Azərbaycanın məşəqqətli avrointeqrasiya yolu

GÜNDƏM 16 iyl 2019, 18:21

1990-cı illərin sonlarında - 2000-ci illərin əvvəllərində Azərbaycanda siyasətçilərin, ictimai xadimlərin, vətəndaş fəallarının dilində ən məşhur sözlərdən biri avrointeqrasiya idi.


Həmin vaxt avrointeqrasiya prosesində Azərbaycanın fəallığı hamının ölkənin bu məsələdə lider və digər region ölkələri üçün nümunə olacağını təxmin etməsinə əsas verirdi. Amma bir çox səbəblərdən ölkədə proses ləngidi. Bu ləngimə o qədər kəskin oldu ki, indi avrointeqrasiya məsələsində Azərbaycan təkcə Cənubi Qafqazda autsayder deyil. Çünki Orta Asiya ölkələri belə çox yaxın gələcəkdə Aİ ilə yaxınlaşma prosesində Azərbaycanı ötüb keçə bilər. Özbəkistan bunun parlaq nümunəsidir. Özbəkistanın yeni hakimiyyəti ölkəni Avropa üçün açıb və xoş məram əlaməti olaraq birtərəfli qaydada Aİ vətəndaşları üçün viza prosedurlarını ləğv edib. Fevralda Özbəkistan və Aİ 1990-cı ildən qüvvədə olan müqaviləni əvəz edəcək genişlənmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında yeni Sazişin strukturu üzrə "anlaşma əldə edib". Daxil olan məlumata görə, Özbəkistan hətta yaxın gələcəkdə Aİ ilə aviasiya sazişi üzrə danışıqlara başlamağı planlaşdırır.


Qırğızıstan və Avropa İttifaqı iyulun 6-da Bişkekdə 1999-cu il tarixli ikitərəfli müqaviləni əvəz edəcək genişlənmiş əməkdaşlıq və tərəfdaşlıq haqqında yeni sazişi paraflayıb.


Azərbaycana gəlincə, Aİ ilə əməkdaşlıq, təəssüf ki, yalnız energetika sahəsi ilə məhdudlaşır. Hər iki tərəfin çoxsaylı vədlərinə baxmayraq, hazırda prioritet olan iki mühüm müqavilə - Aİ ilə yeni saziş və aviasiya sazişi ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur.


Bəhs edilən kontekstdə bu prosesləri digər iki Cənubi Qafqaz ölkəsində - Gürcüstan və Ermənistanda analoji proseslərlə müqayisə etmək doğru olardı.

 

Картинки по запросу Европейская интеграция Азербайджан


SSRİ-nin dağılmasından sonra eyni vaxtda müstəqillik əldə etmiş, eyni vaxtda Avropa Şurasına daxil olmuş və Avropa strukturları ilə digər inteqrasiya proseslərinə başlamış üç Cənubi Qafqaz ölkəsi hazırda 2000-ci illərin başlanğıcındakı nailiyyətlərin möhkəmləndirilməsi üzrə fərqli nəticələr nümayiş etdirir. Gürcüstan və Ermənistan Aİ ilə əməkdaşlığı dərinləşdirərək, Azərbaycandan xeyli irəli gediblər. Hətta Ermənistan Rusiyanın yaratdığı müxtəlif Avrasiya inteqrasiya qurumlarının üzvü ola-ola buna müvəffəq olub.


Gürcüstan Aİ ilə assosiasiya sazişi, Ermənistan Hərtərəfli Tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Onlardan fərqli olaraq, Azərbaycan üç ildir çərçivələri assosiasiya sazişindən xeyli dar olan yeni saziş üzrə danışıqları yekunlaşdıra bilmir. Hamıya aydındır ki, 2019-cu ilin oktyabrına qədər yeni saziş layihəsi üzrə danışıqlar başa çatmasa, müsbət nəticəni daha uzun müddət gözləmək lazım gələcək. Belə ki, oktyabrdan etibarən Aİ strukturlarında Avropa Parlamentinə may seçkilərinin yekunlarına əsasən formalaşacaq yeni komanda işləyəcək.


Gürcüstan və Ermənistan Aİ-dən cavab addımı gözləmədən, Aİ vətəndaşları üçün viza prosedurlarını birtərəfli qaydada ləğv edib. Minnətdarlıq kimi bir neçə il sonra Aİ buna cavab olaraq Gürcüstan vətəndaşları üçün vizanı ləğv edib və Ermənistanla bağlı da belə qərar qəbul edilərsə, təəccüblənmək lazım deyil.

 

Похожее изображение


Postsovet respublikaları arasında Azərbaycandan başqa yalnız Türkmənistan və Tacikistan Aİ vətəndaşları üçün viza prosedurlarını ləğv etməyib.


Bəli, Azərbaycan Aİ vətəndaşları üçün viza alınmasını xeyli asanlaşdırıb və "ASAN viza" sistemini tətbiq edib. Amma bu, vizasız rejim demək deyil. Vəziyyətin tragikomikliyi ondadır ki, Fars körfəzinin ərəb ölkələrinin və bəzi digər ölkələrin vətəndaşları viza dərdi çəkmədən Azərbaycana gəlib birbaşa aeroportda viza ala bilirlər, belə tez-tez inteqrasiya barədə danışdığımız Avropa ölkələrinin vətəndaşları isə, sadələşdirilmiş də olsa, viza prosedurlarından keçməlidirlər. Yəni Avropa vətəndaşları təhlükəsizlik məsələləri nöqteyi-nəzərdən daha təhlükəlidirlər ki, onların ölkəyə gəlmək üçün viza prosedurlarından və yoxlanışdan keçməsi tələb olunur?..


