“Elçibəyin DTK şöbəsi tərəfindən həbs olunmasına imkan vermədim...” - Sabiq icra başçısı

SİYASƏT 18 iyl 2019, 18:19

Bu günlərdə yaradılmasının 30 ili tamam olan Azərbaycan Xalq Cəbhəsinin əsas ideya-mənəvi rəhbəri, lideri Əbülfəz Elçibəy olub.  

 

Mərhum eks-prezidenti hələ hakimiyyətə gəlməmişdən öncə tanıyan  sabiq deputat, Xızı rayonunun keçmiş icra başçısı Maksim Musayev Moderator.az əməkdaşı ilə söhbətində maraqlı bir epizod nəql edib:

 

“Mən “Elçibəy” kimi tanınan  mərhum eks-pezident Əbülfəz Əliyevin dövründə 6 ay Qax Rayon İcra Hakimiyyətinin başçısı işləmişəm. Rəhmətlik Elçibəyin idarəçilik təcrübəsi olmasa da, bir insan kimi, milli ruhlu, vətənpərvər vətəndaş kimi onun müsbət keyfiyyətlərini çox görmüşəm. Mən onu  hələ hakimiyyətə gəlməmişdən öncə tanıyırdım. Xarakteri, ideyası, Azərbaycana, türklüyə məhəbbəti barədə məlumatım vardı... 

 

Tanış olduğumuz ilk vaxtlara aid  bir  epizod danışacam. Bunu birinci dəfə sizə nəql edirəm. Hələ 1990-cı il - sovet dövrü idi. Mən Xızı rayon partiya komitəsinin 1-ci katibi işləyirdim. Orta Asiyadan Məhsəti türkləri didərgin düşüb və böyük bir qrupu Azərbaycana pənah gətirmişdi. Həmin didərginlərdən Xızıya da  gəlmişdi və  onları yerləşdirmək problemi yaranmışdı. Bundan öncə Qasımkənd kəndində Ermənistan didərginlərini yerləşdirmək üçün 14 ev tikdirmişdik. Lakin Məhsəti türklərinin müraciətindən sonra həmin kəndə onları yerləşdirmək qərarına gəldim.  Onlar üçün məktəb, uşaq bağçası da tikdik... 

 

Bir gün o dövrdə Xızını da kurasiya edən Sumqayıt  DTK-nin sədri zəng vurdu ki, bəs Xalq Cəbhəsinin lideri Əbülfəz Əliyev Qasımkənddə məhsəti türkləri arasında təxribat işi aparır, oraya  xüsusi qrup yeridərək onu həbs etmək istəyirik. Dedim, ola bilməz, həmin kəndin yolu da çətindir, oraya necə gedib çıxıb. “KQB” sədri cavab verdi ki, yox, dəqiq məlumatdır, biz indi oraya qrup göndəririk. Cavab verdim ki, siz Sumqayıtdan oraya gedənədək iş-işdən keçəcək, mən özüm məsələni həll edərəm, narahat olmayın. Razılaşdı, amma dedi ki, elə et, problem çıxmasın, mən rəhbərliyə hesabat verməliyəm. Tez maşını sürdürdüm Qasımkəndə. Kəndə yaxınlaşanda gördüm qarşıdan göy rəngli bir “Jiquli” gəlir. Sürücüyə dedim ki, onun qarşısını kəs, qoyma gedə. Dayananda gördük  ki, həmin “Jiquli”nin arxasında əyləşən doğrudan da AXC lideridir. Onunla söhbət zamanı məlum oldu ki, gəlib türklərin vəziyyətini öyrənməyə; onlarla maraqlanan varmı, evləri varmı, dolana bilirlərmi və s. Sürücüyə tapşırdım ki, Elçibəyə desin, yolunu dəyişsin, Bakıya  başqa yolla qayıtsın və bir müddət buralarda görükməsin. Sumqayıtın DTK sədrinə də dedim ki, mən özüm maraqlandım, əmin oldum: Əbülfəz Əliyev Qasımkənddə hökumətə qarşı təxribat-filan aparmaq məqsədi ilə gəlməyib... Yəni mən öncədən bilirdim ki, Elçibəy milli ruhlu və təmiz adamdır, ona görə də onun həbs olunmasına imkan vermədim. Hakimiyyəti dövründə əmin oldum ki, onun əli harama, rüşvətə dəyməyib...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top