Rauf Arifoğluna 1 medal iki dəfə verildi — Deputatdan NARAZILIQ (FOTO)

GÜNDƏM 11 iyl 2019, 22:52

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə deputatlar, həmçinin bir qrup media, QHT nümayəndəsi, tədqiqatçılar və ictimai xadimlər Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis olunmuş medalla təltif olunublar. Təltif olunanların ümumi sayı 200 nəfərdən artıqdır. Lakin belə görünür ki, təltifetmə hələ davam edəcək.


Prezidentin bu sərəncamları cəmiyyətdə təqdirlə qarşılansa da, bəzi kiçik narazılıqlar da müşahidə olunur. Məsələn, təltif olunanlar arasında vaxtilə Məmməd Əmin Rəsulzadəni səviyyəsiz sözlərlə təhqir edən deputat Naqif Həmzəyevin də olması bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunur. Bundan başqa, təltif sərəncamlarından kənarda qalan bəzi tanınmış şəxslərin də narazı qaldıqlarını elə özlərinin sosial şəbəkə statuslarından aydın şəkildə görmək olur.

 

 

Bir başqa narazılıq motivi isə medalların sahiblərinə təqdim edilməsi üsulu ilə bağlıdır. Bəzi təltif olunanlar belə hesab edirlər ki, bu proses layiqli şəkildə təşkil olunmadı. Məsələn, deputat Fazil Mustafa qeyd edib ki, medallar onlara köməkçiləri vasitəsilə çatdırılıb. Sitat: Ölkə prezidentinin imzası ilə bu cür anlamlı medalı almaq hamımızı təbii ki, sevindirdi və buna görə də hər birimiz öz minnətdarlığını bildirdi. Lakin burada bir anlaşılmaz durum oldu ki, istər-istəməz xoş ovqat yaratmadı. Sosial şəbəkələrdə paylaşımlardan anlaşıldı ki, təltif olunannlara bu mükafatlar müxtəlif sahələrə rəhbərlik edən vəzifəli şəxslər tərəfindən təqdim olunub


Bu çox yaxşı haldır, çünki medal ölkə prezidentinin imzası ilə verilmişdə, bu imzaya xüsusi sayğı göstərmək lazımdır və prezidentin adından bu medalın təqdim olunması ritualının xüsusi etik anlamı var. Necə ki, bunu prezidentin köməkçisi Əli Həsənov Rauf Arifoğluna, təhsil naziri Ceyhun Bayramov Anar İsgəndərliyə, KİV DF-nın sədri Vüqar Səfərli Rəşad Məcidə medal verərkən etdilər.


Lakin nə səbəbdənsə Milli Məclisin deputatlarına prezidentin imzası ilə verilən medalları bizə öz köməkçilərimiz Milli Məclis binasından götürərək təqdim etdi və bunu Milli Məclis rəhbərliyi səviyyəsində kimsə təqdim etməyi məqsədəuyğun saymadı. Ən azı Milli Məclisin Komitə sədrləri məhz prezidentin imzasına hörmət əlaməti olaraq kiçik bir təqdimetmə mərasimi düzənləyib medianın qarşısında öz komitələrinin üzvü olan deputatlara bu medalı versəydi daha anlamlı olmazdımı?”

 


Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib və təltifçilərin bir qisminə medalları şəxsən təqdim edib. Digərlərinə isə medalları sahə üzrə rəhbər şəxslər təqdim ediblər. Məsələn, media nümayəndələri medalları KİV DF-nin icraçı direktoru Vüqar Səfərlinin əlindən alıblar. Hər halda sosial şəbəkədə yayılmış məlumatlarda belə deyilir. Nə qədər qəribə olsa da, Ə.Həsənovun iştirakilə keçirilən bu tədbir onlayn mediada demək olar ki, işıqlandırılmayıb (Məsələn, kaspi.az, movqe.az saytları bu tədbiri görməzdən gəliblər). Yalnız APA agentliyi 3-4 cümləlik xəbər və bir neçə foto təqdim edib.

 


Elə bu tədbirlə bağlı maraqlı bir məqam diqqətimizi çəkib. Məlumata görə təltif olunmuş media rəhbərlərinə medalları barəsində danışdığımız və mediada normal işıqlandırılmayan tədbirdə KİV DF rəhbəri Vüqar Səfərli təqdim edib. O cümlədən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da həmin tədbirdə iştirak edib və Vüqar Səfərlinin əlindən medalı alıb. Lakin bir qədər sonra R.Arifoğlu “Facebook”da belə bir paylaşım edib: “Cümhuriyyətimə xidmət edirəm! Cənab Prezident İlham Əliyev məni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi medalı ilə təltif edib. Təltifi onun köməkçisi, PA İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdan almaq çox xoş oldu”.

 


R.Arifoğlu bu paylaşımına medalı Prezidentin köməkçisindən alarkən çəkilmiş fotonu da əlavə edib. Lakin məkan fərqlidir – çox böyük ehtimalla Prezident Administrasiyası, Əli Həsənovun iş otağıdır.


Yəni belə görünür ki, deputatlara medallar köməkçiləri vasitəsilə çatdırıldığı halda, hörmətli Rauf bəyə medal təkrar-təkrar təqdim olunub – bir dəfə ümumi yığıncaqda Vüqar Səfərli tərəfindən, ardınca isə xüsusi qaydada hörmətli Əli Həsənov tərəfindən…


Bütün təltif olunanları təbrik edirik. Rauf bəyə isə yəqin ki, ikiqat təbrik düşür!…(“AzPolitika”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top