"30 ilə yaxındır ki, başımızın altına yastıq qoyub bizi yuxuya verirlər" — Xocalının deputatı

GÜNDƏM 11 iyn 2019, 17:52

"Erməni tərəf bunu gizlətmir, erməni tərəf deyir ki, mən istədiyim vaxt bunu etmişəm, edirəm, gələcəkdə də edəcəm və yaxşı da edirəm". 


Demokrat.az xəbər verir ki, bu sözləri Yeniavaz.com - a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verməsinə münasibət bildirərkən deyib.


O iki ölkə arasında gedən danışıqlar prosesinin Ermənistana sərf etdiyini söyləyib: 

 

"Bu gedən danışıqlar 30 ilə yaxındır ki, başımızın altına sarsaq bir yastıq qoyub bizi yuxuya verir. Bu vaxt erməninin xeyrinə işləyir. Bəli, erməni tərəf bunu gizlətmir. Erməni tərəf deyir ki, mən istədiyim vaxt bunu etmişəm, edirəm, gələcəkdə də edəcəm və yaxşı da edirəm. Paşinyan da, müdafiə naziri də, digərləri də deyirlər ki, bəli biz tapşırıq vermişik ki, hər gün Azərbaycan hərbçisi şəhid edilməlidir ki, qoy Azərbaycan qorxu içində yaşasın".


Deputat bildirdi ki, düşmən darmadağın edilərək Azərbaycan torpağından çıxarılmalıdır və onlar bizim gücümüz qarşısında diz çökməlidirlər: 


"Düzdür, Azərbaycan ordusu verilən hər şəhidin əvəzində düşmən ordusunun bir neçə hərbçisini məhv edir, ancaq məni bu qane etmir. Mən istəyirəm ki, hər şəhidimiz üçün Azərbaycan ordusu elə güclü bir əməliyyata başlasın ki, erməninin külli miqdarda hərbçisi və sursatı məhv edilsin. Ermənistan başa düşsün ki, Azərbaycan ordusu hansı bir gücə malikdir. Ümumiyyətlə isə mən belə düşünürəm ki, düşmən tərəfin rəhbərlərinin axmaq danışıqlarının qarşısını almaq üçün bunlara layiqli dərs verilməlidir. Düşmən darmadağın edilərək Azərbaycan torpağından çıxarılmalıdır. Onlar bizim gücümüz qarşısında diz çökməlidir. Bax onda bunların qarşısı alınacaq. Onda bu səslər kəsiləcək və bu bəyanatlara son qoyulacaq". 


Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top