23 iyul tarixinin nə günahı var

TƏHLİL 23 iyl 2019, 10:24

Yenə 23 iyul tarixi, Ağdamın erməni silahlı dəstələri tərəfindən işğal edildiyi gün gəldi. Hər ilin bu günü gələndə hər bir Ağdam rayon sakini üçün 26 il əvvəlki gün yada düşür. Sanki elə fikir yaranır ki, bütün günahlar elə bu günün özündəymiş. Amma belə deyil...


Yəqin ki, zaman-zaman bizlərə bu ağrılı-acılı tarixi yaşadanlar barədə də tarixi günlər gələcək. Kimin kim olduğunu, erməni separatçılarının və erməni xislətli insanların daxili dünyası açılacaq, hər kəsə öz layiqli qiyməti gec də olsa veriləcəkdir.


Təsadüf kimi, Şuşa kimi əzəmətli bir qalanın süqutunun səhəri günü Qələbə gününü, media gününün səhəri günü isə Ağdamın işgal gününün qeyd etməli oluruq. Bəlkədə bizim üçün bu da bir sınaqdır. Amma bu günlərin heç bir günahı yoxdur.


Beləliklə, 23 iyul tarixindən bir gün əvvəl bizim qələm əhlinin bayramını keçirdik. 1993-cü ildə bu bayramın necə və hansı abu-havada keçirildiyi yadıma gəlmir. Amma təxmin edirəm ki, heç keçirilməyib. Çünki 1993-cü ilin həmin günləri hər birimizə çox gərgin anlar və ağrılı məqamları yaşadırdı. Nə isə.


Artıq o ildən 26 il keçir. Yenə deyəcəyik ki, inşallah gələn ilin bu vaxtını doğma Ağdamımızda keçirmək bizlərə qismət olsun. Və daha nələri ürəklə söyləyəcəyik...


Sözsüz ki, içi özüm qarışıq bəzən ağdamlığımıza salıb nətər pafosla danışırıqsa açığı elə hiss edirəm ki, gedib şəhəri bir dəfə dolanıb gəlmişəm. Bəlkə elə, belə pafoslu danışıqla özümüzü bir təhər aldatsaqda, sonda sanki rahatlaşmış oluruq. Nə etməli...


Daha bir ili də Ağdamsız, Qarabağsız yola verdik. Hələ daha neçə ili beləcə, bəlkədə boş-boşuna yola verəcəyik. Bilinmir.


Sözsüz ki, biz qələm əhli müəyyən məlumatın içərisində olsaq da, aysberqin görünməyən tərəfini görməyə çalışsaqda görə bilmirik. Siyasi meydanda yeni mübarizədən xəbərsizik. İş gedir, mübarizə gedir, ordumuz hər zaman döyüşə hazırdır, qələbə ruhu artıb. Bu həqiqətən belədir. Ölkəmiz 26 il əvvəli ki deyil. Hər tərəfli inkişaf görünməkdədir.


Amma...


Mən bu ildə Ağdama, Şuşaya gedə bilmədim. Bu ildə gedə bilməsəm, bəs nə vaxt gedə biləcəyəm? Axı mən bundan sonra heç olmasa öləziməkdə olan enerjimi Ağdamın, Qarabağın bərpasına sərf etmək istəyirəm. Bəs mənim bu istəyim nə vaxt gerçəkləşəcək? Özü də tək mənim yox, bütün Azərbaycanı sevən hər şəxsin ürəkdən istəyidir bu. Yəqin ki o günə az vaxt qalır. Yəqin...


Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top