Vətəndaş məhkəmədən ədalətli qərar gözləyir — PROBLEM

SOSİAL 01 avq 2019, 09:51

Vətəndaş ölkədə aparılan məhkəmə-hüquq islahatları və ədalətli məhkəmə qərarından dolayı ölkə rəhbərliyinə və Ali Məhkəməyə təşəkkür edib.


Bir müddət öncə Qafarov Sərdar Qafar oğlu hüquqlarının pozulduğunu iddia etmiş, Suraxanı rayonunda yerləşən və ona məxsus olan obyektin qohumları tərəfindən əlindən alınmağa çalışıldığını bildirmişdi.


Problemin qısa xülasəsini diqqətə çatdıraq:


Vətəndaş 1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Zavodunun yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi alıb. Həmin ərəfədə onun qohumu da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü alıb. 20 il keçdikdən sonra S.Qafarovun 100 kv. Metrlik ərazidə tikdiyi avtomobil sexinin gəlir gətirdiyini görən S.Qafarovun qohumları obyektin onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət ediblər. Lakin təqdim etdikləri sənəddə dəqiq ünvan və torpağın ərazisi göstərilməyib. Sadəcə ərazinin Balıq Zavodunun yaxınlığında olduğu qeyd edilib. S.Qafarovun obyekti ilə zavod arasında 40 metrdən çox məsafə, eləcə də zavodun dörd tərəfində bir çox boş ərazi olub. İcra Hakimiyyətinin bildirişində də qeyd edilib ki, kioskun və onun yerləşdiyi ərazinin yerini müəyyən etmək mümkün deyil. Bundan başqa obyektin kommunal xidmətləri hamısı S.Qafarovun atasının adınadır və 20 ildir xidmətlərdən istifadəyə görə ödəniş edirlər. Bununla belə Suraxanı rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ekspertiza aparmadan ərazinin Qafarovun qohumlarına məxsus olduğuna dair qərar çıxarmışdı.


Qərarlarla razılaşmayan vətəndaş Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə işə düzgün baxılmadığını hesab edərək yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Yaxın günlərdə baş tutacaq proses öncəsi Sərdar Qafarov həm ölkə rəhbərliyinə, həm Ali Məhkəməyə, həm də mətbuat nümayəndələrinə təşəkkür edib:


"Suraxanı və Bakı Apellyasiya Məhkəmələri heç bir ekspertiza aparmadan, əsaslı sübut olmadığı halda mənim əleyhimə qərar çıxarmışdı. İcra Hakimiyyəti yeri təyin etmədiyi halda məhkəmə 20 ildir işlətdiyim obyektin başqasına məxsus olduğunu bildirmişdi. Daha sonra mətbuat problem ictimailəşdirdim. Eləcə də Prezident Administirasiyasına, Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə müraciət etdim. Ali Məhkəmədə baş tutan prosesdə hakim Elşanə Vəliyeva sübuta yetirilmədiyi üçün işi aşağı instansiya məhkəməsinə qaytardı. Sevindirici haldır ki, ölkədə gedən Məhkəmə-Hüquq islahatları özünü əyani şəkildə göstərdi. Mən buradan ölkə başçısı cənab İlham Əliyevə, hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə Prezidentin köməkçisi Fuad Ələsgərova, Ədliyyə Naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də işə baxan hakim Elşanə Vəliyevaya təşəkkür edirəm. Vətəndaşlarımız əmin ola bilər ki, məhkəmə sistemində şəffaflıq təmin olunub. Hər bir vətəndaş pozulmuş hüquqlarını məhkəmə yolu ilə bərpa edə bilər. Eyni zamanda mediaya da təşəkkür edirəm ki, mənim problemimi işıqlandırdılar”.


S.Qafarov Bakı Apellyasiya Məhkəməsində baş tutacaq prosesdə də ədalətin bərqərar olacağına ümid etdiyini bildirib:


"Qeyd edim ki, bu cür hallar insanın iş fəaliyyətindən ayırır, mənfi təsir göstərir. Mən bir sahibkar kimi çoxlu stress və həyəcan yaşadım. Çünki 20 ildir işlətdiyim, evimə qazanc apardığım iş yerimi ədalətsizlik ucbatından itirmək təhlükəsi ilə üzləşmişdim.


Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində növbəti proses baş tutacaq. Şəffaflığın qorunması üçün bu dəfə işə baxan hakim dəyişdirildi. Ümid edirəm ki, bu iş Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tərəfindən nəzarətə götürüləcək və hakim Zaur Əliyev işə tam şəffaf şəkildə baxacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top