Daha iki çimərliyin istifadəsinə qadağa qoyuldu

SOSİAL 07 iyn 2019, 18:10

Builki çimərlik mövsümünə hazırlıq məqsədilə Bakı, Abşeron və Sumqayıtda dəniz suyunun müayinəsi başa çatıb, sahilyanı zonalarda isə nəzarət tədbirləri davam etdirilir.

 

Bu barədə Demokrat.Az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

 

Kazımovun sözlərinə görə, builki mövsümdə Hövsan və Türkan çimərliklərindən istifadəyə qadağa qoyulub. Çünki hər iki ərazidə çirklənmə səviyyəsi yüksək olub. “2010-cu ildən Qaradağ rayonundakı Sahil çimərliyi və Səbail rayonundakı Şıx çimərliyi istifadəyə yararsız elan olunub, çünki həmin ərazilərdə dəfələrlə aparılan monitorinqlərin nəticələrinə görə bağırsaq çöpləri aşkar edilib. Ərazidə təmizləyici qurğu olmadığından çirkab dənizə axıdılır. Bundan əlavə, Sumqayıt çimərliyi də yararsızdır”, - şöbə müdiri deyib.

 

“Duzlu göl” də yararsız çimərliklərin siyahısındadır, bu il aparılmış müayinələrdə göl suyunda yenə də çirklənmə qeydə alınıb. Baxmayaraq ki, yüzlərlə sakin şəfa tapmaq istəyi ilə gölə üz tutur.

 

Kazımov deyir ki, istifadəyə yararsız çimərliklərlə bağlı rayon icra hakimiyyətlərinə, polis bölmələrinə, eləcə də bələdiyyələrə məlumat verilir, müvafiq icra orqanı tərəfindən çimərlik ərazisində bununla bağlı elanlar vurulur. Amma bütün tədbirlərə baxmayaraq hələ də həmin ərazilərdə çimənlər məsuliyyəti özləri danışırlar.

 

Bəllidir ki, yalnız dəniz suyu ilə məsələ bitmir, sahilyani zonalarda zibil qutuları azlıq edir, tullantılar vaxtlı-vaxtında daşınmır, ətraf zibilliklə əhatələnir. Bu da müxtəlif yoluxucu xəstəliklərə tutulma risqi daşıyır. Kazımov deyir ki, qanuni icazəsi olan çimərliklərdə icra orqanlarının tələbi ilə abadlıq işlərinə başlanılıb, mərkəz isə həmin ərazilərə nəzarət tədbirləri həyata keçirir. Abadlıq işləri mövsüm başlayanadək tamamlanacaq. Çimərlik mövsümü iyunun 15-dən açıq elan edilir.

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top