Türkiyəli general: "Rusiyadan yeni aldığımız S-400-in istifadəsi üçün azərbaycanlı hərbçilərdən yararlana bilərik" — EKSKLÜZİV

"Türkiyə Silahlı Qüvvələri Rusiyadan yeni aldığı S-400 "Triumf" zenit raket kompleksinin istifadə olunmasında Azərbaycan Ordusunun hərbçilərindən istifadə edə bilər". 


Bu fikirləri Demokrat.az-a eksklüziv açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.


Türkiyəli general deyib ki, Türkiyənin aldığı S-400 silahları qonşu və qardaş ölkə kimi Azərbaycanın da hava məkanının qorunmasına nəzarət edəcək:


"Qardaş Azərbaycanın hava məkanının təhdid olunması Türkiyənin təhdid olunması deməkdir. Eyni zamanda, bu, Azərbaycan və Türkiyə Silahlı Qüvvələru arasında mövcud qarşılıqlı hərbi əməkdaşlığın ruhunə ziddir. Ona görə də, bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Hesab edirəm ki, Türkiyə ərazisində yerləşdirilən S-400 kompleksi həm də Azərbaycanın hava məkanının qorunmasına töhfə verəcək. Yəqin ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək. Məsələn, Türkiyə əvvəlcədən Azərbaycanın hava məkanına qarşı hər hansı təhdid hiss edərsə, bu barədə dərhal qardaş ölkəyə məlumat verilə bilər. Eyni zamanda, bu sistemləri Azərbaycanla sərhədə yaxın ərazilərə də yerləşdirmək ola bilər. İstənilən halda, biz düşünürük ki, Azərbaycanın hərbi gücünün olması Türkiyənin hərbi gücünün olması deməkdir. Çünki Azərbaycan və Türkiyə bir millət, iki qardaş dövlətlərdir".

 

Related image


Azərbaycan Silahlı Qüvvələrinin arsenalında S-300 zenit raket kompleksinin olduğunu xatırladan Kürşat Atılgan qeyd edib ki, azərbaycanlı hərbçiləri bu silahdan daha əvvəllər istifadə etdiyi üçün onların bu sahədə böyük təcrübəsi var:


"Türkiyə Silahlı Qüvvələri Rusiyadan aldığı S-400 silahlarından istifadənin öyrənilməsində azərbaycanlı hərbçilərin bilik və təcrübələrindən də yararlana bilər. Çünki qardaş Azərbaycan Ordusunun hərbçilərinə bu silah yad deyil. Onlar daha öncədən bu silahdan istifadəni öyrəniblər. Hesab edirəm ki, Türkiyə ordusu S-400 silahın istifadə edəcək hərbi personala azərbaycanlı hərbçiləri də cəlb edə bilər. Yəqin ki, bu istiqamətdə iki ölkə arasında müəyyən danışıqlar aparıla bilər".  


Xatırladaq ki, 28 aprel 2017-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan S-400 "Triumf" zenit raket kompleksinin çatdırılması ilə bağlı razılıq əldə edildiyini bəyan edib. 12 sentyabr 2017-ci ildə Türkiyəyə bu sistemlərin çatdırılma müqaviləsinin imzalanması elan edilib. 

Rusiyanın "Rostex" dövlət şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Türkiyənin Rusiyadan aldığı 4 divizion S-400 "Triumf" kompleksi 2.5 milyard ABŞ dollarına başa gəlib.  Bu ilin iyul ayının 15-də isə plana uyğun olaraq silahlar Türkiyəyə çatdırılıb və ilkin olaraq Ankara yaxınlığında xidmətə başlayıb.


Zaur Hacılı
Demokrat.az

18 İyul 2019, 11:52   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß