BNA 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı məlumat yaydı

GÜNDƏM 10 iyl 2019, 17:25

Bakı Nəqliyyat Agentliyi Masallı rayonunda 8 nəfərin ölümünə, bir nəfərin yaralanmasına səbəb olan ağır yol-nəqliyyat hadisəsi törədən sürücü Mustafayev Nizami Malik oğlunun taksi fəaliyyəti göstərməsi üçün BNA-dan "Fərqlənmə nişanı” alması ilə bağlı məlumatlara münasibət bildirib.

 

Demokrat.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib ki, "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub: "Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "Fərqlənmə nişanı”nın verilməsini istəyib və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə "Fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədlər nəzərdən keçirilib, normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı” verilib.

 

M. Ağayev deyib ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı "Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa icazə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur: "Bir daha qanunsuz sərnişindaşıma fəaliyyətinin yolverilməz olduğunu vurğulayaraq avtonəqliyyat vasitəsi sahiblərini bu cür əməllərdən çəkinməyə dəvət edirik. Eyni zamanda sərnişinlərə tövsiyə edirik ki, müvafiq icazə əsasında fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin xidmətlərindən istifadə etsinlər. İyulun 9-da baş vermiş ağır yol nəqliyyat hadisəsindən təəssüfləndiyimizi bildirərək, qəza nəticəsində həyatını itirənlərin yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şağalmalarını azru edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top