“Mənə qarşı kampaniya təşkil edənlər hələ də hakimiyyətdədir” — Rüstəm İbrahimbəyov

MARAQLI 08 iyl 2019, 12:07

Azərbaycan Kinematoqrafçılar İttifaqı noyabr qurultayına hazırlığı davam etdirir. Kino Məktəbi, Kino Evinin bərpası prosesi gedir, Bakı haqqında Filmlər Muzeyi yaradılır, gənc kinematoqrafçılara dəstək proqramı hazırlanır.


Demokrat.az xəbər verir ki, tanınmış kinodramaturq və ölkənin Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov Turan-a eksklüziv müsahibəsində bunlar haqda danışıb.


"Son illər Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb. Onların çəkdiyi tammetrajlı və qısametrajlı filmlər nüfuzlu beynəlxalq festivallarda mükafat alıb. Bu gün onların əksəriyyəti Azərbaycandan kənarda yaşayır, çünki burada özlərini reallaşdıra bilmirlər. Kinematoqrafçılar İttifaqının vəzifələrindən biri bu insanların öz ölkəsində işləməsinə imkan yaratmaqdır", - R. İbrahimbəyov bildirib.


"Yeni kino istehsalı modelinin tətbiqi ümid verir. Dövlət tərəfindən xüsusi komissiya yaradılıb və bunun üzərində işləyir. Yaxşı olardı ki, elə bir struktur yaradılsın ki, özündə ssenariləri, rejissorluğu və istehsalat işini birləşdirən layihələr üçün dövlət dəstəyini almağa imkan yarada bilsin. Qonşu Gürcüstanda, Rusiyada və digər ölkələrdə oxşar sistem mövcuddur. Bu, müstəqil studiyalara və yaradıcı birliklərə böyük yaradıcılıq azadlığı verir", - o bildirib.


"Yeni struktur kimin tabeliyində olacaq?" sualına kinodramaturq cavab verib ki, "çox güman ki, Mədəniyyət Nazirliyinin".


"Qarşıdakı qurultayda bütün bu məsələlər hərtərəfli və predmetli şəkildə müzakirə olunacaq. Dövlət nəzarəti yaradıcılıq maraqlarına xələl gətirməməlidir. Dövlət vətənpərvərlik, tarixi, uşaq kinoları sifariş verməklə filmin kino istehsalının ümumi siyasətini müəyyən etməlidir. Yəni, kinematoqrafçılar yaradıcılıq təşəbbüsü ilə eyni vaxtda dövlət tapşırıqlarını yerinə yetirməlidirlər", - R.İbrahimbəyov vurğulayıb.


"Özünü belə bir kino strukturunun rəhbəri rolunda görürmü" sualına kinodramaturq mənfi cavab verib. "Mən 1967-ci ildən Kinematoqrafçılar İttifaqında çalışıram və əminəm ki, ictimaiyyətin kinematoqrafiya rəyini ifadə edən bu yaradıcı təşkilat dövlət qurumları ilə konstruktiv dialoq vasitəsilə milli kinoda vəziyyətə mühüm təsir göstərə bilər.


Ümumiyyətlə, mən ölkə həyatına ictimai təsirin artmasının tərəfdarıyam. Məhz bu məqsədlə bir neçə il əvvəl öllkənin mədəniyyət və elm xadimlərini bir arada birləşdirən Ziyalılar Forumu yaradıldı. Biz hakimiyyətin bu gün müzakirə etdiyi problemləri orada müzakirə edirdik. Təəssüflər olsun ki, o zaman bizim təşəbbüsümüz bəzi adamlarda mənfi reaksiya yaradırdı. Həmin şəxslər indiyədək dövlət orqanlarında mühüm mövqe tuturlar", - R.İbrahimbəyov bildirib.


"Hazırda vəziyyət dəyişibmi?" sualının cavabında R.İbrahimbəyov deyib ki, bu suala zamanla cavab verə biləcək. "Atılan addımlar məni sevindirməyə bilməz. Onlar sistemli xarakter alacaqmı? Bunu zaman göstərəcək", - dramaturq vurğulayıb.


R.İbrahimbəyov Azərbaycanda iki Kino İttifaqının olmasını ölkənin ölçüsünü və film istehsalının həcmini nəzərə alaraq çox adlandırıb. "Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə bizim kinonun görkəmli xadimləri tərəfindən yaradılıb. İkinci qurumu bir neçə il əvvəl süni şəkildə yaratdılar".


