Yeni 10 manatlıq əskinaslar tədavüldən çıxarılacaq? – AÇIQLAMA

İQTİSADİYYAT 10 iyl 2019, 18:37

Xəbər verdiyimiz kimi, yeni onluq əskinasların istifadəsində problem yaranıb. Belə ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.  İctimai nəqliyyatda  sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.


İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Sabah"a açıqlamasında baş verənlərin texniki problemlə əlaqəli olduğunu deyib:

 

“Bankomatlar və ödəniş terminallarında proqram təminatı yenilənmədiyi üçün onlar yeni əskinasları tanımır, qəbul etmir. Texniki vasitələr yeni əskinasları saxta kimi görür, bu da söz-söhbətə səbəb olur. Hətta sürücülər arasında belə fikir yaranıb ki, bankomatlarla bağlı problem var, ona görə pullar qəbul olunmur”.

 

Onun sözlərinə görə, məsələ yeni pul nişanları dövriyyəyə buraxılmamışdan əvvəl həll olunmalı idi.

 

“Aparatlarda proqram təminatı yenilənməli idi. Bu ya unudulub, ya da məsuliyyətsizlik baş verib. Səbəbini bilmirəm”.

 

Ekspert deyir ki, yeni əskinaslar dövlət pul parametrlərinə uyğun buraxıldığı üçün onların tədavüldən götürülməsi ehtimalı yoxdur:

 

 “Sadəcə texniki problem həll olunmalıdır. Bunu bacarmırlarsa, xarici şirkətlərə də müraciət edə bilərdilər. Yəqin ki, hansısa şirkətlə əməkdaşlıq edərək proqram təminatının yenilənməsinə çalışılacaq. Yoxsa əhali arasında söz-söhbət getdikcə artacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top