Evinin qabağına şlaqbaum qoydurub, yolu kəsib - Bakıda məmur özbaşınalığı (FOTOLAR)

SOSİAL 31 iyl 2019, 16:21

Pirşağıda məmur özbaşınalığı bu dəfə özünü fərqli şəkildə biruzə verib. Evinin qarşısının toz olmasını və avtomobillərin səsindən narahat olmaq istəməyən şəxs əraziyə qanunsuz olaraq şlaqbaum qoydurub.

 

Demokrat.az bizimyol-a istinadən xəbər verir ki, bu barədə jurnalist Samirə Səfərəliyeva sosial şəbəkədə paylaşıb:

 

“Bu şəkillərə diqqətlə baxın və bu özbaşınalığa kim tərəfindən yol verildiyinə aydınlıq gətirməyimizə yardımçı olun. Məlumat üçün bildirim ki, bu fotolar Pirşağıda çəkilib. Şlaqbaumla yolu bağlayan isə hələlik adını dəqiqləşdirə bilmədiyimiz məmurdur. Təsəvvür edin, evinin qarşısından keçən ümumi yolu bu adam 100 metrlik məsafədə özəlləşdirərək oradan avtomobillərin hərəkətini tam dayandırıb.

 

Nəticədə o yolu getməyə məcbur olan sadə əhali bildiyiniz “qruntovoy”la üçqat artıq məsafə qət etməli olur ki, bu hələlik naməlum oliqarxın qapısına toz qonmasın. Üstəlik, adamda yumor hissi də güclüdür, şlaqbaumun düz yanında təmir gedən yollarda quraşdırılan üzrxahlıq lövhəsi də qoyub! Ərazidə müşahidə apararkən burada heç bir tikintinin aparılmadığına da əmin olduq, yalnız evin körpələrinə xidmət edən dayələr gəzirdi burada.

 

Çox maraqlıdır, ölkə başçısının sadə insanların sosial problemlərinə maksimum həssaslıq göstərdiyi bir vaxtda onlara əsl zülm yaşadan bu “qurd ürəyi yemiş” kimdi?”. 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top