Rus ekspert: Ermənistan cəmiyyəti parçalanıb, partlayışlar mümkündür

Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) qayıdışını heyətin yarısı dəstəkləməyəndə erməni nümayəndə heyətinin AŞ PA-da səsverməsi Ermənistanda da qızğın müzakirələrə səbəb olub. Məlum olduğu kimi, “lehinə” ancaq müxalif fraksiyanın deputatları Edmon Marukyan və Naira Zoqrabyan səs veriblər.

 

Nümayəndə heyətinin başçısı Ruben Rubinyan (həm də parlamentin Xarici əlaqələr komissiyasının sədri) əleyhinə səs verib, sonra isə məlumat verib ki, bu, “texniki səhv” olub. Hərçənd erməni jurnalist Ayk Xalatyanın “Dalma” saytında yazdığına görə, AŞ PA-da səsvermə mexanizmi ilə tanış olan insanlar əmin edirlər ki, orada səhv səs vermək praktiki olaraq mümkün deyil. Üstəlik, hakimiyyətin ikinci deputatı (parlamentin Xarici əlaqələr komissiyasının sədr müavini) Hovanes İqityan səsvermədə iştirak etməyib.

 

AŞ PA-da səsvermə Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı gerçək münasibətini göstərdi. Rusiyalı yazıçı, siyasi və ictimai xadim, “İzborsk” klubunun təsisçilərindən biri və “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov “Media.az”a müsahibəsində vəziyyəti şərh edib.

 

- Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), nə də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv deyil, lakin Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanı dəstəkləyib. Ermənistan həm KTMT-yə, həm də Aİİ-yə daxildir, qazın qiymətindən, silah tədarükündən və bir çox şeydən asılı olduğu öz böyük feodalını yekdilliklə və razılaşdırılmış səsvermə ilə dəstəkləmədi.

 

- Mənə elə gəlir ki, erməni cəmiyyəti konsolidasiya olunmayıb, yalnız qismən idarə olunandır, dövlət başçısının aşkar və ya aşkar olmayan göstərişlərini yalnız qismən yerinə yetirir. Müxtəlif variantlar məhz buradan yaranır. Həmin variantlar ictimai düşüncənin disbalansının nəticəsidir. Faciə məhz bundan ibarətdir.

 

- Maraqlıdır ki, Rusiyanı dəstəkləməyənlər məhz Nikol Paşinyanın komandasının üzvləridir.

 

-  Bu, elə disbalansın nəticəsidir. Deyək ki, Azərbaycanda müxalifət var. Lakin Azərbaycan cəmiyyəti konsolidasiya olmağı bacarıb. O, daxili dram və  daxili parçalanmaya görə narahat olmur, istənilən çətinliklərə baxmayaraq, bütün enerjisini inkişafa yönəldir. Bu, səsverməyə də təsir edib.

 

Rusiya ilə münasibət Azərbaycan siyasətinin strateji istiqamətidir. Bizə elə gəlirdi ki, erməni siyasəti də belədir. Axı Nikol Paşinyan daim (söhbət Rusiya ilə ziddiyyətlərdən gedəndə - red.) bəyan edir: “Xeyr, bu belə deyil”.

 

Ermənistan cəmiyyəti parçalanıb, orada bu yaxınlarda yaşadıqları inqilab, hakimiyyət dəyişikliyindən başqa, müxtəlif partlayışlar mümkündür. Bu, iri miqdarda enerjinin üzə çıxması kimi bir şeydir. Məndə belə bir hiss var ki, Ermənistan bir çox mənada bərbad vəziyyətə düşüb. O, inqilabın nəticələrindən arzu etdiyini ala bilməyib. Qarabağda hələ də müharibə gedir, əhali ölkəni tərk edir. Ermənistan çəngəl üstündədir – bir tərəfdən Rusiya ilə (geosiyasi və iqtisadi baxımdan asılıdır) olmaq zərurəti var, digər tərəfdən isə böyük erməni diasporunun yaşadığı Qərbə və Amerikaya can atma mövcuddur.

 

Sözün düzü, mənim hətta nədəsə ermənilərə ürəyim yanır. Onlar mənim vətənimin – SSRİ-nin bir hissəsi olublar. Və mən Azərbaycanın uğurlarına çox sevinirəm. Azərbaycan nə qədər güclü olarsa, Moskva və Bakının münasibətləri də bir o qədər sıx olacaq. Rusiyalı vətənpərvər kimi, digər dövlətlərlə də münasibətlər quran Azərbaycanın güclənməsində təhlükə görmürəm.

29 İyun 2019, 18:12   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß