"Ağlı başında olanlar anlayır ki, 1 ilə görə parlament seçkilərini keçirmək mənasızdır" — Komitə sədri

GÜNDƏM 04 iyl 2019, 12:29

"Milli Məclisin vaxtından əvvəl buraxılması ilə bağlı xəbərləri yayanlar bu gün Azərbaycandakı inkişafı, sabitliyi və əmin-amanlığı, cənab Prezidentin gördüyü uğurlu işləri gözü götürməyən insanlardır. Həmin adamlar düşünürlər ki, bu cür söhbətləri ortaya atmaqla ölkəmizdə qarışıqlıq yarada bilərlər. Onların bu istəyi heç zaman reallaşmayacaq". 


Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib. 


E.İbrahimov deyib ki, parlamentin vaxtından əvvəl buraxılmasına heç bir zərurət yoxdur:


"Parlamentin bitməsinin vaxtına hələ 1 il qalır. Onsuz da gələn ilin oktyabr ayında Parlamentin vaxtı bitir. Bir ilə görə heç bir ölkədə parlament seçkiləri keçirilmir. Hazırda bizdə bir neçə deputatın yeri boşdur. Əgər belə zərurət olsaydı, həmin yerlərə adam seçilərdi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi heç bir məntiqə uyğun gəlmir. Ağlı başında olan hər bir adam anlayır ki, 1 ilə görə parlament seçkilərini keçirmək mənasızdır".


Komitə sədri Milli Məclisdə təmsil olunan deputatların yaşlı olması məsələsinə də toxunub:


"Tez-tez ortaya söhbətlər atırlar ki, qonşu Gürcüstanda deputatlar cavanlardır və sairə. Əvvəla, Azərbaycan Gürcüstan deyil. Azərbaycanda qanun, əmin-amanlıq və sabitlik var. Başda Prezidentimiz olmaqla, xalq-Prezident birliyi var. Xalqımız da səs verərək, öz deputatlarını parlamentə seçib. Hesab edirəm ki, 5-6 adamın boş-boş nə isə danışmasının əhəmiyyəti yoxdur. Bu, onların öz arzularıdır".


Deputat qeyd edib ki, bu il Milli Məclisin iclaslarının vaxtının uzanmasına səbəb qanunların çox olması ilə bağlıdır:


"Hər il iyun ayında məzuniyyətə çıxırıq. Bu il isə çatdıra bilmədiyimiz üçün iyul ayında da işləməli olduq. Biz bir neçə qanun layihəsini işləyib bitirməliyik. Bütün bunlara görə də Milli Məclisin tətilə getməsi bir qədər yubanır. Burada başqa məna axtarmaq lazım deyil. Biz öz iradəmizlə məsələ qaldırmışıq ki, Milli Məclisin yaz sessiyasının vaxtı uzadılsın".


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top