BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib — FOTO

HADİSƏ 05 avq 2019, 21:45

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub.


İnstitutdan Demokrat.az-a bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı parlamentdə aparılan gərgin müzakirələr, parlamentin universitetlə bağlı çıxardığı qanun layihəsi oxuculara təqdim olunur. Bundan başqa, universitetin 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, bu ali təhsil ocağı ilə bağlı verilmiş dekretlər, fakültə quruculuğu, tələbə və müəllim heyətinin formalaşdırılması, eləcə də universitetin adının 1922-ci ildə dəyişdirilməsi, 1930-cu ildə fəaliyyətinin dayandırılması, 1934-cü ildə yenidən açılması, 1939-cu ildə ali məktəbə S.M.Kirovun adının verilməsi arxiv sənədləri əsasında araşdırılır.


Nəşrdə universitetin 1990-cı ildən sonrakı fəaliyyəti haqqında da məlumat verilir.


“Bakı Dövlət Universitetinin tarixi” kitabının müəllifləri Ziyad Əmrahov və Samir İsmayılov, redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.


Kitaba BDU-nun rektoru Elçin Babayev “Ön söz” yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top