Palata tanınmış şirkətin cərimələnməsini istədi - Məhkəmə sənədləri geri qaytardı

SOSİAL 25 iyn 2019, 17:09

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Az İmport” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

 

Palata tərəfindən toplanmış sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.


Bildirilib ki, “Az İmport” MMC 6 noyabr 2017-ci il tarixdə qabaqcadan ödəniş etməklə 623 min Rusiya rublu məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara köçürüb, ödəniş aparıldığı gündən 270 gündən artıq müddət keçsə də, həmin pul müqabilində alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim etməyib. 


Şirkət qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarmaması ilə əlaqədar həmin MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.  


Sumqayıt Şəhər Məhkəməsinin qərardadına əsasən, “Az İmport” MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Palataya qaytarılıb.
İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verib. O, həmin qərardadın ləğv edilməsini, “Az İmport” MMC barəsində inzibati xəta haqqında protokola məhkəmədə baxılmasının təmin edilməsini xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarıb. “Az İmport” MMC barəsində olan inzibati xəta haqqında iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılıb.


Qeyd edək ki, qərardan protest və ya şikayət verilə bilməz.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top