"Sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır” - Novruz Məmmədov (FOTO)

Baş nazir Novruz Məmmədov Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısında iştirak edib. 

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumata görə, Zirvə toplantısında çıxış edən Novruz Məmmədov tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident Emoməli Rəhmona təşəkkürünü bildirib. O, Tacikistan Respublikasının quruma sədrliyinin Asiya regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və əməkdaşlıq platformasıdır.


"Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır”, - deyə Novruz Məmmədov bildirib.

 

Ermənistanın 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran baş nazir bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb. Bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

 

Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələrin geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını vurğulayan baş nazir deyib: "Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir”.

 

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan baş nazir bildirib ki, ölkə Qoşulmama Hərəkatının yaratdığı çoxtərəfli platformadan istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələr arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.

 

 

Demokrat.Az

 

 

 

 

15 İyun 2019, 15:29   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß