"Baş nazir, onun müavinləri büdcə üçün artıq xərclərdir" — "Nazirlər Kabineti ləğv olunmalıdır"

GÜNDƏM 06 iyl 2019, 13:11

“Vaxtı ilə konstitusiyaya dəyişiklik ediləndə bu proses elə sürətlə həyata keçirildi ki, geniş ictimai müzakirələrdən keçmədi. Sonuncu konstitusiya dəyişiklikləri hətta heç parlamentdə də müzakirə edilmədi”.


Demokrat.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Redaktor.az-a müsahibəsində deyib. 


O, bildirib ki, Vitse-prezidentlik institutu yaradılanda təklif edib ki, Azərbaycanda bir vitse-prezident olmalıdır. 


“Onun arxasınca söyləmişdim ki, əgər vitse-prezidentlik institutu yaradılırsa, baş nazir postu, ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunmalı və hökumət birbaşa prezidentə tabe olmalıdır. 


Baş nazir, onun müavinləri büdcə üçün artıq xərclərdir. Biz idarəetmə xərclərini azaltmağa çalışmalıyıq. Məmurların sayını azaltmaqla, onların maaşlarını digər işlərə yönəltmək lazımdır. Az məmur ordusu ilə daha çox iş görmək, həmin məmurları daha yaxşı maaşla təmin etmək lazımdır. 


Bu məsələni zamanında da demişdim. Bu gün də fikrimdə qalıram. Zaman da mənim haqlı olduğumu sübut etdi. Gördüyünüz kimi I vitse-prezident təyin olunandan sonra digər vitse-prezidentlər təyin olunmadı. Buna ehtiyac da yoxdur. Praktik həyat mənim nə dərəcədə haqlı olduğumu göstərdi. 


İkincisi, Azərbaycanda Baş nazirlik institutu bu gün formal qurumdur. Hamı bunun fərqindədir. Bu qurum heç nəyi həll etmir, heç bir səlahiyyəti və təsir imkanları yoxdur. Əlavə postdur və bu qurumun saxlanılması büdcə üçün əlavə xərcdir. Düşünürəm ki, zamanla bu qurum ləğv olunacaq.


Ümumiyyətlə, prezident üsul-idarəsi üçün söyləmişdim ki, vitse-prezidentlik instututu yaradılırsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Amma bizim kimi demokratik ənənələrin olmadığı və Şərq mentalitetinin daşıyıcısı olan, Şərq despotizmini yaşamış xalqlarda ən mütərəqqi idarəetmə üsulu parlamentli respublika modelidir. Biz uzun illərdir bunu təbliğ edirik və Azərbaycan da buna keçməlidir. 


Artıq qonşu – Gürcüstan, Ermənistan parlamentli respublikaya keçib. Çox təəssüflər olsun ki, Türkiyə geriyə bir addım ataraq parlamentli respublikadan prezident üsul-idarəsinə keçid etdi. Amma əminəm ki, zamanla onlar da yenidən parlamentli respublika modelinə geri dönəcək. Azərbaycanda da daha yaxşı olardı ki, bu modelə keçilsin.


Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox böyük ehtiyac var. Konstitusiyaya 3 dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklərə baxmayaraq, yeni konstitusiya qəbul olunmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top