“Sürətlə inkişaf edən Azərbaycan dünyada böyük nüfuz qazanır” — Deputat

SİYASƏT 16 iyl 2019, 16:48

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyevanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşü keçirilib. 


Demokrat.az xəbər verir ki, deputat S.Fətəliyeva qonaqlara Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyib. 


Deputat bildirib ki, ölkəmiz müsəlman Şərqində ilk dəfə demokratik, parlamentli dövlət qurub: 


“Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi təntənəli surətdə qeyd olundu. Hazırda ölkəmizdə siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əhəmiyyətli islahatlar aparılır. Enerji sektorunda həyata keçirilən qlobal layihələrdə ölkəmiz fəal iştirak edir. Biz region və dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq. Ölkəmizdə multikultural, tolerantlıq kimi dəyərlər geniş təbliğ olunur. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin sürətli inkişafında parlament önəmli rol oynayır. Bütün strukturlarda olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qanunverici orqanda həyatın müxtəlif sahələrini əhatə edən komitələr formalaşıb. Xarici ölkələrlə əlaqələr üzrə parlamentlərarası işçi qrupları mövcuddur. Deputatlarımız qanun yaradıcılığı ilə yanaşı, mötəbər beynəlxalq təşkilatlarda da fəal iş aparırlar”. 


S.Fətəliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xarici dövlətlərdə sosial, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib. 


Xanım millət vəkili Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən ASAN mərkəzlərinin fəaliyyətindən də bəhs edib. 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandez səfərin məqsədinin Azərbaycanın beynəlxalq əməkdaşıq sahəsində təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söyləyib. 


O, ölkəmizdə müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. 


Qonaq həmçinin Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) uğurlu fəaliyyəti barədə söhbət açıb: 


“Qurumun  dünyanın müxtəlif bölgələrində mövcud olan sosial problemlərin aradan qaldırılmasına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Təmsil etdiyim təşkilatla AİDA arasında əməkdaşlıq əhəmiyyətlidir. İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan dünyada getdikcə daha böyük nüfuz qazanır”. 


Bundan sonra S.Fətəliyeva qonaqları maraqlandıran suallara ətraflı cavablar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top