Yaltaq olsaydı, bundan yaxşıydı...

TƏHLİL 24 iyn 2019, 14:49

Bu cür tiplərlə heç vaxt süfrə arxasında əyləşmirəm. Amma bu dəfə məclisin təşkilatçısı olan həkim dostumun sözünü yerə sala bilmədim. Razılaşdığımız vaxt hamı masa arxasında cəm olsa da, o, yarım saat gec gəldi. İçəri daxil olan kimi masanın üstündəki bokallardan birini başına çəkib, soyuq pivənin təxminən yarısını içəndən sonra belə dedi: "Bütün dahiləri içki məhv edib. Mən də qaraciyər serrozundan öləcəm".


Yaşda məndən xeyli kiçik olduğu üçün ərklə oturmağını tələb etdim. Onun üçün nəzərdə tutulmuş boş stulda yerini rahatlayan kimi sözə başladı: "Azərbaycanda istedadlı adamlara yer yoxdur. Üç ildi işsizəm. Bir milyonçu tapılmır ki, ayda 5-10 min pul versin, mən də olməz əsərlər yaradım".


Yaradıcılığı şər-böhtan dolu üç-dörd cızmaqaradan ibarət olsa da, özünü dahi yazıçı hesab edir. İşsiz qalmağını isə istedadsızlığıyla deyil, azadfikirli olmağı ilə əlaqələndirir. Bu dəfə də adətinə xilaf çıxmadı. Yarımçıq bokalı başına çəkib, soyuq pivəni axıra kimi içəndən sonra belə dedi: "Mənim beş-on manata köşə yazan vaxtım deyil. İstedadlı adamları xalq yaşatmalıdır. Amma mən acından ölürəm. Bu xalq acından öldürdüyü adamlara heykəl ucaldır. Beş-on il sonra Bakıda mənim də heykəlim olacaq".


Yaşca hamımızdan böyük olan həkim dostumuz onunla zarafat etmək istədi: "Yəqin əlində də pivə bokalı olacaq..."


Zarafatla deyilmiş bu sözlər ona bərk toxundu. Növbəti bokalı başına çəkib, bir neçə qurtum içəndən sonra belə dedi: "Bəli, mən alkaşam. Amma yaltaq deyiləm. Heç vaxt hansısa məmuru mədh etməmişəm. Mənim kimi ataları olduğu üçün uşaqlarım gələcəkdə xəcalət çəkməyəcəklər".


Övladlarına baxmayan, gününü ucuz kafe və restoranlarda keçirən bəzi adamların bu arqumenti məni həmişə qıcıqlandırıb. Bu adamlar anlamırlar ki, uşaq təkcə ata yaltaq olanda utanmır. Uşaq həm də qışda palto yerinə pencək geyinəndə, məişət qayğılarının əlində əsir-yesir qalan ana deyinəndə utanır. Uşaq həm də özünü dahi sayan işsiz ata hər gün aşa-aşa bloka daxil olanda utanır...


İki bokal pivədən sonra "gözləri axan" "yazıçı" ilə bu barədə danışmağın mənası yox idi. Odur ki, internetə girib, gənc yazar Cavid Zeynallının "Sara odu qoruyurdu" hekayəsini oxumağa başladım...


Məndən fərqli olaraq, həkim dostumuz "yazıçı"nın yaxasını buraxmaq niyyətində deyildi. Onların arasında belə bir dialoq baş verdi: - Uşaqların ingilis dilini bilirlər? - Yox. Məktəbdə ingilis dili öyrənmək olar? Müəllim tutmağa da pul yoxdur. - Bəs, hansısa musiqi alətində ifa etməyi bacarırlar? - Ay doktor, mən yeməyə çörək tapmıram. Tarı, nağaranı hansı pulla alım? - Üzməyi, güləşməyi, sürüşməyi necə, bacarırlar?


"Yazıçı" dostumuz bərk dilxor olmuşdu. Üzünü mənə tutub, narazı halda başını yellədi: "Deyəsən, doktor mənimlə məzələnir. Mən hansı pulla uşağı idmana göndərim?"
Onu incitmək istəməsəm də, öz mövqeyimi bildirməkdən çəkinmədim: "Doktor haqlıdır. İşləmək, pul qazanmaq lazımdır. Azərbaycanda yüzlərlə qəzet, sayt var. Onların birində işə düzəl, beş manat pul qazan".


Deyəsən, sözlərim xoşuna gəlmədi. Həkimin qarşısındakı araq qədəhini özünün pivə bokalına süzüb, başına çəkdi...


Araya sükut çökdü. Telefonuma zəng gəldiyi üçün bu səs-küylü otağı tərk etmək məcburiyyətində qaldım. Mən geri qayıdanda doktor yana-göynəyə danışırdı: "Vallah, bu adama yazığım gəlir. Uşaq ali məktəbə qəbul olmayanda, idmandan, musiqidən anlamayanda, aldığı iki çörəyin pulunu barmağlyla hesablayanda atasını söyəcək. Yüz dəfə desəm də, xeyri yoxdur".


O, bu sözlərin heç birini eşitmirdi. Başını masanın üstünə qoyub, şirin yuxuya getmişdi. Həmin vaxt beynimdə ancaq bir fikir dolaşırdı: "Yaltaq olsaydı, bundan yaxşıydı..."


Seymur Verdizadə 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top