Əli Kərimli liderinin təhqir edilməsinə niyə susur?

GÜNDƏM 20 iyl 2019, 22:44

Əbülfəz Elçibəyi tənqid etmək olar. Səhvlərini, zəif nöqtələrini də göstərmək olar. Ancaq ona agent demək heç bir əndazəyə sığmır. Çünki onda agent tipi yoxdur axı…


Mən Elçibəyi daha çox sözün düzünü, düşündüyünü danışan səmimi bir insan kimi tanımışam. Belə adamlardan heç vaxt agent olmur…


Ondan kimlərsə istifadə edə bilər, ediblər də. Onun səmimiliyindən, yaxşı adam olmasından, təmizliyindən, düzlüyündən çoxları istifadə edib. Çoxları bunun üzərində karyera qurub, onun adından istifadə edərək siyasətçi olub, pul qazanıb, başını başlara qoşub…


Elçibəy bəzən bunlara göz yumub, çünki o, geniş ürəkli bir adam idi, insana inanırdı, heç kəsin üzərindən dərhal xətt çəkmirdi, insanlara, xüsusilə də gənclərə islah olunmaları üçün şans verirdi. Ancaq mənə elə gəlir ki, bütün saf və səmimi insanlar kimi, Elçibəyi də aldada bilirdilər. Uyanıklar, qurnazlar, biclər, fitrətində ən güclü xarakter cizgisi olaraq hiylə və məkr gəzdirənlər zaman-zaman ona kəf gəlməyə, badalaq vurmağa çalışır və bəzən buna nail olurdular…


Ancaq Elçibəy agent deyildi. Belə adamlardan agent olmur, xüsusi xidmət orqanlarına bu cür „bohem“ təbiətli adamlarla işləmək ən azı sərfəli deyil. Çünki istənilən vaxt həqiqəti söyləyə bilər, heç ölümdən də qorxmaz.


Bir dəfə BDU-da prezident Əbülfəz Elçibəylə görüş vardı. Tələbələrlə Elçibəy arasında son dərəcə səmimi münasibət yaranmasından, azad atmosferdən narahat olan rektor Firudin Səməndərov (görüşü o aparırdı) qəfil tribunadakı prezidentə dedi: “Bəy, sizin bir saatdan sonra Prezident Aparatında mühüm görüşünüz var, gecikə bilərsiniz.” Elçibəy bir saniyə təəccüblə ona baxdı, sonra qolundakı saata baxıb dedi: “Mənim heç bir görüşüm yoxdur, qoyun tələbələrimlə doyunca söhbətləşim…”


Zalda gülüş qopdu, hamı ayağa qalxıb onu alqışladı. Fürudin müəllim isə pərt halda yerinə oturdu və daha danışmadı.


İndi sizə sual verirəm: belə adamdan agent olarmı? Məncə, olmaz! Belə misalların sayı onlarladır, Elçibəyi məndən daha yaxşı tanıyan, onunla daha yaxın təmasda olan insanlar qat-qat təsirli əhvalatlar bilirlər.


Ancaq təəssüflər olsun ki, onlardan bir çoxu bu gün susur və susanların başında da, əfsuslar olsun ki, Elçibəyin vaxtilə çox sevdiyi, dəyər verdiyi, həmişə qoruduğu, rəhbərlik etdiyi təşkilatı əmanət etdiyi Əli Kərimli gəlir.


Əli Kərimli bu gün ən azı formal olaraq Leyla Yunusa etiraz etməli idi. Çünki hazırda rəhbərlik etdiyi təşkilatın ondan əvvəlki sədrinə qarşı böhtan atılıb, ona qarşı ciddi ittiham irəli sürülüb. Mən insanlığı, haqq-salamı, çörəyi bir kənara qoyuram, çünki bizim demokratbaşlar bu dəyərləri çoxdan gözdən salıblar. Bəs siyasi varisliyə, əqidə yoldaşlığına nə deyirsiniz?


Mənə – AXC-dən istefa verən, onu ifşa edən, Elçibəyin özünü dəfələrlə tənqid edən adama bu ittiham ağır gəlir, amma Əli Kərimli susur. Özü də tək özü susmur e, hamılıqla, topdan susurlar. Mənim obyektiv tənqidlərimə ağız-ağıza verib söyüş yağdıranlar Leyla Yunusa “mıqq” eləyə bilmirlər. Nədən, əcəba?


Niyə bunlar Leyla Yunusdan bu qədər qorxurlar? Yəni Avropa qrantlarının kranının ventili Leylanın əlindədir? İstədiyi vaxt bağlaya və ya bağlatdıra bilər?


Tamamilə mümkündür. Çünki ermənilərlə qohumluğu var, erməni dilini azərbaycan dilindən yaxşı bilir. Belə şeylərə isə Avropa çox böyük önəm verir. Bəli, Əli Kərimlinin rəhbərlik etdiyi cəbhənin çörəyi də məhz elçibəylərə nifrət edənlərin erməni sevgisindən çıxır.


Onu da deyim ki, əgər Elçibəy KQB agenti olubsa, Əli Kərimli heç vaxt qeyri-agent ola bilməzdi. Görün bu adam Avropadakı müəyyən dairələrdən (əminəm ki, həm də düşmən dairələrdən), onların qrantlarından məhrum olmaqdan nə dərəcədə qorxursa, özünü müdafiə etməyə belə cəhd göstərmir.


Acınacaqlı situasiyadır, düşmənimə belə arzu etməzdim.


Nadir Qocabəyli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top