Rusiya Azərbaycanlıları İttifaqından Rauf Əzizovun həbsi ilə bağlı AÇIQLAMA

GÜNDƏM 04 iyl 2019, 16:33

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatına qarşı təxribatlara Azərbaycanın müvafiq strukturlarından əsaslı cavab gözləyir. 


RAİ prezidentinin ötən ilin dekabrında Azərbaycan-Rusiya sərhəddinin Samur Buraxılış-Keçid Məntəqəsində həbs edilən Rauf Əzizovla bağlı verdiyi açıqlamada bildirilir: 


“Rusiyadakı nüfuzlu Azərbaycan diaspor təşkilatlarından olan Dağıstan Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizovun oğlu Rauf Əzizovun həbsindən narahatlığımızı bildirir, Azərbaycan hüquq-mühafizə orqanlarının məsələni ədalətlə araşdıracağına ümid edirik”.


Xatırladaq ki, Rauf Əzizov Rusiya-Azərbaycan sərhəddinin Samur keçid məntəqəsini keçərkən avtomobilində bir neçə odlu silah gülləsi aşkarlandığı üçün həbs edilib. Rauf Əzizovun həbsi ilə bağlı sonuncu informasiya Azərbaycan mediasında bir neçə gün öncə yayılıb. Füzuli Məmmədov açıqlamasında açıqlanan məqamlarla bağlı uyğunsuzluqlara diqqət çəkib: 


“Media Rauf Əzizovun həbsi, istintaq və məhkəmə peroseslərinin gedişi ilə bağlı müdafiə tərəfin verdiyi xəbərlərə əsaslanaraq ortada cinayəti sübut edən faktların olmadığını bildirir. Axtarış zamanı videoçəkiliş aparılmaması, güllələrdə Rauf Əzizovun əl izlərinin olmaması vəkillərdə cinayət işinin sifarişli olması haqda fikir formalaşdırıb. Bundan başqa, Rusiya gömrükçülərinin Azərbaycan tərəfinin aşkarladığı güllələri görməməsi də müəyyən suallar doğurur. Sözsüz ki, son qərarı Azərbaycan məhkəməsi verəcək və mən həmin qərarın ədalətli olacağına inanıram”.


Füzuli Məmmədov prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlar haqqında son fərmanını ədalətli qərarın qarantı adlandırır:


"Bir dövlətdə ədalət prinsipinin nə qədər güçlü olması həmin ölkənin məhkəmə sisteminə verdiyi dəyərdən birbaşa asılıdır. Azərbaycanda son zamanlar insan haqlarının qorunması üzrə addımlar, xüsusən məhkəmə islahatlarının davamlı xarakter almasını təmin edən prezident fərmanları, konkret göstərişlər vətəndaşların son ümid yeri olan məhkəmələrin öz vəzifələrini ədalət prinsipləri çərçivəsində qurmasına səbəb olub. Buna görə də Rusiya Azərbaycanlıları İttifaqı Rauf Əzizovla bağlı cinayət işinin ədalət prinsipləri çərçivəsində araşdırılmasınü şübhə etmir”.


Açıqlamada Füzuli Məmmədov Rusiya-Azərbaycan sərhəddində baş verən insidentin bütünlükdə diaspor fəaliyyətinə mənfi çalarlar gətirəcəyindən narahat olduğunu da vurğulayır: 

“Rakif Əzizov uzun illərdir Rusiyada – Azərbaycan üçün çox həssas bölgə olan Dağıstanda diaspor fəaliyyəti ilə məşğuldur. Regionun nüfuzlu şəxsləri sırasında yer alan Əzizov yerli administrasiya ilə sıx münasibətlərinə, iki ölkə arasında münasibətlərin sağlam qalması üçün davamlı çalışmalarına görə də hər zaman fərqlənib. Rauf Əzizov da bir neçə ildir atası ilə bərabər diaspor fəaliyyəti ilə məşğuldur. Məsələni araşdırarkən Azərbaycan hüquq-mühafizə orqanlarının bütün bu faktları diqqətə alacaqlarını, Azərbaycan diasporuna qarşı baş verən təxribatın haradan qaynaqlandığını dəqiqləşdirəcəyinə inanırıq. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətini hər zaman yaxından izləyir. Rusiya Azərbaycanlıları İttifaqı olaraq cənab prezidentdən məsələni şəxsi nəzarətində saxlamasını xahiş edirik. Əminik ki, onun tapşırıqları əsasında sərhəddə baş verən insident daha dərindən araşdırılacaq və əsl günahkarlar layiq olduqları cəzanı alacaqlar”. 


Açıqlamada Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının tərkibində 30 hüquqşünasın təmsil olunduğu Hüquq Mərkəzi yaradıldığı da vurğulanır: 


“Biz tanınan hüquqşünaslar, o sıradan vəkillərlə əməkdaşlığı genişləndirərək dünyanın hansı ölkəsində olursa-olsun hüquq problemləri ilə üzləşən soydaşlarımıza hüquqi yardım göstərmək haqqında qərar qəbul etmişik. İnanırıq ki, indiyə qədər ən müxtəlif səbəblərə görə keyfiyyətli hüquq xidməti ala bilməyən soydaşlarımızı bundan sonra qanun çərçivəsində himayə edə biləcəyik”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top