bilməz. Amma, gəlin, bunu baglayaq, abim! Hamı desin, hə! Şahımız xətrinə!”.

 

Deputatın ona verdiyi cavab isə belə olub: “Jurnalist dostum İlham Tumasın "Nə istəyirsən, bəy?" sualına cavabım: “İlham bəy, istədiyim Azərbaycan cəmiyyətində bütün həmvətənlərimizin siyasi, dini, sosial fərqliliyinə baxmadan qardaşlığıdır. Başqa heç bir niyyətim yox. Baxın, Azərbaycanda ən çox sevindiyim və təqdir etdiyim bu gün Heydər məscidində qılınan Vəhdət namazıdır. Özüm də iştirak edirəm və belə bir həmrəyliyi yaradanlara minnətdarlıq edirəm. Deyilə bilər ki, dinimizdə yoxdur, nə olsun, bu millətin fərqli formada ritualları yerinə yetirsələr də eyni inanca sahib insanları bir araya gəlib bir-birinə qarşı tolerantlıq göstərə bilirsə, bundan gözəl nə ola bilər. Tarixə və gələcəyə baxışda da insanlar fərqli düşünə bilər. Anlamalıyıq ki, söylədiyin hər hansı fikrə aqressiv yanaşılanda istər-istəməz bu əks tərəfdə asdekvat aqressiya doğurur. Ona görə də mən də hesab edirəm ki, bu kimi məsələləri sosial şəbəkədə deyil, daha çox elmi diskussiya mühitində aparmaq lazım ki, hamı dostcasına müzakirə edib dostcasına da ayrıla bilsin. 

 

Mənim ümumiyyətlə bu məsələyə münasibətim birmənalıdır: Özünü şiə və yaxud sünni adlandıran müsəlmanın daha doğru yolda olduğunu Allah bilər. Biz bəndələrin bunu müəyyən etməsini Quran məntiqi qəbul etmir. Bütün müsəlmanlar da qardaşdılar. Xüsusilə Azərbaycanda dünyəvi dövlət modelində bu qardaşlığın qorunması vacibdir. Şah İsmayıl məsələsinə gəldikdə isə ona da yanaşmam sırf milli baxış bucağındandır. Türk dilinin inkişafına böyük töfhə verib, dövrünün böyük sərkərdəsi olub, müsbət işləri də olub, lakin idarəetmədə bəzi tətbiqatları var ki, bunu günümüzün tolerantlıq dəyərlərinə zərər vurar deyə, qabartmaq doğru deyil. Biz çalışmalıyıq ki, heç bir mövzuda qırıcı üslubdan istifadə etməyək. Bir çox hallarda xüsusi saytlar və profillər var ki, mənə qarşı da etikadan kənar elə davranış sərgiləyirlər ki, etiraf edəm ki, mənim də cavabın qırıcı olur və bu da insanlara xoş təsir bağışlamır. Ancaq əvvəl-axır Azərbaycanda elitar müzakirə mühiti yaratmalıyıq ki, bir millətin övladları olaraq bir-birimizə sevgimizi, sayğımızı qoruya bilək”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top