"Paşinyan səsləndirdiyi “şüarla” qırmızı çizgiləri aşdı" - Biz nə etməliyik?

Ermənicə “miatsum” (birləşmək) şüarı Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar idi. Daha sonra bu şüardan imtina etdilər. Çünki separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, “birləşməni” beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar. Ona görə də separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər, dünyanın digər ölkələrindəki separatçılar kimi “müstəqillik” uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da “müstəqillik ideyası” adı altında həyata keçirildi. Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Köçəryan və Serj Sərkisyan “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını səsləndirmədilər. Çünki onlar da iki mühüm amilə görə bunu etmirdilər.

 

Birincisi, onlar anlayırdılar ki, “birləşmə” ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək;

 

İkincisi, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində “Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar.

 

Ermənistanın hazırki baş naziri Nikol Paşinyan xələflərindən fərqli yol seçdi. O çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı və avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, “Arsax elə Ermənistandır”. Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və bölgədə gələnilki “prezident seçkisində” öz adamını kürsüdə otuzdurmaq istəyir. Paşinyan “Arsax elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüarla” seçki kampaniyasına başlasın.

 

 

Nikol Paşinyanın məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi “şüarla” qırmızı çizgiləri aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanının” lideri Robert Köçəryan da yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Köçəryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək.

 

Bəs belə vəziyyətdə biz nə etməliyik?

 

Birincisi, dərhal beynəlxalq təşkilatların Paşinyanın açıqlamasına münasibət bildirilməlidir. Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankədidəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir. Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək.

 

İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayınlamalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa prosesi”, nə də “Madrid planı” qalır.

 

Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik.

 

Politoloq Elxan Şahinoğlu 

6 Avqust 2019, 14:03   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß