Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edildi

İQTİSADİYYAT 31 iyl 2019, 21:39

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi barədə Milli Məclisin qəbul etdiyi qanunda bildirilir. 

Belə ki, qanunun 8.0.13-cü maddəsi ləğv edilib. Bu isə Hesablama Palatasının qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək səlahiyyətinin ləğv edilməsi deməkdir.

Qanunda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1604-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top