Bir anlıq da olsa yada salmalıyıq ki, Aİ uzun illərdir Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Amma Azərbaycan bir nömrəli tərəfdaşının vətəndaşlarını viza prosedurunun bütün etaplarını keçməyə məcbur edir.


Aİ ilə yeni müqaviləni müzakirə edərkən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatında üzvlük məsələsindən yan keçmək olmur. Belə ki, məhz ÜTT-də üzvlüyün olmaması Aİ ilə müqavilənin layihəsini tərtib edilməsində ilk çətinlik oldu. Məsələ ondadır ki, Aİ digər ölkələrlə əməkdaşlıq haqqında müqavilə imzalayanda ilk olraq ÜTT-nin qayda və standartlarına istinad edir və bu danışıqlar prosesini asanlaşdırır. Azərbaycanda isə ÜTT-də üzvlük xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə assosiasiya olunur. Uzun illərdir M.Məmmədquliyev "danışıqlar davam edir" ifadəsini təkrar etməklə məşğuldur.

 

Картинки по запросу Европейская интеграция Азербайджан


Azərbaycan ÜTT-də 1997-ci ildən müşahidəçi statusu var. ÜTT katibliyində Azərbaycan üzrə işçi qrup 1997-ci ilin iyulun 16-da yaradılıb. Qeyd etmək lazımdır ki, yalnız dörd postsovet ölkəsi - Azərbaycan, Belarus, Türkmənistan və Özbəkistan - ÜTT-in üzvü deyil. Üzv olmayan ölkərin coğrafiyasını daha da məhdudlaşdırsaq, deyə bilərik ki, Cənubi Qafqazda Azərbaycan bu təşkilata üzv olmayan yeganə ölkədir.


Və nəhayət Aİ ilə aviasiya üzrə danışıqlar. Bu məsələdə də biz Cənubi Qafqazın autsayderiyik. Azərbaycan vətəndaşları faktiki olaraq inhisarçı siyasətindən əl çəkmək istəməyən AZAL şirkətinin şıltaqlığının girovuna çevriliblər.


AZAL şirkətinin rəhbərliyinin heç bir xarici şirkətə mane olmadığı barədə çoxsaylı bəyanatlarına baxmayaraq, praktika əksini göstərir. Bəli, hüquqi cəhətdən heç bir maneə yoxdur. Amma, Bakıya uçuşlar təşkil etmək istəyən şirkətlərin təyyarələrinə xidmət olunması üçün elə astronomik qiymətlər təklif edilir ki, xarici şirkətlərin Bakıya uçuşlarla bağlı bütün maraqları yoxa çıxır.


Statistika özü AZAL nümayəndələrinin bəyanatlarını təkzib edir.

 

Картинки по запросу Wizzair AZAL


Əhalisinin sayı 5 milyon olan Gürcüstandan 80-dən çox istiqamət üzrə 50-dən çox aviaşirkətin təyyarələri uçur. Bu reyslərin də 50-dən çoxu Aİ ölkələrinin şəhərlərinədir. Təkcə Wizzair şirkəti Gürcüstandan Avropanın 40 şəhərinə birbaşa uçuşlar təşkil edir.


Əhalisinin sayı 3 milyon olan Ermənistandan 26 aviaşirkətin təyyarələri uçur.


Əhalisinin sayı 10 milyon olan Azərbaycandan isə 31 aviaşirkətin təyyarələri uçur və bunların cəmi 7-si Aİ şəhərlərinə birbaşa reyslərdir.


Turan agentliyinin müvafiq sorğusuna cavab olaraq Wizzair şirkətindən bildiriblər ki, Aİ ilə aviasiya müqaviləsinin olmaması ucbatından onlar Bakıdan yalnız Budapeştə uçuş təşkil edə bilirlər. Avropaının digər şəhərlərinə uçuşlar təşkil etmək üçün Aİ ilə aviasiya müqaviləsi lazımdır.

 

Картинки по запросу azal


Azərbaycan tərəfi isə əsasən AZAL şirkətinin taleyinə görə narahatdır. Belə ki, Avropa İttifaqı ilə aviasiya müqaviləsi bağlandıqdan sonra AZAL-ın müflis olacağından ehtiyat edirlər. Amma, Gürcüstan və Ukraynanın nümunələri göstərir ki, milli aviaşirkətlər nəinki öz fəaliyyətlərini dayandırmırlar, əksinə sağlam rəqabət şəraitində öz reyslərinin saylarını artırırlar.


Toxunulan hər üç mövzu Aİ ilə hərtəfərli əməkdaşlıq üçün əsasdır. Nəhayət, biz vətəndaş olaraq qəbul etməliyik ki, Aİ ilə əməkdaşlıq prosesini avrointeqrasiya adlandırmaq düzgün deyil, çünki biz Aİ ölkələrinin olduğu qitədə yerləşirik. Bu prosesi Avropa ölkələrinin yaşadığı Aİ standartları ilə razılıq və onların qəbul edilməsi kimi adlandırmaq lazımdır. Biz qəbul etməliyik ki, Azərbaycan Avropaya meylli ölkə yox, Avropa ölkələrindən biridir. Biz özümüzə yad olan bir sivilasiyaya inteqrasiya etmirik, əksinə qitədə olan ölkələrin əksəriyyətinin yaşadığı standart və qaydaları qəbul edirik. Əks halda, biz, Avropa Şurasının üzvü olmazdıq, bizim idman federasiyaları Avropa assosiasiyalarının üzvləri olmazdı, Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa çempionatları keçirilməzdi, futbol üzrə Avropa Liqasının finalı, Avroviziya mahnı yarışması Bakıda keçirilməzdi. Biz qəbul etməliyik ki, özümüz avropalıyıq və münasibətlərimizi də avropalı qonşularımızla qururuq.(Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top