"Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub"

MÜSAHİBƏ 08 iyl 2019, 09:44

Yay fəsli adətən istirahət dövrü hesab olunsa da, siyasi hava fəslə baxmır və dünyada, konkret olaraq bölgəmizdə siyasi aktivlik daha çox böyük güclərin qarşıdurması ilə hesablanır, nəinki daxildə baş verən siyasi proseslərlə. Son dövrlərdə həm ölkə daxilində aparılan kadr dəyişikliyi, İranla ABŞ arasında yaranan gərginlik, Gürcüstan - Rusiya qarşıdurması bir çox suallar yaradır. 

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, ölkə daxilində baş verənlərin xarici amillərlə nə dərəcədə bağlı olması və ölkəmizin təhlükəsizliyinin bu prosesdə necə təmin olunması barədə  Moderator.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:


  
- Bölgədə baş verən siyasi hadisələr tez-tez dünya gündəmini dəyişir. Qonşularımızda baş verən siyasi proseslərin ölkəmizə nə dərəcədə təsiri var?


 
- Cənubi Qafqaz əsrlərdir böyük güclərin maraqlarının kəsişdiyi və qarşıdurmaya səbəb olan bölgə kimi, soyuq müharibədən sonra da qlobal qarşıdurmanın mərkəzi yerlərindən biridir. SSRİ dağılandan sonra zaman – zaman bölgəyə təsir uğrunda super dövlətlərin qarşıdurması müharibələrlə, kəskin mübarizə ilə müşayət olunub. Gürcüstan və Azərbaycan separatçı qüvvələri dəstəkləyən Rusiyanın birbaşa təsiri ilə ərazi itkilərinə məruz qalıb və hər iki ölkədə münaqişələr aktiv fazada olmasa da davam edir və hər zaman yenidən alovlana bilər. Son gərginlik ilk növbədə ABŞ-la İran arasında olan qarşıdurmanın artması ilə əlaqədardır və təbii ki, Rusiyanın da maraqları keçmiş postsovet ərazisi kimi bölgədə daha üstün durumdadır. Gürcüstanda neçə gündür ki, davam edən mitinqlər yalnız müxalif qüvvələrin etirazı deyil, ümumilikdə gürcü ictimai-siyasi şüurunun demokratiyaya kökləndiyinin və Rusiyanın Gürcüstanı tədricən təsir altına salmasına qarşı cəmiyyətin etirazının nümunəsidir. Üstəlik, gürcülər Rusiya ilə münasibətlərin kəskinləşməsinin iqtisadiyyatlarına vurduğu zərəri bilə-bilə işğal faktoruna görə bu çətinliyi qəbul edirlər. Gözəl örnəkdir. Bölgədə Qərb-Şərq qarşıdurması tezliklə həll olunası deyil və bu proses hələ uzun müddət davam edəcək. Əsas odur ki, Qarabağ münaqişəsi yaşayan ölkəmizin indiki geoplitik qarşıdurmada təhlükəsizliyinin təmin edilməsi ən vacib, həyati əhəmiyyətli məsələdir və istər daxili, istərsə də xarici siyasətin düzgün qurulması, ərazi bütövlüyünün tam təmin olunması istiqamətində güclənməsi üçün çox işlər görülməlidir. 


 
- Sizcə təhlükəsizlik sektorunda son kadr dəyişiklikləri daxili siyasətin təzahürüdür, yoxsa bölgədə baş verən proseslərin də təsiri var? 


  
- Əlbəttə, daha çox daxili siyasətdən qaynaqlanır və detalları təbii ki, bizə məlum olmasa da, hər halda məntiqi səbəbləri var. Nəzərə alın ki, Qarabağ problemi olan bir dövlətdə təhlükəsizlik məsələləri yalnız daxillə bitmir. Doğrudur, bu problem daha çox Müdafiə Nazirliyinin üzərinə düşür və ordunun, ümumiyyətlə müdafiə sektorunun gücləndirilməsi prosesi təhlükəsizlik tədbirlərinin önündə gəlir. Müdafiə və Qarabağın azad edilməsi üçün bu sistemə kompleks şəkildə yanaşılmalıdır və bu siyasəti qarşıya qoyan dövlət üçün hərtərəfli təhlükəsizlik tədbirləri strateji xarakter daşıyır. Bu strategiyada həm daxili, həm də xarici amillər var. Ona görə, deyə bilərik ki, xarici proseslərin də təsiri var.


 - Amma, Müdafiə Nazirliyində dəyişiklik olmadı...

 

- Söhbət bütövlükdə təhlükləsizlik sektorundan gedirsə, mən deyərdim ki, oldu. Müdafiə Sənayesi Nazirliyinə yeni rəhbər təyin edildi və bu çox ciddi əlamətdir. Nəzərə alın ki, Müdafiə Sənayesi Nazirliyinin ölkənin yalnız hərbi sahəsinə deyil, başqa sahələrə də təsir gücü var. Bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir. Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir.


  
- General Mədət Quliyevin təyinatını nəzərdə tutursunuz?  


 
- Bəli, bu təyinatı çox uğurlu hesab edirəm. Bilirsiniz, açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi. 


General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub. Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub. MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi  uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub. 


 
- Sizcə təhlükəsizlik sektorunun gücləndirilməsi Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir göstərə bilər?  


 
- Bizim istənilən sahədə güclənməyimiz problemin həllinə xidmət etməlidir. Bizim bütün sahələrdə- daxili və xarici siyasətimizdə, iqtisadiyyatda, ictimai-siyasi münasibətlərdə və təbii ki, təhlükəsizliyi təmin edən sahədə uğur əldə etməyimiz ona görə vacibdir ki, güclü ilə hesablaşarlar, gücsüzü saya salmazlar. Dünya belə qurulub. Güclü olmaq üçün xeyli iş görmək lazımdır, o cümlədən təhlükəsizlik sahəsində. Bizi bütün yollar Qarabağa aparır, Qarabağa aparmalıdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top