Rusiyalı bloger Laçındakı Ağoğlan məbədini erməni abidəsi kimi təqdim etdi - Video

27-ci ildir ki, erməni işğalı altında qalan Laçın rayonundakı Azərbaycanın İslama qədərki qədim dövrlərinə aid olan Ağoğlan məbəd kompleksindən yeni görüntülər yayılıb.  

 

Demokrat.Az moderator.az-a istinadən xəbər verir ki, “KarabakhTV”nin Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim etdiyi video-görüntülərdən bəlli olur ki, qanunsuz olaraq Azərbaycanın işğla altındakı torpaqlarına gəlmiş rusiyalı bloger abidənin yerləşdiyi ərazini “Dağlıq Qarabağ” ərazisi kimi göstərir, Azərbaycanın adını çəkmir. Eyni zamanda o, Ağoğlan məbədini ermənilər kimi “Sisernavank” adlandırır... 

 

Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri Faiq İsmayılovun Kosalar(Ağoğlan) kəndi və Ağoğlan məbədi haqqında verdiyi məlumatda deyilir:

 

“Kosalar (Kosalı) kəndi (sonralar bu kənd Ağoğlankənd adlandırılırdı) Qaraçorlu mahalının
ən qədim yaşayış məntəqələrindəndir. Kosalar kəndi Qarıqışlaq-Laçın şose yolunun 2-ci kilometrliyində Minkənd çayının sağ sahili istiqamətində çaydan cəmi 100-120 metr məsafədə dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə Zəngəzur vilayətinin ermənilərə bağışlanmış yaşayış məntəqələri olan, Xəzinəvar (Xoznavar) və Bayandur kənd ərazilərinin kəsişdiyi yerdə yerləşir. Tarixi baxımdan bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və tədəniyyət abidələri vardır. Bu kəndin ərazisindəki yeraltı keçidlər, sujetli daşlar və digər daşınan və daşınmaz memarlıq abidələri Azərbaycan tarixini çox qədim zamanlara hətta antik dövrlərə qədər aparıb çıxarır.

 

Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən «Ağoğlan» qəsr kompleksidir. Bu qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik qala «müşahidə qalası» var idi. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə ilk dəfə mən fikir irəli sürmüşdüm. Bu fikir 2009-cu ildə Lider televiziyasının təşəbbüsü ilə çəkilmiş «Qalalar» filmində də səsləndirilmişdir. Lakin biz bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri hələ erməni işğalına qədər olan dövrdə aşkar edə bilməmişdik. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar edə bildilər.

 

1992-ci il Laçın torpaqlarının işğalından sonra ermənilər Ağoğlan qəsrinin adını Tzitzernavank kəndin adını isə dövrü mətbuatda tez-tez səhv salaraq gah Zeyvə, gah da Hüsülü adlandırırlar. (Halbuki Zeyvə və Hüsülü kəndləri Kosalar kəndinin bir neçə kilometrliyində öz mövcudluqlarını indi də qoruyub saxlayırlar).

 

Ağoğlan qəsrinin bu ərazidə ilk dəfə IV əsrdə inşa edilməşi, barədə xeyli dəyərli sübutlar mövcud olsada, bu abidə kompleksinin hələ xristianlığa qədərki dövrə aid olması barədə fikir söyləyənlər də var. Məz buna görə də mütəxəsislər bu abidə kompleksini xristianlığa qədərki dövrə aid olan abidələr siyahısına daxil edilməsini vacib hesab edirlər. Abidə müxtəlif dövrlərdə uçquntulara və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə Alban dövrünün monastr stilinə uyğunlaşdırılmışdır. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, hətta yan divarların da aşağıdan yuxarıya 1,5-2 mer hündürlükdə salamat və sağlam qalan hissəsinə də toxunulmamış bu köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpa zamanı qəsr həqiqətən də Alban dövrünün son dəbli tikintilərindən sayılan Azərbaycan memarlığının monastır tipinə uyğunlaşdırılmışdır. Bu Alban Monastrının uzunluğu 25,6 metr eni isə 12,5 metrdir.

 

Kompleksin ümumi daxili ərazisi isə iki hektara yaxın ərazini əhatə edir. Bərpadan sonra «Ağoğlan qəsri» Alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Abidənin mərkəzi nefi qərbdən şərqə doğru, şimal və cənub sütunlarla sıralandığından binaya böyük əzəmət və ecazkar bir gözəllik verir.

 

Ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini yenidən təmir etmək bəhanəsi ilə abidənin divarları üzərində olan bir neçə daş yazıları eləcədə xeyli saydaalban dövrünə məxsus ornament və simvolları tamamilə məhv etmiş bir çoxunun isə formalarını dəyişdirilmişdilər

 

2006-cı ildə ABŞ-ın Kaliforniya Ştatının kilsə xadimlərindən əldə edilmiş ianələr hesabına

ermənilər bu abidəni ikinci dəfə təmir etmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə, erməni qriqoryan dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər.

 

Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 3 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş 2 ədəd xaçdaşı basdırıblar, binanın fasadını söküb dəyişərək, dəmir örtüklə əvəzlədilər. Beləliklə də bu abidənin divarları üzərində göstərilən əvvəlki tarixindən və öz əzəli orginal daxili interyerindən və baxanları heyran qoyan öz əzəli gözəlliyindən də məhrum oldu.

 

Ermənistan Hökumətinin xüsusi tapşırığı ilə erməni yepiskopları İrəvan şəhərində 2007-ci ildə Ağoğlan qəsrinə erməni kilsəsi statusu verildiyini elan etdilər.

 

Kosalar kəndinin ərazisi, bədii daş nümunələri, at-qoç fiqurları ilə zəngindir. Burada tarixi
bizə hələlik məlum olmayan yeraltı keçidlər və tunellər də öz varlığını qoruyub saxlamaqdadır.
Kosalar kəndinin etnik tərkibi bütün tarixi dövrlıərdə azərbaycanlılardan ibarət olub.
Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri
qara damlardan və sonralar müasirləşən müasir tipli balkonlu kənd evlərdən ibarət idi”.

 

 

 

27 İyun 2018, 19:49   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß