Eldar Əzizov kitab satışını qadağan etdi — Yarmarkaların keçirilməsinə icazə verilmir

SOSİAL 07 iyn 2019, 16:26

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov kitab yarmarkalarının keçirilməsinə qadağa qoyub. 


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xudaoğlu "facebook" hesabında paylaşıb. 


Onun sözlərinə görə, yeni qərara görə artıq şəhərdə kitab yarmarkaları keçirilməyəcək. Eldar Əzizov bununla bağlı icra hakimiyyətinin əməkdaşlarına göstəriş də verib. 


Həmin statusu təqdim edirik:


"Gənclik metrosunun yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi. 


Hökumət Evinin yaxınlığında, Kitab Evinin qarşısındakı kitab bazarını da yəqin, xatırlayarsız. Bu yaxınlarda avropalı birinin Bakı ilə bağlı xatirələrində o kitab bazarından böyük həvəslə bəhs etmişdi. İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər.


Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı.


Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. "Əlyazmalar yanmır deyirlər, amma "kitablar unudulur”, lazım gələndə hətta "yandırılır” - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.


...Bu il isə OLMAZ! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir.


Əksinə olmalı deyilmi? Və əslində, biz də əksini gözləyirdik. 


Parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapmışıq, nə qədər kitab dostu qazanmışıq. Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir?


Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir...".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top