Nuru Paşaya verilmiş səlahiyyət, Osmanlının Qafqazdan gedişi… - Ordu necə quruldu?

Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasının yüzüncü ildönümü tamam olur.

 

Azərbaycan ordusu ağır şərtlər altında quruldu, çünki Çar Rusiyasının Qafqazı işğalından sonra Azərbaycan türkləri hərbi xidmətə aparılmırdı. Məhəmmədəmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında bununla bağlı yazırdı: “Ordu təşxili xüsusunda Azərbaycan Rusiya ənqazi üzərində təşəkkül edən cümhuriyyətlərin həpsindən qeyri-müsaid bir vəziyyətdə idi. Rusiya türklərindən xidməti-əsgəriyyəyə alınanları yalnız Volqaboyundakı türklər idi. Vəziyyəti-coğrafiyyələri etibarilə Rusiyadan ayrılmalarına ehtimal olunmadığından bu vəzifəyə alınmışlardır. Türküstan ilə Qafqasiya müsəlmanlarından isə əsgər alınmıyordu. Bu üzdən ordu təşkili azərbaycanlılar üçün pək müşkül bir iş oluyordu”.

 

Göründüyü kimi, Rəsulzadə azərbaycanlıların hərbi xidmətə aparılmamalarının əsas səbəbini açıq göstərib. Aydın olur ki, Çar Rusiyası Qafqaz müsəlmanları gələcəkdə hərbi gücə çevrilib silahı mərkəzə doğru tuşlamasınlar deyə onları hərbi xidmətdən azad edib.

 

Bu baxımdan I Dünya müharibəsi nəticəsində, eləcə də Rusiyada baş verən inqilablardan sonra yaranan hərbi-siyasi vəziyyət azərbaycanlıların əleyhinə çevrilirdi.

 

Üstəlik müsəlman-türk əhalinin yüz il boyunca hərbi xidmətə götürülməməsi, təbii ki, xalqın döyüş vərdişlərinin yetərincə zəifləməsinə səbəb olmuşdu. Bu siyasətin ən mənfi cəhətlərindən biri xalqın nəinki öz milli-hərbi qüvvələrindən, həm də milli zabitlərindən məhrum olması idi.

 

Azərbaycan Milli Ordusunun meydana çıxması Müsəlman Korpusunun yaradılması ilə birbaşa bağlıdır. Zaqafqaziya Komissarlığı 1917-ci ildə həm gürcü, həm erməni, həm də Azərbaycan xalqlarının milli-hərbi qüvvələrinin yaradılmasını münasib bildi. O ilin 11 dekabrında həmin hökumət çoxluğu Azərbaycan türklərindən oluşan Müsəlman Korpusunun yaradılması haqqında qərar verdi. Korpusun komandiri rus-yapon müharibəsində “rus topçuluğunun Allahı” adını qazanmış general-leytenant Əliağa Şıxlınski təyin edildi.

 

Ancaq bu korpus xalqı qorumaq gücündə deyildi. O üzdən 1918-ci ildə müstəqil dövlətin yaradıldığı elan edilən zaman azərbaycanlıların düşmən qarşısına çıxarmağa milli silahlı qüvvəsi yetmədi və özünü qorumaq üçün onlar millətdaşı olan Osmanlı dövlətindən hərbi yardım istəmək məcburiyyətində qaldı.

 

Osmanlı səltənətinin Baş komandan vəkili (müavini) Ənvər Paşa öz qardaşı general Nuru Paşanın komandanlığı altında 12-14 min nəfərlik Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Azərbaycan Cümhuriyyətinin elanından sonra hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı. Bununla da Azərbaycan Milli Ordusunun əsası qoyuldu.

 

İlk hökumət kabinəsində Hərbiyyə Nəzarəti (Nazirliyi) olsa da, Gəncədə təşkil edilmiş ikinci kabinədə bu nazirlik nəzərdə tutulmamışdı, çünki ordu ilə bağlı bütün səlahiyyətlər Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil (İsmayıl xan Ziyadxanov) vardı. Qafqaz İslam Ordusu komandanının 13 avqust 1918-ci il tarixli əmrinə əsasən Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi.

