“Deyəndə ki, şəhidin qanı yerdə qalmayacaq, yersiz rəylər bildirilir” — Polkovnik Ramaldanov

GÜNDƏM 10 iyn 2019, 16:25

“Qeyri-adi bir şey yoxdur. Biz müharibə şəraitindəyik. Gündə atəşkəs pozulur, yəni bizim hərbi bölmələr və hissələr təmas xəttində döyüş fəaliyyəti ilə məşğuldurlar. Əgər biz indi hər hansı aktiv əməliyyat keçirmiriksə, o demək deyil ki, müharibə yoxdur”.  


Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah” açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov daha bir əsgərimizin şəhid olmasına münasibət bildirərkən deyib. 


O bildirib ki, biz sülh şəraitində deyilik, sadəcə atəşkəs rejimidir, amma riayət olunmur.


“Qarabağ savaşı ilə bağlı  bütün tarixçəmizə baxsaq  elə zamanlar olur ki, cəbhədə vəziyyət gərginləşir, bəzən nisbətən sabitləşir. Atəşkəsin pozulması  olur ki, gün ərzində  100-ə çıxır, bəzən 30-a düşür. Bəzən insanlar elə bilirlər ki, biz sülh şəraitindəyik, müharibə yoxdur, itki olmamalıdır. Əlbəttə, hər bir itki, hər bir şəhid  bizim üçün kədərlidir, bizim ən ağrılı yerimizdir. Şəhid zirvəsinə ucalan hər bir şəxsə istər dövlət, istər cəmiyyət tərəfindən  hörmət olunmalı və onların kədərinə şərik olmaq lazımdır.  Ancaq itkiləri biz əvvəlcədən sığortalaya bilmirik, çünki müharibə gedir.  


Aktiv olmasa da, passiv şəkildə müharibə davam edir. Bizim əsgərlərimiz vəzifə borclarını yerinə yetirərək səngərlərdədirlər.


Döyüş  növbətçiliyi aparırlar, postları qoruyurlar. Yaşayış məntəqələrini, dinc sakinlərin həyatını, yaşayış təhlükəsizliyini təmin edirlər. Cəbhə xəttində gərginliyin artacağı ilə bağlı söhbətlər gedirdi.  Çünki Ermənistanda qeyri-stabil vəziyyət olanda  bu, ilk olaraq Dağlıq Qarabağda, təmas xəttində atəşkəs rejiminin pozulması, təxribatların aparılması  ilə müşahidə olunur. Paşinyan hətta o dərəcəyə çatmışdı ki, o özü bununla bağlı xəbərdarlq etdi. O demişdi ki, Qarabağ planında  maraqlı qüvvələr var və vəziyyəti cəbhədə pik həddə çatdıraraq gərginləşdirmək istəyirlər ki, Azərbaycan adekvat addım ataraq  əks həmlə edərək  öz torpaqlarını azad etməklə bağlı qərar qəbul etsin, sonra bunu atsınlar onun boynuna ki,  sənin rəbərliyin altında bu torpaqlar gedib.


Bu çıxışı da onu göstərir ki, Dağlıq Qarabağda və cəbhə bölgəsində  gərginlik müəyyən şəkildə çoxalacaq”. 


Ş.Ramaldanovun sözlərinə görə təmas xəttində gərginlik artacaq:


“Döyük fəaliyyətidir. Birinci şəhid deyil veririk və  təəssüflər olsun ki,  bu vəziyyətdə sonuncu da olmayacaq. Ona görə ki, Ermənistan tərəfi daim təxribatlara əl atır.  Bir ara təmas xəttində erməni snayperləri fəal işləyirdilər. Sonra bu məsələ qaldırıldı, müəyyən  şəkildə bu snayperlər aralandı. Hətta  biz tərəfdən də snayperlər işləyirdilər. Cəbhə bölgəsində snayper müharibəsi gedirdi. Danışıqlardan sonra bu məsələ nəzarət altına alındı. Bundan sonra itkilər azaldı. 


Bizim şəhidimiz olanda cəbhədə hərbçilərimiz bunu çox həssas qəbul edirlər. Qisas almaq üçün bütün cəbhəboyu tədbirlər görülür. Ancaq yenə deyirəm bu bizi sığortalamır, çünki müharibə şəraitindəyik. Nə  vaxt ki, biz torpaqlarımızı tam azad edəcəyik, antiterror  əməliyyatı keçirib  düşməni darmadağın edib bizim torpaqlardan qovacağıq və sərhədimizi bərpa edəcəyik onda bəlkə nəsə gözləmək olar”.  


Ş.Ramadanov qeyd edib ki, zabitimizi itirəndən sonra cəbhə bölgəsində gərginlik daha da artıb:


“Bu məsələlər  bir az gərginləşir. Çünki zabitimiz şəhid olandan sonra o tərəfdən də itkilər olub. Gərginlik çoxalan dövrdü. Sadəcə yerlərdə döyüş fəaliyyətini yerinə yetirərkən daha ciddi olmaq, təhlükəsizlik tədbirlərinə riayət etmək  lazımdır. Düşünürəm ki, düşmən tərəfdən snayperlər fəaliyyətə başlayıblar. Bu şəraitdə lazımi tədbirlər  görüləcək, müəyyən tapşırıqlar verilib. 


Şəhid olanda bəzən sosial şəbəkələrdə  elə qəbul edirlər ki, elə bil sülh şəraitində  yaşayırıq. Şəhid  sanki qonşu dövlətlə sərhəddədir. Biz düşmənlə üzbəüzük. Düşmən axtarışdadır, təxribata əl atır. Amma çoxsaylı təxribatların qarşısı da alınır.


Ancaq Ermənistanda olan gərginlik fonunda təmas xəttində də gərginlik artmaqdadır. Baxaq , hansı qərarlar qəbul ediləcək. Bəzən deyəndə ki, şəhidin qanı yerdə qalmayacaq  yersiz rəylər bildirilir. Əsas odur ki, əsgərlərimiz cəbhə bölgəsində tapşırııqlarını yerinə yetirirlər. Şəhid zirvəsinə qalxan əsgərimiz də onu göstərir ki, onlar döyüş fəaliyyətindədir, yəni onlar hər an döyüşdədirlər. Onların həyatı təhlükəylə üz-üzədir. Buna baxmayaraq, bəzən onlar canı bahasına tapşırıqlarını layiqincə yerinə yetirirlər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top