"Mehriban Əliyevanın I vitse-prezident təyinatı sübut etdi ki, Azərbaycan qadınına heç bir sahədə çətinlik yoxdur" — Sahibkar (FOTOLAR)

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı göz önündədir. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salsaq bunu rəqəmlərdə tam şəkildə görə bilərik. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclaslarında da qeyri-neft sektorunun inkişafına xüsusi önəm verdiyini, ölkəmizdə sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq göstərişlərini vermişdir. 


Demokrat.az olaraq biz də "Made in Azerbaijan” brendini dünyaya daşıyan bütün şirkətləri təbliğ etməyi vacib bilirik. Bu şirkətlər arasında xüsusi çəkisi olanlardan biri də "Tovuz-Baltik LTD” şirkətidir. Müsahibimiz şirkətin direktor köməkçisi Günel Məmmədhəsənovadır.


- Günel xanım, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?


- İlk olaraq, "Made in Azerbaijan” brendini istehsal və ixrac edən şərab və şərabçılıq şirkəti olan "Tovuz-Baltiya” MMC adından Sizə sahibkarlara göstərdiyiniz maraq, eləcə də yerli məhsul və brendlərimizin beynəlxalq və yerli arenada tanıdılması istiqamətində verdiyiniz töhfə üçün dərin təşəkkürümüzü bildirmək istəyirəm.Bu gün Azərbaycanımız aqrar ölkədir. Hələ sovetlər dövründə üzümçülük və şərabçılıq sahəsində keçmiş SSRİ birliyi ölkələrinin ümumi istehsalının 30-32 %-i Azərbaycanın payına düşürdü. Həmin dövrlərdə ölkə büdcəsinin 40-50%-i üzümçülük və şərabçılıqdan daxil olan gəlirlər hesabına təmin edilirdi. Bu sahələrdə çalışanların sayı 300 min nəfərdən çox idi. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycan hələ Ümummilli liderimiz Heydər Əliyevin dövründə qeyri-neft sektorunda aqrar sahə üzrə ən aparıcı ölkələrdən biri olmuşdur. Təsadüfi deyildir ki, Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə yenidən ölkəmizə rəhbər seçildikdən sonra onun ilk verdiyi mühüm sərəncamlardan biri də 29 yanvar 2002-ci il tarixli 667 saylı qərarıolmuşur. Bu sərəncamda əsas məqam Azərbaycanda bu sahənin Avropa standartları səviyyəsinə çatdırılması ilə bağlı olmuşdur. Bu uğurlu iqtisadi siyasətin davamı kimi Prezident İlham Əliyevin 2017-ci ilin dekabr ayında verdiyi sərəncamla Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf etdirilməsi barədə dövlət proqramı qəbul edilmiş, bu dövlət proqramından sonra bütün regionlardaolan ənənəvi üzümçü sahibkarlar, fiziki və hüquqi şəxslər onlara yaradılan dövlət qayğısından bəhrələnərək üzüm bağlarının sahələrini Avropadan gətirilmiş sortlar hesabına genişləndirmiş, süfrə və texniki üzüm sortlarından rəqabət dözümlü, ixracat qabiliyyətli məhsullar istehsal edərək əsas məhsul kimi istər yaxın xarici bazarlara, istərsə dədünya bazarlarına ixrac edərək respublikamıza valyuta axınını təmim etmişlər. Lakin 2016-cı ilin mart ayının 1-də, eləcə də oktyabr ayının 5-də Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün bu fəaliyyətin daha uğurlu və daha mobil həyata keçirilməsi məqsədilə "Made in Azerbaijan” brendi yaradılaraq xarici bazarlara məhsulların icracı təmin edilmişdir. Beləliklə, İlham Əliyevin ardıcıl fərmanlarından bəhrələnib bütün köhnə əlaqələrimizi yenidən bərpa edərək ixracat qabiliyyətli, rəqabətə davamlı dünya standartlarına cavab verən məhsullar istehsal edərək istehsalımızı əvvəlki illərə nisbətən artırmışıq.

 

´Vaxt gələcək Tovuz dünyada ŞƏRAB ŞƏHƏRİ kimi tanınacaq´ - Günel Məmmədhəsənova (MÜSAHİBƏ+FOTOLAR)
 

- Biz "Made in Azerbaijan” brendini kifayət qədər təqdim edə bilirikmi? Və yaxud bu sahədə hansı problemlər var?


