Həyat yoldaşlarını başqa məktəbə keçirmək istədilər - 11 min manat ziyana düşdülər

Özlərini Təhsil Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzların işi Binəqədi Rayon Məhkəməsinə verilib.

 

Demokrat.az bildirir ki, bu barədə Oxu.Az-a Binəqədi Şəhər Prokurorluğundan məlumat verilib.

 

Kərimov Kənan Etibar oğlu və Rüstəmov Səbuhi Əşrəf oğlu hakim qarşısına çıxacaqlar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.1, 178 2.1 və 178.2.2-ci maddələri (bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq) üzrə cinayət işi qaldırılıb. Hər iki şəxs həmin maddələlər üzrə ümumilikdə 71 min manat mənimsəməkdə ittiham olunur.

 

Dələduzların törətdikləri əməlin qurbanı olan Seymur Veysəlov və onun adının açıqlanmasını istəyəmən dostu İ.Q. Oxu.Az-a müraciət ediblər. Onlar təqsirkarların qanunla ciddi cəzalandırılmasını tələb edirlər.

 

S.Veysəlov və dostu müəllimə işləyən həyat yoldaşlarının yaxınlıqdakı orta ümumtəhsil məktəblərinə keçirilməsi problemi ilə üzləşiblər.

 

“Həyat yoldaşlarımız ötən il müəllimlik üzrə dövlət imtahanı veriblər və müəyyən sayda bal toplayaraq işə qəbul olunublar. Onlar üçün müəyyən edilən məktəblər qaldığımız yerdən çox uzaqda yerləşdiyinə görə Mahir adlı tanışın tövsiyəsi ilə Kənan Kərimovla görüşdük. Mahir Kərimovun yaxın dostu olub. Sonuncu pul müqabilində həyat yoldaşlarımızı yaxın məktəblərə keçirməyi vəd edib”, - S.Veysəlov deyir.

 

Zərərçəkənlər K.Kərimovun vədlərinə inanıblar, çünki o, təhsil sahəsində işləyib. K.Kərimova tələb etdiyi məbləğ (S.Veysəlovdan 5 min, dostundan isə 6 min manat) verilib. Lakin o, vədinə əməl etməyib.

 

Belə olan halda dostlar K.Kərimovun yalan danışmasından şübhələniblər. Zərərçəkənlər ərizə ilə polisə müraciət etmək qərarına gəliblər. Müəyyən müddət keçəndən sonra məlum olub ki, K.Kərimovun adı Nərimanov və Sabunçu rayonları ərazisində törədilmiş fırıldaqlarda hallanır. Bu işdə ona Səbuhi Rüstəmov kömək edib. K.Kərimovun daha əvvəl qanunsuz fəaliyyətinə görə Təhsil Nazirliyindən qovulduğu üzə çıxıb.

 

Zərər çəkənlər qeyd ediblər ki, polis K.Kərimovu həbs etməyib:

 

“Üstəlik, fırıldaqçı bazar ertəsi Qazaxıstana qaçıb. Lakin saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Rüstəmov ekstradisiya olunduqdan bir ay sonra azadlığa çıxıb. Kərimov lovğalanırdı ki, mənimsənilmiş pulları qaytarmaqdansa, azadlığa çıxmaq üçün pul vermək daha yaxşıdır. Öz səhvimizə görə bu vəziyyətə düşdüyümüzü bilirik, lakin bu o demək deyil ki, dələduzluq cəzalandırılmamalıdır”.

3 Avqust 2019, 10:23   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß