"Ermənistanı heç də yaxşı günlər gözləmir" - DEPUTAT

SİYASƏT 28 iyn 2019, 21:06

"Daxili siyasi gərginlik dərinləşərsə, bu, Ermənistanda vətəndaş müharibəsinin baş verməsini qaçılmaz edə bilər. Belə bir proqnozu erməni ekspertlər də inkar etmirlər. Onlar da daxili siyasi gərginlik kəskinləşəcəyi təqdirdə vətəndaş müharibəsini istisna etmirlər”.

 

Demokrat.az  xəbər verir ki, bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

 

Onun sözlərinə görə, Ermənistanda daxili siyasi gərgilik dərinləşməkdədir.

 

 "Bir müddət əvvəl müvəqqəti olaraq  azadlığa buraxılan sabiq prezident Robert Köçəryanın yenidən həbs edilməsi bunun parlaq nümunəsidir. Əgər Köçəryan "Qarabağ” klanının əsas simalarından olan Serj Sərkisyanın, Arkadu Qukasyan, Bako Saakayanın və digərlərinin xahişi əsasında azadlığa buraxılmışdısa,  onun yenidən həbsi birbaşa  baş nazir Nikol Paşinyanın  müdaxiləsi əsasında baş tutub. Bunu kimsə inkar edə bilməz. Bu hadisə Ermənistanın yeni hakimiyyəti ilə "Qarabağ” klanı arasında savaşın açıq müstəviyə keçdiyini  göstərir. Bunu gizlətmək mümkün deyil. Burada artıq "kim  kimi sıradan çıxartdı” uğrunda ölüm-dirim mübarizəsi gedir. Paşinyan bu mübarizədə qalib gələrək, "Qarabağ” klanının tamamilə siyasi səhnədən siləcək. Bu olacağı təqdirdə Paşinyan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  münbit şərait yarada bilər. Əks təqdirdə isə Paşinyan məğlubiyyətə düçar olacaq. Bu baxımdan qarşıdakı dönəmdə Ermənistanda siyasi kataklizmlər qaçılmaz olacaq”,- deyə deputat bildirib.


Deputat hesab edir ki, Ermənistandakı siyasi kataklizmlər hətta ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər: 

 

"Əgər 2018-ci ilin yazında baş verən məxməri inqilab zamanı insan itkisi baş verməmişdisə, növbəti mərhələdə siyasi kataklizmlərin baş verəcəyi dövrdə və "kim kimi” prinsipi uğrunda gedən mübarizədə itkinin olacağı qaçılmaz olacaq. Bu itki heç də az olmayacaq. Hətta proseslər vətəndaş müharibəsi həddindək inkişaf edə bilər. Bunu erməni ekspertlər də inkar etmir”.

E.Məmmədovun fikrincə, Ermənistandakı daxili siyasi kataklizmlər nəticə etibarı ilə özünü  sərhəddə və qoşunların təmas xəttində də göstərəcək: 


"Bu qaçılmazdır. Çünki proseslərin müəyyən mərhələsində siyasi qüvvələr prosesləri öz xeyirlərinə dəyişmək və diqqəti yayındırmaq üçün cəbhə xəttində atəşkəsi pozmağa və təxribatlara əl atacaqlar. Bu diqqətdən yayınmadır. Həm müxalifət, həm hakimiyyət qüvvələri Qarabağ kartından özünəuyğun şəkildə istifadə edəcəklər. Bu tendensiya hiss olunmaqdadır. Hətta proseslər genişmiqyaslı hərbi əməliyyatların başlaması səviyyəsinədək inkişaf edə bilər və bu istisna deyil. Yəni hadisələrin bu həddədək inkişafını proqnozlaşdırmaq mümkündür”.
 Millət vəkili hesab edir ki, Ermənistanda baş verən proseslər İrəvan-Moskva münasibətlərində də özünü açıq şəkildə biruzə verəcək: 


"Ermənistandakı proseslər İrəvan-Moskva arasındakı münasibətlərin daha da pisləşməsinə xidmət edəcək. 


Burada bir məqamı da qeyd etmək istərdim ki, son zamanlar Ermənistanla yanaşı, Gürcüstanda da anti-Rusiya qüvvələr fəallaşıblar.  Rusiya bu hadisələrə biganə qalmayacaq. Yəni hadisələr sanksiyalarla  müşahidə olunacaq.

 

İrəvan-Moskva münasibətlərinə gəldikdə birmənalı şəkildə təsir edəcək. Bu gün Paşinyanın ətrafındakıların əksəriyyəti anti-Rusiya kadrlar olduğundan münasibətlərə birbaşa təsir edir”.

 O, əlavə edib ki, Cənubi Qafqazda yaranmış bu durum Rusiyaya hansı ölkənin hansı mövqe sərgilməsi və onu dəyərləndirməsi baxımından önəmlidir: 


"Bu Rusiya üçün bir şansdır. Hansı ölkə daha müstəqildir və müstəqil siyasət yürüdür. Strateji tərəfdaşlıq, mehriban qonşuluq və  əməkdaşlıq münasibətlərinə sadiqdir. Bu Ermənistandır, yoxsa Azərbaycan. Belə olan halda Rusiyanın Ermənistana təzyiqləri arta bilər. Ermənistanda baş verən prosesləri ümumiləşdirərək deyə bilərik ki, bu ölkəni heç də yaxşı günlər gözləmir və çox uğursuz bir durumdadır”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top