- Made in Azerbaijan brendinin xarici bazarlarda təşviqinə dair İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli sərəncamı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası” barəsindəki 401 saylı qərarı ölkə iqtisadiyyatının ixrac potensialının inkişafı üçün çox mühüm təkan olmuşdur. Bu fərmandan sonra ölkəmizdə istehsalat güclənmiş və "Made in Azerbaijan” devizi altında bir çox ixrac missiyalı sərgilər təşkil olunaraq, müxtəlif çeşidli məhsullar təqdim olunmuşdur. Doğrudur bu fərmanlara qədər ixracla bağlı müəyyən kiçik problemlərlə üzləşsək də, artıq bu fərmanlardan sonra bütün bu problemlər öz həllini tapmışdır. İstehsalçının ən vacib problemlərindən biri onun köməkçi vasitələrinin vaxtlı-vaxtında yerində olmamasıdır. İstehsalçılar üçün ən böyük tələbat olan şərab və şərab məhsullarının qablşadırılması üçün köməkçi materiallar kənar ölkələrdən gətirilir. Bu da, bizim tərəfdaşlarımız arasında bağladığımız müqavilələrlə qoyulan öhdəliklərimizin vaxtında həyata keçirilməsində çox ciddi problemlər yaradır. Bu problemləri aradan qaldırmaq və istehsalçılarımızın fəaliyyətini asanlaşdırmaq üçün bu sahədə dövlətimizin aidiyyatı qurumlar üzrə tədbirlər həyata keçirməsi məqsədə uyğundur.

 


- Bazarda Sizin məhsullarınız yeri hansı səviyyədədir?


- İstehsal olunan məhsulların əsas alıcıları Azərbaycan Respublikasının rayon və şəhərlərində fəaliyyət göstərən ticarət sahələri və pərakəndə satış məntəqələridir. Qeyd etməliyəm ki, xarici bazar bizim məhsulların satış dövriyyəsində çox mühüm yer tutur. Belə ki, ümumi istehsal olunan məhsulların 94,5% xarici bazarlara ixrac olunur.


- Sizin şirkətin hansı özəl məhsulları var?


- Ölkəmizdə məşhur fransız konyak brendinin alternativi sayılan Tovuz brendisi istər daxili, istərsə də xaricdə alıcılar tərəfindən çox böyük maraq və istəklə qarşılanır. Azərbaycanımızın gözəl guşələrindən olan Tovuz regionu da vaxt gələcək Fransanın Konyak şəhəri kimi məşhurlaşaraq, dünyaca şöhrətli ŞƏRAB ŞƏHƏRİNƏ çevirəcəkdir.

 


 

- Gələcəkdə Sizdən nə kimi yeniliklər gözləyə bilərik?


- Ulu Öndərimizin respublika toplantılarının birində çox gözəl şəkildə və uzaqgörənliklə qeyd etmişdir ki, zaman gələcək Azərbaycan neft ölkəsi olaraq tanındığı kimi, nar məhsulları istehsalı və ixracatçısı kimi də tanınacaqdır. Biz də, Ümummilli liderimizin çıxışından sonra bütün fəaliyyətimizin istiqamətini daha da genişləndirərək nardan hazırlanan məhsulların istehsalına və emalına yönləndirərək Fransanın orqanik bio sertifikatını əldə edərək nardan tək şərab, şirə deyil, həmçinin oynaq şərablar, sərinləşdirici içkilər, soyuq nar çayı, nar qurusu və digər məhsulların alınması üzrə işlərə başlanaraq uğurla həyata keçirməyə davam edirik. Bütün bu nailiyyətlərin mərkəzində möhtərəm prezidentimizin biz sahibkarlara göstərdiyi diqqət və qayğı, yaratdığı münbit biznes mühiti kimi amillər durur. Gələcəkdə ölkəmizin dünya bazarında daha da tanınması və inkişafı üçün bir neçə uğurlu layihələrə imza ataraq ölkəmizin istehsal gücünü artırmağı hədəfləyirik. Bu istiqamətdə həyata keçirdiyimiz mühüm uğurlarımızdan biri də Fransada həyata keçirilən "Qafqazın mirvarisi Azərbaycan” adlı layihədir: ölkəmizin rəmzi olan nar meyvəsindən alınan müxtəlif çeşidli şərab və şirə məhsullarının istehsalı və təbliğidir.

 


- Bugünə qədər yerli və beynəlxalq səviyyədə hansı uğurlara imza atmısınız?


- 29 aprel 2002-ci il tarixində Almaniyanın Frankfurt şəhərində keçirilən 27-ci Beynəlxalq sərgidə "Naig’s Co. "Tauz-Baltiya” LTD. Co. Şirkəti ən yaxşı ticarət markası adına layiq görülmüşdür. 25-29 iyun 2002-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Peterburq Şərab və alkoqollu içkilərin yarmarkası-2002” Beynəlxalq ixtisaslaşdırılmış sərgidə alkoqollu içkilərimiz Fəxri Diplom ilə mükafatlandırılmışdır. Bundan başqa, 2006-cı ildə alkoqolluq içkilərimiz Rusiya Elmi Xalq Təsərrüfatı Akademiyası tərəfindən Diplom və qızıl medal ilə mükafatlandırılmışdır.


2007-ci ildə isə Rusiyada keçirilmiş "Vinnaya Karta Open-2007” şərab və alkoqollu içkilərin beynəlxalq müsabiqəsində "Brendi Abşeron VS”, "Brendi Azerbaycan VSOP”, "Brendi Sirvan VVSOP” və "Brendi Sirvan XO” içkiləri yüksək keyfiyyətinə görə diplom və qızıl medalla təltif edilmişdir. Həmin ildə Şirkətin istehsal etdiyi alkoqollu içkilər Rusiya Elmi Xalq Təsərrüfatı Akademiyası tərəfindən Diplom ilə mükafatlandırılmışdır.


2008-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Drink Expo” beynəlxalq forumunda "Tovuz Qarpız Al-Kuhl” alkoqollu içkisi Fəxri Diplom ilə mükafatlandırılmışdır. 2011-ci ildə isə Rusiyanın Moskva şəhərində keçirilən "18-ci beynəlxalq qida məhsulları, içki və onların istehsalında istifadə edilən xammal” sərgisində Laureat Diplomu və qızıl medal ilə mükafatlandırılmışdır.


Qeyd edək ki, Şirkət qazandığı bütün nailiyyətlərə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fəxri Fərman ilə mükafatlandırılmışdır. Ən böyük beynəlxalq uğurlarımızdan biri də həmçinin Polşa və Kiyevdə keçirilən forumlarda ikitərəfli müqavilələrin bağlanması və cənab prezidentimizin sahibkarlara göstərdiyi qayğı nəticəsində 25 aprel 2017-ci ildə İlham Əliyevin sərəncamına əsasən şirkət rəhbərimizin sahibkarlığın inkişafında göstərdiyi xidmətlərə görə təltif edildiyi şərəf ordenidir.

 


- Azərbaycanda bir xanım olaraq iş adamı olmaq çətin deyil ki?


- Azərbaycan əsrlər boyu qadınlara həyatın bütün seqmentlərində daha geniş yer verərək, tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu obrazını hər zaman yaşatmışdır. Belə ki, bizim qadınlarımız mənsub olduğu ailənin yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına böyük töhfələr vermişdir. Buna parlaq nümunə olaraq Nüşabə xatun, Tomris, Burla xatun, Banu Çiçək, Xurşudbanu Natəvan kimi yaşadığı dövrün böyük şəxsiyyətləri olan qadınlarımızı göstərə bilərik. Demək istədiyim odur ki, adlarını çəkdiyim güclü qadınlar tək siyasi həyatda deyil, eyni zamanda iqtisadi və ictimai sahələrdə də böyük islahatlar apara bilmiş və nailiyyətlər qazanmışlardır. Ölkə başçımızın birinci xanım, Azərbaycan tarixində güclü qadınlar sırasında öz yerini alan ictimai-siyasi sahələrdə ən fəal qadınlardan biri olan Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə dair sərəncam bir daha sübut etdi ki, Azərbaycan qadını üçün heç bir sahədə fəaliyyət çətinliyi yoxdur. Çünki, Azərbaycan qadınına ölkə başçımız və onun birinci xanımı timsalında dəstək hər zaman mövcuddur. Biz də, zərif cinsin nümayəndəsi olaraq bu gözəl və uğurlu nümunədən bəhrələnərək, Azərbaycanımızın inkişafına öz töhfəmizi veririk. Bəli, bu missiya nə qədər asan olmasa belə, bir o qədər də, şərəflidir. Azərbaycan qadını dözümlü və əzmkar olmalıdır. Əgər hər hansısa bir işə könüldən yanaşsaq, o işin çətinliyi də insana zövq verir.(7NEWS.az)

26 İyul 2019, 14:43   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß