Süni qiymət artımının qarşısını necə almaq olar ? - EKPERT RƏYİ

SOSİAL 01 avq 2019, 20:19

Süni qiymət artımının qarşısını almaq üçün ilk növbədə fermerlərin bazarlara sərbəst çıxışına imkan yaradılmasına və idxalatda liberallaşdırmaya, rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var".


Bunu “Ölkə.Az”a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə,  Azərbaycanda  ölkə başçısı tərəfindən  qəbul edilən sosial paketdən sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri qiymət artımı ilə bağlı olan məsələlərdir. “Sosial paket qəbul edildikdən sonra bazara 2,5 milyard manata yaxın vəsait daxil olması gözlənilir. Bu vəsaitin bazara daxil olması qiymət bahalaşmasına təsir edən amillərdən biridir. Sosial paketdə əsasən minimum əməkhaqqı və pensiyalar artdığından  daha çox yerli mala tələbatı artırıb. Ona görə də hökumət süni qiymət artımına  qarşı tədbirlər görməlidir”- ekspert qeyd edib.

 

V.Bayramov bildirib ki, sosial paketin təqdim olunmasından sonra bazarlarda qiymət artımı müşahidə olmaqdadır: “Qiymət artımı daha çox kənd təsərrüfatı məhsullarında qeydə alınmaqdadır. Belə ki,  paytaxt, digər iri şəhərlərlə kənd arasında qiymətlərdə ciddi fərq olub. Bəzi hallarda paytaxt, iri şəhərlərdəki qiymətlə  bostanda fermerlərin satdığı qiymət arasındakı fərq üç dəfədən çox baha olub. Bundan qazanan  fermer və ya kəndçi olmayıb. Ona görə də belə süni qiymət artımına qarşı mübarizə aparılmalıdır və buna ehtiyac var”- ekspert bildirib.
İqtisadçı ekspert hesab edir ki, süni qiymət bahalaşmasına qarşı mübarizə isə inzibati yolla həyata keçirilməməlidir: “Bunun üçün fermerlərin bazarlara çıxışına imkanlar genişləndirilməlidir. Qiymət artımın səbəbi də məhz fermerlərin bazara sərbəst çıxışına maneçilik yardılmasındadır. Odur ki, fermerlərin bazarlara çıxışına  yaradılan maneələrin aradan qaldırılmasına  ehtiyac var.   Bunun üçün Kənd Təsərrüfatı Nazirliyini “Kənddən şəhərə” layihəsinin  daha da genişləndirilməsinə, fermerlərə nəqliyyat daşımalarında  güzəştlər verilməsinə ehtiyac var.

 

Süni qiymət artımının digər məqamlardan biri də idxalatla bağlıdır. 2017-ci ildən etibarən manat kursunda stabillik hökm sürsə də, idxal olunan məhsullarda qiymət artımı müşahidə olunur. O baxımdan idxalatda liberallaşdırmaya və rəqabəti gücləndirməyə ehtiyac var. İdxalla məşğul olan şirkətlərin sayı artırılmalıdır. Yəni süni qiymət artımına qarşı  mübarizə kompleks şəkildə həyata keçirilməlidir”- ekspert qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top