Sabiq Baş nazir məxfi protokolu niyə yaydı? — AÇIQLAMA

GÜNDƏM 10 iyn 2019, 23:54

“Mən yaydığım sənədlə bağlı hər hansı bir şərh vermirəm. Çünki sənəddə aydın olmayan bir şey yoxdur və mənim də ona şərhim yoxdur”.

Bunları AXC hökumətində baş nazir vəzifəsini tutmuş Pənah Hüseynbugünlərdə 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin qapalı iclasının protokolunu yaymasının səbəbi haqda “AzPolitika.info”-nun sualına cavabında deyib.

Xatırladaq ki, həmin protokolda xüsusən Prezident Əbülfəz Elçibəyin qiyamçı polkovnik Surət Hüseynovla bağlı qəti tapşırığı diqqəti çəkir – “YA HƏBS, YA DA MƏHV OLUNSUN!”

Sabiq baş nazir Prezident Elçibəyin mövqeyinin konkret olduğunu xatırladaraq əlavə edib ki, bu istiqamətdə müəyyən hərəkətlər olub, ancaq bu addımlar uğursuzluqla nəticələnib.

elcibeyort-esas (1)

Pənah Hüseyn məxfi iclasın protokolunu yaydığına görə ittiham olunmasına da münasibət bildirib. Belələrindən biri də sabiq deputat Alqış Musayevdir. “Mənim diqqətimi Alqış adlı şəxsin fikirləri cəlb etməyib. Mən məsuliyyətimi başa düşürəm və istənilən səviyyədə də buna cavab verməyə hazıram”.

Sabiq baş nazir əlavə edib ki, bu sənədi yaymaqda məqsədi 26 il əvvəlki ictimai-siyasi vəziyyət, Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi və Prezident Elçibəyin ölkədəki vəziyyət, konkret olaraq Gəncə hadisələri ərəfəsində baş verənlərə münasibəti haqqında daha bir həqiqəti diqqətə çatdırmaq olub.

Pənah Hüseyn söyləyib ki, Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü ildə keçirilən toplantısında şəxsən onun özü iştirak etməyib: “Mən o vaxt Londonda rəsmi səfərdə olmuşam və bu səbəbdən də iclasda iştirak etməmişəm”.

Qiyamın üzərindən artıq 26 il zaman keçdiyini xatırladan Pənah Hüseyn hesab edir ki, zaman keçdikcə Azərbaycan xalqı və ictimaiyyətinə hər şey daha açıq aydın olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top