Eyni zamanda, o deyib ki, kimsə ilə münasibətləri aydınlaşdırmaq niyyətində deyil. "Biz öz vəzifəmizi kino sənəti maraqlarının və hər yaşdan olan istedadlı kino xadimlərinin müdafiəsində görürük.


Lakin gənclər xüsusi diqqət tələb edirlər, onlar hiss etməlidirlər ki, Vətən onlara dəstəkdə və onların uğurlarında maraqlıdır. Biz onları Kino Məktəbi ilə işə cəlb edəcəyik. Bu məktəb bədii, sənədli və cizgi filmləri üçün rejissorlar və ssenaristlər, həmçinin aktyorlar hazırlayacaq. Ümid edirəm ki, planlarımızı həyata keçirməyə gücümüz yetəcək. Ancaq dövlət dəstəyi olmadan mümkün deyil. Təkrar edirəm ki, biz bunu hiss edirik və mən ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edən insanlar buna mane olmayacaqlar", - Rüstəm İbrahimbəyov fikrini yekunlaşdırıb.


Xatırladaq ki, 2008-ci ildə Rüstəm İbrahimbəyov "Pravda.ru" nəşrinə müsahibəsində demişdi: "Azərbaycanda əsas mexanizm pozulub və bu olmadan millət yaşaya bilməz. Hər xalq öz elitasının hesabına mövcuddur. Hazırda bu, yoxdur və ən əsası onun təməl mexanizmi pozulub. Milli elita çox çətin və ləng formalaşır. Ondan qalan şey həyatın kənarına atılıb. Milli elitası olmayan ölkənin gələcəyi yoxdur. Çünki mexanizm yuxarılara ən yaxşı olmayanları atır, ailə, pul, regional, korrupsiya mülahizələri formalaşdırır".


Bu bəyanat Azərbaycan Milli Məclisinin iclasında və hökumətyönlü mətbuatında kəskin tənqid edilmişdi.


2010-cu il iyulun 7-də R.İbrahimov Azərbaycan ziyalılarının adından hakimiyyətə müraciət edərək jurnalist Eynulla Fətullayev və blogerlər Emin Milli və Adnan Hacızadəni həbsdən azad etməyə və ölkədə özgəfikirliliyə qarşı təqiblərə son qoyulmasına çağırmışdı. Dəstəklədiyi şəxslərin bəzisi sonradan ona qarşı çıxdı.


2012-ci il yanvarın 25-də R.İbrahimbəyov Fransanın İncəsənət və Ədəbiyyat ordenindən imtina edib və Fransa Senatı erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinə dair qanun qəbul etdiyi üçün Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti vəzifəsindən istefa verib.


2013-cü il yanvarın 18-də Azərbaycan Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqına qarşı vergi ödəməkdən yayınma ittihamını irəli sürüb və maliyyə sənədlərini götürüb. O zaman R.İbrahimbəyov bildirmişdi ki, vergi orqanlarının yoxlaması və sənədlərin götürülməsi onun prezident seçkilərində iştirakı ilə əlaqədardır.


2013-cü ilin fevralında R.İbrahimbəyov yazıçı Əkrəm Əylisliyə qarşı kampaniyanı qətiyyətlə pisləmişdi. "Azərbaycan ədəbiyyatının canlı klassiki Əkrəm Əylisli ilə çəkilən haqq-hesab öz amansızlığı ilə məhvedicidir.


XXI əsrdə Şərqdə ilk demokratik dövlət quran ölkədə yazıçı orta əsr inkvizisiyası amansızlığı ilə ictimai edama məruz qalır", - . R. İbrahimbəyov bildirmişdi.


Həmin il o, Azərbaycanda prezident seçkilərində namizədliyini irəli sürmüşdü, lakin ikili vətəndaşlıq səbəbindən iştirak edə bilməmişdi.


2015-ci ildə "Qafqaz üçlüyü" filmini çəkib və bu, dramaturqa qarşı növbəti qarayaxma kampaniyasına səbəb olub. Rəsmi şəxslər və hökumətyönlü mətbuat onu xəyanətdə və ermənipərəst mövqedə ittiham ediblər.


Belə gərgin durumda Rüstəm İbrahimbəyov siyasi şəraitin təzyiqi altında təslim olmayaraq Azərbaycan və dünya mədəniyyətinin önəmli lideri olaraq qalır. O, yüksək peşəkarlığı, yaradıcılığı və siyasi prinsipiallığı ilə öz "Ad"ını saxlayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top