 

Beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik hərbi qüvvəsi yarandı. Bu qüvvə ağır hərbi əməliyatlardan sonra 15 sentyabr 1918-ci ildə Bakını ingilis-rus-erməni hərbçilərindən təmizləyərək Azərbaycanın əbədi paytaxtı etdi.

 

1918-ci ilin oktyabrında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu Qafqazdan və Azərbaycandan çəkilməyə başladı. Buna görə hökumət 1 noyabr 1918-ci ildə Hərbiyyə Nəzarətinin yaradılması haqqında qərar çıxardı.

 

Hərbiyyə nazirliyi Baş nazirə həvalə edildi, onun müavini isə tam topçuluq generalı Səməd ağa Mehmandarov təyin olundu. Mehmandarov 7 noyabr tarixli əmrində öz vəzifələrinin icrasına başladığını bildirdi. Ümumi Qərargahın rəisi vəzifəsi polkovnik Həbib bəy Səlimova tapşırıldı.

 

Fətəli xan Xoyskinin 26 dekabr 1918-ci ildə təşkil edilmiş üçüncü hökumət kabinəsində Mehmandarov hərbiyyə naziri təsdiqləndi. Dekabrın 29-da Şıxlınski onun müavini təyin edildi.

 

Hökumətin 2 yanvar 1919-cu il qərarı ilə Əlahiddə Azərbaycan Korpusu ləğv olundu. Onun qərargahındakı zabitlər Hərbiyyə Nazirliyi aparatına və qoşun hissələrinə göndərildilər. 10 yanvar 1919-cu ildə hərbiyyə naziri yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərbi Şura yaradıldı. Martda general-leytenant Məhəmməd bəy Sulkeviç Baş Qərargahın Baş İdarəsinin rəisi vəzifəsinə gətirildi.

 

Hərbiyyə nazirinin 11 fevral 1919-cu ildə təqdim etdiyi süvari qoşunlarının türk dilində Əsasnaməsi və Azərbaycan Ordusunun geyim forması təsdiq edildi. Bunlar Azərbaycanın milli hərb tarixində ilklər idi.

 

Baş nazir Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 24-də təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində də hərbiyyə naziri vəzifəsini Mehmandarov tutdu, onun müavini isə Şıxlınski oldu.

 

Əlbəttə, Hərbiyyə Nəzarətini təşkil etməklə iş bitmirdi – ordunu əsgərlə təmin edəcək qurumun yaradılmasına da ehtiyac vardı. 26 may 1919-cu ildə Məclisi-Məbusan Azərbaycan Cümhuriyyətinin mərkəzi, qəza, dairə və şəhər hərbi idarələrinin yaradılması haqqında Əsasnaməni təsdiq etdi. Bildirildi ki, bütün Cümhuriyyətdə hərbi mükəlləfiyyət işinə baxan ali qurum Azərbaycan Mərkəzi Hərbi İdarəsidir.

 

1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı. Polkovnik Rüstəm bəy Şıxlınski onun rəisi təyin edildi. Məktəbdə oxuyanlar “yunker” adlanırdı. Təhsil müddəti 2 il nəzərdə tutulmuşdu. 1920-ci il aprelin 24-də bu məktəbin vaxtından qabaq buraxılışı oldu, 104 zabit təhsilini uğurla başa vurdu. Çox təəssüf ki, cəmisi 3 gündən sonra Azərbaycan rus süngüləri ilə işğal olundu və həmin milli kadrların çoxunu işğalçılar cismən məhv etdi.

 

Azərbaycan Ordusu öz fəaliyyəti dövründə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə apardı. Bakının azad edilməsində, Dağlıq Qarabağdakı qiyamın yatırılmasında, Yalama stansiyasında rusların qarşısının alınmasında son ana qədər çarpışdı. Ancaq arxasında böyük dövlətlərin dayandığı general Denikinin ağ ordusunu əzmiş XI qırmızı rus ordusu qarşısında dayanmaq mümkün deyildi. Ruslar Azərbaycanın müstəqilliyini aradan qaldırdıqları kimi, onun Ordusunu da tarixdən sildilər...

 

Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı.

 

Sovet imperiyasının çökməsindən sonra Azərbaycanda yenidən milli ordu quruculuğuna başlanıldı. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edildi.

 

 

Dilqəm Əhməd

 

 

26 İyun 2018, 11:42   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß